Prezident Azadlıq meydanında: hərbi parad başladı - Canlı
Baxılıb: 518 Tarix: 26-06-2018 10:00
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilir.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxırlar.
Azadlıq meydanına toplaşanlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi sürəkli alqışlarla qarşılayıblar.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev hərbi paradda iştirak edən şəxsi heyəti salamlayıb.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycan Respublikasının dövlət himnini ifa edib.
Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda nitq söyləyib.
Qeyd edək ki, hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edir.
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunur.
Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edir.
Ən çox oxunanlar
Son xəbərlər