Ekspert İntiqam Məmmədov: “Mühafizəçi işi fədakarlıq, deyərdim ki, samuray təfəkkürünə malik olmağı tələb edir”
Baxılıb: 993 Tarix: 03-10-2025 11:25

Mühafizəçi işi müasir cəmiyyətin təhlükəsizlik sisteminin ən vacib bəndlərindən biri kimi formalaşıb və gündəlik həyatımızda vacib yer tutur. Bu peşənin kökləri insan cəmiyyətinin formalaşdığı ilk dövrlərə qədər uzanır. Tarix boyu fərdlər, ailələr, icmalar və dövlətlər özlərini qorumaq üçün mühafizə və təhlükəsizlik instinktindən çıxış ediblər. İndiki dövrdə isə mühafizəçi peşəsi xüsusi standartlara, təlimlərə, texnologiyalara və hüquqi tənzimləmələrə əsaslanan, peşəkarlıq tələb edən sahədir.
Haqqında söz açdığımız mühafizə işi üzrə ekspert Məmmədov İntiqam Qurban oğlu 28 aprel 1986-cı ildə Türkmənistan Respublikasında azərbaycanlı ailəsində dünyaya gəlib. 1993-cü ildə Məmmədovlar ailəsi doğma Vətənə dönüblər.
Təhsili:
2004-cü ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Beynəlxalq Universitetinə (ABU) daxil olub və 2008-ci ildə ABU-nu “Hüquqşünaslıq” ixtisası üzrə başa vurub. 2010-2015-ci illərdə Rusiya Federasiyası Sıktıvkar Dövlət Universitetində hüquqşünaslıq üzrə ikinci ali təhsil alıb. Avropa Birliyi – Türkiyə Cümhuriyyəti tərəfindən təsis edilən “Bilge-İş” Hüquq tədrisi mövzusu üzrə Orta Doğu Texnik Universiteti (O.D.T.U) tərəfindən Hüquq üzrə 2-ci dərəcəli sertifikat sahibidir. Azərbaycan dilindən əlavə, türk, türkmən, rus dillərini bilir.
Hərbi xidməti:
Hərbi mükəlləfiyyətlidir. Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Dəstəsində xidmət edib.
İdman və peşə bacarıqları üzrə üzrə nailiyyətləri:
Azərbaycan Respublikası Kontakt-Karate Federasiyası tərəfindən 1-ci dan qara kəmər sahibidir. Kontakt-Karate Federasiyasının təşkil etdiyi Respublika çempionatında 1-ci yerə layiq görülüb.
Azərbaycan Respublikası Əlbəyaxa Döyüş Klubu üzrə də birincilik qazanmış idmançıdır. Əlbəyaxa Döyüş üzrə məşqçilik və hakimlik hüququna malikdir.
Azərbaycan Respublikası Əlbəyaxa Döyüş Nümayəndəliyi gənclərdən ibarət yığma komandasının baş məşqçisidir.
BF PRO GROUP-un təşkil etdiyi İ DID İT mükafatlandırma tədbirində iştirak edib. 20 sentyabr 2024-cü il tarixdə ölkədə ilk dəfə keçirilən İ DİD İT Avards Event mükafatının qalibi olub.
29 sentyabr 2024-cü ildə ölkədə keçirilən “Nömrə 1 Avards” mükafatına layiq görülüb.
21 Dekabr 2024-cü il tarixdə keçirilən “Brend of Azerbaijan Avards” (Azərbaycan Brendi) mükafatına layiq görülüb. Bu mükafat 2024-cü və 2025-ci il də daxil olmaqla ixtisası, peşəsi, sahəsi üzrə fərqlənən, dsayılıb-seçilən şəxslərə təqdim olunur.
Azərbaycan Respublikası “Odlar Yurdu” Universiteti nəzdində U.C.Carrier Akademiyası tərəfindən Cangüdən və Şəxsi Cangüdənlik sahəsi üzrə VİP yaxın mühafizə - qoruma təlimi üzrə Xüsusi Sertifikat sahibidir.
Əmək fəaliyyəti:
Tale elə gətirib ki, genetik olaraq daşıdığı özəlliklər, yüksək fiziki göstəriciləri, uşaqlıqdan idmana meyli İntiqam Məmmədovda mühafizəçi işinə maraq yaradıb. 2007-ci ildə Mühafizəçi kimi işə başladığı Qeyri-Dövlət (Özəl) Mühafizə Müəssisəsi və Hüquqi şəxsin mühafizə bölməsi üzrə bir sıra təlim, seminarlarda və kurslarda iştirak edib. Peşəsi mühafizəçi-cangüdəndir. Beynəlxalq dərəcəli mühafizə və cangüdənlik üzrə sertifikat sahibidir. Mühafizə müəssələrində mühafizəçi, baş mühafizəçi, növbə rəisi, bölmə rəisi, əməliyyatçi, xidmət rəisi vəzifələrində çalışıb. Hüquqi şəxsin Mühafizə Bölməsində Daxili təhlükəsizlik xidmətinin rəisi işləyib.
Hal-hazırda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə İdarəsinin Xüsusi Mühafizə Dəstəsinin əməkdaşıdır, 2-ci dərəcəli daxili xidmət baş leytenantı rütbəsini daşıyır. Eyni zamanda mühafizə xidməti üzrə ekspertdir, Qeyri-Dövlət (Özəl) Mühafizə Müəssisəsi Hüquqi şəxsin Mühafizə bölməsi üzrə təlimçi-mentor kimi fəaliyyət göstərir. Bir çox təlim-tədris, peşə tədrisi mərkəzlərində, kurslarda mühafizə xidməti üzrə təlimçilik (Mühafizə xidməti üzrə ilkin anlayış; Mühafizə xidmətinin əsasları; Mühafizə xidməti haqqında ümumi məlumat; İnkassasiya xidməti haqqında ilkin anlayış; İnkassasiya-Mühafizə xidmətinin əsasları; İnkassasiya-Mühafizə xidməti (mühafizəçi-inkassator) haqqında ümumi məlumat və s.) edib. Şəxsi və sifarişli cangüdənlik fəaliyyəti təcrübəsi var.
Ailə vəziyyəti:
Ailəlidir, 2 övladi var.
Gənclərə tövsiyəsi:
İntiqam Məmmədov Azərbaycan gənclərinə sağlam həyat tərzi keçirməyi, idmanla məşğul olmağı, zərərli vərdişlərdən, xüsusən də narkomaniyadan uzaq olmağı tövsiyə edir. Bu qənaəti bölüşür ki, sağlam bədəndə sağlam ruh olar. Onun sözlərinə görə, cəmiyyətdə nədənsə belə bir stereotip formalaşıb ki, idmanla məşğul olan uşaq və yeniyetmələrdə orta məktəbdə tədris edilən digər fənlərə maraq az olur. Amma hesab edir ki, bu fikir yanlışdır, idmanla və təhsil bir-birinə mane olan deyil, əksinə, düzgün uzlaşdırılanda bir-birinə kömək edən dəyərlərdir. Çünki diqqətəlayiq idman nailiyyətləri olan çoxlu sayda nümunəvi şagird və tələbələr göstərmək olar ki, dərslərində də müvəffəqiyyətlərə imza atır, imtahanlarda yüksək bal toplayaraq ölkəmizin müxtəlif ali məktəblərində oxuyurlar. Hazırda dövət orqanlarında, hökumət strukturlarında məsul vəzifələrdə çalışan, elmi müəssisələrdə tədqiqatlarla məşğul olan tərəqqipərvər ziyalılarımız vardır ki, idmançı tarixçələri vardır.
İntiqam müəllim Vətən müharibəsi Şəhidlərinin cənnətməklan ruhlarını ehtiramla yad edir, qazilərimizə şəfa diləyir. Deyir ki, idmanla ciddi məşğul olan gənclərin məşqlərdə qazandıqları dözüm, intizam hərbi xidmətdə də kara gəlir. Şəhid və qazilərimizin sırasında çoxlu sayda idmançılar, o cümlədən mülki peşələri mühafizəçi olanlar olub. İdman və hərbi təlimləri əla mənimsəmiş xüsusi təyinatlı Şuşa fatehlərinin göstərdikləri qəhrəmanlıq indi bütün dünyada hərbçilik dərslərində öyrənilir.
Ekspert qeyd edir ki, idmanla məşğul olmaq insana idmançı, məşqçi karyerası qazandırmaya da bilər. Amma əsas və ya ikinci peşə kimi güc strukturlarında xidmət etmək, mühafizəçi işləmək perspektivi vəd edir. Onun sözlərinə görə, mühafizəçi peşəsi çox qədim tarixə malikdir. Bu peşə təkcə fiziki hazırlıq deyil, həm də fədakarlıq tələb edir. Çünki mühafizəçi ona bəslənən etimadı doğrultmaq üçün vəzifələri sırasında göstərilən instruktaja əməl etməsi yetərli olmayacağı halda təhlükənin gözünün içinə dik baxmağı, hətta həyatı ilə riskə getməyə hazır olmalı, deyərdim ki, bir növ samuray təfəkkürünə malik olmalıdır. Mühafizəçi oğurluq, yanğın, təbii fəlakət, kütləvi iğtişaş, təcili tibbi vəziyyət, partlayış və digər fövqəladə hallarda operativ reaksiya verməlidir. Peşəkar təlim və praktiki hazırlıq bu halların öhdəsindən gəlmək üçün vacibdir. Mühafizəçi dedikdə, fərdi və ya kollektiv mülkiyyəti, insan həyatını, ictimai və xüsusi obyektləri, sənaye müəssisələrini, maliyyə qurumlarını, ictimai nəqliyyatı, inzibati binaları, ticarət və əyləncə mərkəzlərini, eləcə də şəxsi və dövlət əmlakını qoruyan, təhlükəsizlik rejimini təmin edən şəxs başa düşülür. Mühafizəçi yalnız fiziki güc və çeviklik deyil, həm də hüquqi bilik, psixoloji dayanıqlılıq, operativ düşüncə və kommunikasiya bacarıqları tələb edən peşəkar işçidir. Bu sahə insanlardan yüksək diqqət, məsuliyyət, intizam, etik davranış və stresə davamlılıq tələb edir.
Hazırda mühafizəçilik peşəsi üzrə spesifik kitab üzərində çalışan İntiqam Məmmədov öz çoxillik təcrübəsini bu peşəni seçən gənclərlə bölüşməyə hazır olduğunu bildirir.
“Qanun və Hədəf”


Ən çox oxunanlar
Son xəbərlər