AMB sədrindən istehlak kreditləri ilə bağlı mühüm qərar

Azərbaycanda banklar və bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə olunması qaydalarına dəyişiklik edilib.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qərar imzalayıb.
Qərara əsasən, banklar və BOKT-lar müştərinin yazılı müraciəti ilə ona istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə bütün satış kanalları vasitəsilə məhdudiyyət qoymaq imkanı yaratmalıdır. Müvafiq məhdudiyyət həmin müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla bilər.
Banklar və BOKT-lar istehlak kreditinin verilməsi zamanı kredit müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə borcalanın tətbiq etdiyi məhdudiyyətin olmamasını öz informasiya sistemi vasitəsi ilə müəyyən etdikdə, məhdudiyyətin olub-olmamasını kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı və nəzərə almalıdır. İstehlak krediti üzrə müvafiq məhdudiyyətin mövcud olduğu şəxslə istehlak krediti müqaviləsinin məsafədən bağlanmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə yol verilməyəcək.
Qaydalara əsasən, məhdudiyyəti tətbiq etmiş şəxsdən istehlak krediti müqaviləsinin məsafədən bağlanması və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsi üçün müraciət aldıqda, bu barədə müştərini mobil tətbiq və ya SMS məlumatlandırma vasitəsi ilə dərhal məlumatlandırılacaq.
Məsafədən istehlak krediti müqaviləsinin bağlanması və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsi zamanı müraciət edən şəxs əvvəlcədən məlumatlandırılmaqla vəsaitlər aşağıdakı müddətlərdə veriləcək.
Belə ki, gün ərzində verilən və ya artırılan vəsaitin məbləği minimum əmək haqqının iki mislinədək olduqda, vəsait müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 2 saat sonra təqdim olunacaq. Məbləğ minimum əmək haqqının iki mislindən çox olduqda isə vəsait 24 saat sonra veriləcək.
Eyni zamanda, qaydalara əsasən, istehlak krediti müqaviləsinə kreditin verildiyi və ya kredit limitinin artırıldığı halda borclunun verilmiş (artırılmış) kredit üzrə öhdəlikdən azad edilməsi ilə bağlı müddəa daxil edilməlidir. Məsafədən rəsmiləşdirildiyi halda istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə dair borcalanın tətbiq etdiyi məhdudiyyətin olub-olmaması barədə məlumat da daxil ediləcək.
Qeyd edək ki, qərar bu il oktyabrın 1-dən qüvvəyə minəcək.
Qanunvehedef.az



















