Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Tofiq Salmanov: “Cümhuriyyət dövrü musiqimizin ən əlamətdar hadisəsi dövlət himninin yaradılması idi”

Baxılıb: 690     Tarix: 26-05-2022 11:06   
 
Dövlətçilik tariximizdə mühüm yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaranmasının 104 ili tamam olur. Nəinki ölkəmiz və xalqımız, hətta müsəlman Şərqi adına bir sıra yeniliklərlə tarixdə iz qoyan ilk demokratik respublikamız çox mürəkkəb ictimai-siyasi vəziyyətdə fəaliyyət göstərib.
Daxili sabitlik və əmin-amanlığın tam bərpa olunmadığı bir şəraitdə cəmi 23 ay ömür sürən Xalq Cümhuriyyəti tərəfindən cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, mədəniyyətin inkişafı istiqamətində də təqdirəlayiq işlərə imza atılıb.   Həmin dövrdə musiqi, teatr, mədəni-maarif işi və digər sahələrin tərəqqisi üçün münbit şəraitin yaradılmasına diqqət göstərilib. Sözsüz ki, Cümhuriyyətin yaradılması milli-demokratik ruhlu ədib və ziyalıların, musiqi xadimlərinin qəlbini fərəhlə doldurmuş, onların yaradıcılıq eşqini daha da alovlandırmışdı.
28 May – Müstəqillik Günü ərəfəsində bu mövzuda danışmağı Səid Rustəmov adına 13 nomrəli uşaq musiqi məktəbinin direktoru Tofiq Salmanovdan xahiş etdik. Təklifimizi məmnuniyyətlə qəbul etdik.
Dediklərindən:
- Dahi bəstəkar Üzeyir Hacıbəylinin (1885-1948) zəngin ictimai-mədəni fəaliyyətinin mühüm bir mərhələsini Xalq Cümhuriyyəti dövrü təşkil edir. Milli istiqlal məfkurəsinin möhkəmləndirilməsində mühüm rol oynayan Üzeyir bəy, Cümhuriyyət dövründə əsasən mətbuat sahəsində fəaliyyət göstərsə də, musiqi yaradıcılığını da davam etdirib. Bəstəkar 1919-cu ildə “Dağıstan” (“Qaytağı”), tərəkəməsayağı “Azərbaycan” adlı xoreoqrafik əsərlərini bəstələmişdi. Onu da qeyd edək ki, “Azərbaycan” əsəri professional milli balet musiqimizin ilk nümunəsi sayıla bilər. O dövrün mətbuatından məlum olur ki, həmin xoreoqrafik əsər səhnə üçün də hazırlanıb. Ü.Hacıbəyli teatrın, o cümlədən, musiqili teatrın xalqın maariflənməsində, bədii zövqünün inkişafında oynadığı böyük rolu nəzərə alır, bu barədə fikirlərini mətbuatda da açıqlayırdı.
Milli musiqi janrlarının yaranması yolunda Üzeyir bəylə çiyin-çiyinə çalışan böyük sənətkarlardan biri də Müslüm Maqomayev (1885-1937) idi. Teatr fəaliyyətinə orkestrin skripkaçısı kimi başlayan M.Maqomayev tezliklə orkestrin dirijoru olmuş və Azərbaycan opera sənətinin daha bir klassik əsərini – “Şah İsmayıl” operasını yaratmışdı. 1916-cı ildə yazılmış bu opera 1919-cu ildə, Cümhuriyyət dövründə ilk dəfə səhnəyə qoyulub.
Cümhuriyyət illərində ölkəmizin musiqi-konsert həyatı da getdikcə canlanırdı. Bir çox görkəmli musiqiçilər Bakıya qastrol səfərlərinə gəlir, xarici və yerli aktyorların iştirakı ilə rus və italyan bəstəkarlarının operaları tamaşaya qoyulur, simfonik konsertlər verilirdi.
1918-ci ilin sonlarında Bakıda təşkil olunan “Türk gecələri” konsertlərində türk xalqlarının musiqisinə və ədəbiyyatına geniş yer verilir, “Azərbaycanın müstəqilliyi”, “Türk qadınının dünyası”, “Türk tipləri”, “Milli birlik” və s. tamaşalar göstərilirdi. Bu konsertləri dinləməyə hökumət üzvləri və digər siyasi xadimlər də gəlirdilər.
Görkəmli sənətkarlar Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Cahangir Zeynalov, Sidqi Ruhulla, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyli və başqaları müxtəlif teatr-konsert tamaşaları təşkil edirdilər.
Xalq içərisindən çıxmış, öz gözəl səsi və sənəti ilə nəinki Azərbaycanda, həmçinin bütün Qafqazda və Yaxın Şərqdə də məşhur olan Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski, Məcid Behbudov və başqaları ölkənin mədəni həyatında, bayramlarda, xeyriyyə konsertlərində və başqa el şənliklərində yaxından iştirak edirdilər.
Bu dövrdə Azərbaycanın musiqi həyatında Koroğlu, Qaçaq Nəbi, Səttarxan haqqında mahnıların xalq arasında yayılması təsadüfi deyildi. Dövrün ümumi əhval-ruhiyyəsi, xalqın fəallığı, milli məfkurə meylləri belə mahnıların özünəməxsus melodiyalarında öz ifadəsini tapırdı.
Cümhuriyyət dövrü musiqimizin ən əlamətdar hadisəsi isə, təbii ki, dövlət himninin yaradılması idi. Üzeyir Hacıbəyli “Azərbaycan marşı”nı (sözləri Əhməd Cavadın) məhz həmin mahnıların təsiri altında yazmış, Cümhuriyyət dövründə xalqının qəlbində baş qaldıran vətənpərvərlik hisslərini, mütərəqqi ideyaları, milli qüruru yüksək sənətkarlıqla ifadə etməyə nail olmuşdu.


Tofiq Salmanov söhbətinin sonunda mayın 24-də  S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirdiyi 28 may Müstəqillik Günü və  “Şuşa ili”nə həsr olunmuş “Müstəqilliyimiz - Zəfərimiz əbədidir” adlı yekun konsert barədə məlumat verdi:- Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim  Əliyev, Musiqi və İncəsənət Sektorunun Mudiri Bətulə Məmmədəliyeva, Musiqi təhsili və incəsənət sektorunun baş məsləhətçisi Mehriban Qurbanova, Bakı şəhər Musiqi Məktəblərinin direktorları, Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi humanitar məsələlər üzrə müdiri Pənah İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Abşeron rayonu Regional Mədəniyyət İdarəsinin Sumqayıt  şəhər üzrə  səlahiyyətli nümayəndəsi İlham Manafov, Abşeron rayon Musiqi Məktəbinin direktorları, Xalq Artisti professor Vamiq Məmmədəliyev, Xalq artistləri professor Ramiz Quliyev, Avtandil İsrafilov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov, Əməkdar artist Əliağa Sədiyev, Vətən müharibəsinin qaziləri Rüstəm Əhmədli və Qərib Tağızadə  iştirak etmişlər. Konsertdə şagirdlər Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət  musiqi nömrələri ilə çıxış etdilər. Tədbir maraqla qarşılandı.
23 aylıq fəaliyyətində təkcə başının üzərində qara buludlar dolaşmayan, həm də daxildə mürtəce, ölkəmizin müstəqilliyini həzm edə bilməyən qüvvələrin min bir təxribatı ilə savaşmalı olan Cümhuriyyətimiz tarixi qürur ünvanımızdır. Bu şanlı səhifələri  yazanları – Cümhuriyyət qurucularını və bu  yolun mücahidlərini hər zaman rəhmətlə anırıq.

Söhbəti yazdı: Mehman Ziyadovшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar