Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Kvas içənlər, ehtiyatlı olun, təhlükə var! -ARAŞDIRMA

Baxılıb: 1 019     Tarix: 03-07-2019 12:30   

Havaların isinməsi ilə əlaqədar insanların sərin içkilərə tələbatı da artıb. Kvaslar isə bu mövsümün ən çox alınan içkilərindəndir. Amma satışa çıxarılan bu içki növü ilə bağlı vəziyyət heç də ürəkaçan deyil.
Belə ki, şəhərdə əksər kvas çəlləklərinin üzərində stəkanların yuyulmamış, natəmiz vəziyyətdə satıldığının şahidi oluruq.
Adının çəkilməsini istəməyən satıcılardan biri News24.az-a bildirib ki, artıq neçə ildir kvas satışı ilə məşğuldur, amma indiyədək bununla bağlı şikayət eşitməyib: "Sovetlərin dövründə hamı eyni stəkandan istifadə edirdi, heç kim də xəstələnmirdi. İndi də hər kəs gəlib alır, heç kim də şikayət etmir".
Sovet dövründə bu qədər xəstəlik yox idi…
Tibb elmləri doktoru, həkim Adil Qeybulla isə bunun tam əksini söyləyir. Həkimin sözlərinə görə, kvasın yayda bu şəkildə satışı təhlükə mənbəyidir: "Gigiyenik qaydaların saxlanması məsələsi olduqca vacibdir. Müxtəlif xəstəliklər məhz ağız suyu ilə keçir. Kvasa nə qatılır, onu da bilmirlər, ona görə insanların onu alması məsləhət görülmür. Bəli, sovet dövründə insanlar eyni stəkanlardan içirdi, amma o zaman bu qədər xəstəlik yox idi. İndi "virus əsri"dir, insanlar tez-tez xəstələnirlər, üstəlik, bu virusların hardan yayıldığı da heç bilinmir. Sovet vaxtı birdəfəlik şprislər də yox idi, birini bir neçə dəfə işlədirdilər. Amma sonradan gördülər ki, infeksiya keçir, birdəfəlik şprislərə keçdilər. Bugünki gigiyenannın tələbləri başqadır. Sovet dövrü ilə bunu müqayisə etmək doğru deyil".
Suların səyyar satışı qadağan olunmalıdır!
Həkim qeyd edir ki, suların səyyar şəkildə gün altında satışı qadağan olmalıdır: "İstər su, istər başqa içkilər soyuducularda qablaşdırılmış şəkildə satıla bilər. Başqa isti ölkələrdə də belə içkilər qablaşdırılmış şəkildə soyuducudan çıxarılıb insanlara verilir. Plastik qablarda olan suların günəş şüası altında qalması, yaxud, açıq şəkildə süzülüb satılması, əslində qadağan olunmalıdır. Bu, qida təhlükəsiziliyi baxımdan yolverilməzdir. İnsanlar gərək bu sulardan imtina etsinlər. Əslində ən böyük problem buna tələbatın olmasıdır. Tələbatdan da sui-istifadələr var. Müvafiq strukturlar buna nəzarət etməlidirlər. Amma təəssüflər olsun ki, yerlərdə koorporativ maraqlar var, bu işə göz yumurlar. Öz işlərini həyata keçirirlər. Yaxşı olar ki, belə sular müvafiq köşklərdə, kafelərdə, xırda marketlərdə satılsın".
Məsələylə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov News24.az-ın sualına cavab olaraq bildirib ki, qida sektorunun istənilən zəncirində iştirak edən şəxslər Qida Təhlükəsizliyi Agentliyində (AQTA) reyestrdən keçməlidir. Reyestrə daxil olan subyektlər mütləq AQTA-nın müəyyən tövsiyyə şərtlərinə əməl etməlidirlər: "Əlbəttə, bu cür necə gəldi, harda gəldi anti-sanitar şəkildə eyni stəkandan istifadə, sovet vaxtından qalmış üsullarla suların satışı əhalinin müxtəlif yolxucu xəstəliklərə tutulmasına səbəb ola bilər. Kvasın saxlanma müddəti, buraxılma tarixi, yararlılıq müddəti bəzən boçkaların üstündə yazılmır. Bunlar hamısı köhnə, keyfiyyətsiz məhsulların insanlara verilməsi ilə nəticələnir. İstehlakçının hüququ var ki, kvasın buraxılma tarixini və yararlıq müddətini öyrənsin. Bu cür anti-sanitar şəraitdə satışın əleyhinəyik. Kvas qıcqırılmış xəmirdən hazırlanır və içərisinə bunun üçün xüsusi maddələr əlavə edilir. Belə bir fikir də bildirilir ki, kvası sərin saxlamaq üçün içərisinə qurbağa atılır. Bu fikir tamamilə yalnışdır. Lakin əhalinin kvas çəlləklərinin natəmiz saxlanılması, içərisində qurdların olması ilə bağlı dəfələrlə çoxsaylı şikayətlər daxil olub. O baxımdan insanlar diqqətli olmalıdırlar".
Mövzu ilə əlaqədar AQTA İnformasiya təminatı və innovativ həllər şöbəsindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, kiçik ticarət obyektinin yerləşəcəyi məkan seçilərkən müvafiq yerli dövlət orqanları ilə razılaşdırılmalı və qanunvericiliyin tələblərinə uyğun şəkildə öz fəaliyyətlərini həyata keçirməlidirlər. Alkoqolsuz içkilərin, şirələrin və yaxud kvas məhsulunun satıcısı (sahibkarlar) ticarət qaydalarına, sanitariya norma və qaydalarına, kvasın istehsal şəraitinə və saxlanma tələblərinə əməl edilməsinə cavabdehdir. Sahibkar ticarət müəssisəsini və radius boyunca 5 metr məsafədə ətraf ərazini təmiz saxlamalıdır. Şüşə yuyucusu, şüşənin kənarı və içərisinin eyni anda yuyulmasını, eləcə də suyun təzyiq altında vurulmasını təmin etməlidir. Bu cür ticarət obyekti aşağıdakılarla təmin olunmalıdır:
-Zəruri texniki avadanlıqlar; 
- Günəşdən müdafiə çətirləri;
- Polietilen içliklə təchiz olunmuş zibil qutuları; 
- Birdəfəlik qablar və ya şüşə qablar;
- Satıcılar üçün oturacaqlar.
İzotermik çənlərdən içkilərin süzülərək satışının həyata keçirilməsi zamanı "Spirtsiz içki, kvas və pivələrin satışı üçün nəzərdə tutulmuş izotermik çənlərlə xidmətə dair Təlimat" Qaydalarına əməl etmək lazımdır.
İçkilərin süzülərək satılması üçün izotermik çənləri olan hər bir ticarət məntəqəsində yuyulma tarixi, dezinfeksiya tarixi, tətbiq olunan dezinfeksiyaedici məhlulun adı, dezinfeksiyanı həyata keçirən şəxsin adı, soyadı, həmçinin mövcud texnoloji təlimata əsasən çənlərin yuyulma və dezinfeksiya rejiminə aid olan məlumatlar istifadə olunmalıdır. Satış məntəqəsində quraşdırılmış izotermik çənlərin dezinfeksiyası üzrə cədvəl 10 gündə 1 dəfədən az olmayaraq dezinfeksiyanın dövriliyini əks etdirməlidir.
Satış qaydalarına əsasən, istifadə müddətinə riayət edilməsini təsdiq edən müşayiətedici sənədlər də daxil olmaqla, istehlakçının ilk tələbindən satıcı məhsulun keyfiyyət və təhlükəsizliyi ilə bağlı istehlakçını maraqlandıran məlumatla onu tanış etməlidir.
Kvasın satışını həyata keçirən satıcıların tibbi müayinədən keçməsini təsdiq edən sənəd olmalıdır. Əgər vətəndaşların satış müəssisələrində satılan kvas içkisinin təhlükəsizliyi ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 "Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər.шаблоны для dle 11.2



Ən çox oxunanlar