Arıçı fermer Asim Quliyev: “Sərgi-satış yarmarkalarının ildə bir dəfə keçirilməsi azdır”
Baxılıb: 766 Tarix: 05-11-2022 11:12
2021-2022-ci təsərrüfat ilində işğaldan azad olunmuş ərazilərin yaya otlaqlarına, əsasən də Kəlbəcər və Laçın rayonlarının yayalaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçü təmin edilib. Köçün təşkili ilə əlaqədar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin bazasında xüsusi köş portalı yaradılıb, bu portal digər dövlət qurumlarının müvafiq elektron bazalarına inteqrasiya edilib, təsərrüfatların yaylaqlara qaldırılması ilə bağlı kriteriyalar müəyyənləşib. Öz təsərrüfatlarını yaylaqlara aparmaq istəyən fermerlərə ANAMA-nın Göygöldə yerləşən Təlim Mərkəzində azad olunmuş ərazilərdə davranış qaydaları ilə bağlı təlimlər keçirilib. Mövsüm dövründə azad olunmuş ərazilərdəki yaylaqlara 330 minə yaxın xırdabuynuzlu heyvanın və 61 mindən çox arı ailəsinin köçü həyata keçirilib. Nazirliyin səyyar baytarlıq briqadaları yaylaqlardakı təsərrüfatlarda mütəmadi monitorinqlər keçirib, zərurət yaranan hallarda heyvanlara müvafiq baytarlıq xidmətləri göstəriblər. Bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 3-də “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt modeli” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O, qeyd edib ki, nazirlik işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini Prezident tərəfindən elan edilmiş "yaşıl enerji" zonası prinsipləri əsasında həyata keçirir.
İşğaldan azad edilmiş rayonlarda, xüsusilə də Kəlbəcər və Laçında arıçılığın inkişafı üçün böyük potensialın mövcudluğunu ölkəmizin başqa bölgələrində fəaliyyət göstərən arıçı fermerlər də təsdiqləyirlər. 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Qanun və Hədəf” qəzetinin və eyni adlı saytın tribunasından xalqımıza təbrik nidalarını çatdıran Masallı rayonunun Ərkivan qəsəbəsi sakini Asim İntiqam oğlu Quliyev hökumətin işğaldan azad edilmiş bölgələrdə apardığı, bitki örtüyü ehtiyatlarının arıçılığın inkişafı baxımından dəyərləndirilməsi işini təqdir etmişdir: “Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət və Heyvandarlığın təşkili və monitorinqi şöbələri yaylaq mövsümü dövründə Kəlbəcər və Laçın ərazisinə köçürülmüş arıçılıq təsərrüfatlarının fəaliyyəti, vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitorinq aparır. Arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib. Bu il pilot layihə çərçivəsində işğaldan azad edilmiş Kəlbəcər və Laçın yaylaqlarına ümumilikdə 4 mindən çox arı ailəsinin köçürülməsi təmin edilib”.
Məlumat üçün qeyd edək ki, Asim Quliyev “Obal” arıçılıq məkanında 8 hektar ərazidə 250-yə yaxın arı ailəsi bəsləyir. Özü də arıları yemləməkdə yonca, biyandan daha çox çiçəklərə üstünlük verir. Eyni zamanda sitrus meyvələri becərən, quşçuluq (müxtəlif növ toyuq, hind quşu, qaz, ördək), balıqçılıq təsərrüfatları da saxlayan Asim bəy daha prioritet hesab etdiyi arı təsərrüfatını genişləndirmək, bəslədiyi arı ailələrinin sayını artırmaq, məhsuldarlığı yüksəltmək, gələcəkdə nəinki yerli yarmarkalara, həm də xarici bazara məhsul çıxarmaq, arıçılıq təsərrüfatını aqroturizm məkanına çevirmək arzusundadır. Asim Quliyev təsərrüfat fəaliyyətini təkcə Masallıda həyata keçirməklə kifayətlənmir, bu il arıları digər rayonlarla yanaşı, Lerikə də aparıb. Asim Quliyev yarmarkaların sayının artırılmasını istəyir: “Məhsulumuz bu il bol oldu. Böyük çənlərin hamısı doldu. Satışımızı əsasən Bakıda təşkil olunan yarmarkada aparırıq. Amma yarmarkanın ildə bir dəfə olması azdır. Arzu edirik ki, başqa rayonlarda da sərgi-satış yarmarkaları keçirilsin. Son illər arıçıların da sayı artıb, məhsuldarlıq da”.
Xatırladaq ki, Asim Quliyev Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsi çərçivəsində 27 yanvar 2022-ci il tarixində Bakı şəhərində keçirilən “Aqrar-turizm İnvestisiya Forumu”nda iştirak edib, kənd təsərrüfatı və turizmi yeni məhsul və xidmətlərdə birləşdirərək Azərbaycanın cənub bölgələrindəki kənd təsərrüfatlarına gəlirlərini artırmağa imkan yaradan davamlı, təkrarlana bilən inkişaf mexanizmləri barədə fikirlərini forum iştirakçıları ilə bölüşüb. Həmçinin eyni “AgriVision” layihəsi çərçivəsində keçən ilin iyul ayının 5-10-da qardaş Türkiyənin İzmir şəhərində keçirilən təhsil turunda Lənkəran iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin sahiblərindən biri kimi ölkəmizi təmsil etmiş Asim Quliyev orada 7-yə yaxın təsərrüfatda qonaq olmuş, yerli iş adamları, fermerlərlə fikir və təcrübə mübadilələri aparmışdır. Gənc sahibkar qonşu Gürcüstanın Batumi şəhərində “EXPO BATUMI TRAVEL beynəlxalq turizm sərgisində də Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində iştirak edib və qonaq olduğu Acarıstanın turizm potensialı ilə tanış olaraq xeyli təcrübə əxz edib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər