Deputat: İran Azərbaycanla razılığa gəlməlidir
Baxılıb: 609 Tarix: 14-08-2018 13:08
Xəzərlə bağlı Konvensiya asan başa gəlmədi. Xəzərsahili ölkələr təxminən 22 il danışıqlar apardılar. Nəhayət, yekun nəticə qardaş Qazaxıstanda əldə olundu. Xəzərin statusunun müəyyənləşməsi hər Xəzəryanı dövlətin, o cümlədən Azərbaycanın maraqlarına cavab verir.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyev deyib.
O qeyd edib ki, Konvensiyaya görə, hər beş dövlət Xəzər sahilindən 15 mil məsafəyə, həmçinin 10 mil məsafədə balıq tutma hüququna malik olacaq, qalan hissə isə birgə istifadə ediləcək.
Onun sözlərinə görə, ancaq Konvensiyanın imzalanması dibin bölüşdürülməsi məsələsindən ayrı tutulur, dibin bölüşdürülməsi ikitərəfli sazişlər əsasında müəyyənləşdirilir:
"Xəzərin statusunun müəyyənləşdirilməsi qədər dibin bölüşdürülməsi də Azərbaycan üçün vacibdir. Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı Azərbaycanın Qazaxıstan və Rusiya ilə ikitərəfli sazişləri var. Konvensiya imzalanandan sonra Azərbaycan Türkmənistan və İranla da oxşar sazişlər imzalamalıdır.
Vaxtilə İran Xəzərin bərabər hissələrə bölünməsini istəyirdi. Ancaq bu, beynəlxalq dəniz hüququna zidd olduğuna görə Xəzərsahili dövlətlərdən heç biri bu şərti qəbul etmədi. Xəzərin statusu ilə bağlı danışıqların bu qədər uzanması məhz İranın mövqeyi ilə bağlı idi. Nəhayət, İranda anladılar ki, mövqeləri yanlışdır və geri çəkildilər".
Millət vəkili hesab edir ki, İran Xəzərin dibinin beynəlxalq hüquq normalarına görə bölüşdürülməsi məsələsində Azərbaycanla razılığa gəlməlidir:
"ABŞ İrana qarşı sərt sanksiyalar tətbiq edir. ABŞ bu sanksiyaları İranla əməkdaşlıq edən ölkələrə və şirkətlərə qarşı da tətbiq etməyə hazırlaşır. Buna baxmayaraq, Azərbaycan İranla iqtisadi və ticarət əməkdaşlığından imtina etmir, İrana böyük yatırımlarımız var.
Ona görə də İran bunun qarşılığında Xəzərin dibinin bölüşdürülməsi məsələsində dost adlandırdığı Azərbaycanla razılığa gəlməlidir. Xəzərin dibinin bölüşdürülməsi Türkmənistanla da razılaşdırılmalıdır. Qardaş Türkmənistanla problem yaranacağını zənn etmirəm.
Müvafiq saziş imzalandıqdan sonra isə Türkmənistan qazının Azərbaycan üzərindən qardaş Türkiyəyə, oradan da Avropaya daşınması aktuallaşacaq. Bunun üçün Xəzərin dibi ilə boru xətti (Transxəzər) çəkilməlidir.
Qazaxıstanda imzalanan Konvensiya bu məsələnin həllini yoluna qoyur. Boru xəttinin tikintisi bölgə ölkələrinə gəlir gətirməklə yanaşı, Azərbaycanla Türkmənistan və ümumilikdə türk birliyini gücləndirəcək...
Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri kimi tez-tez qardaş Qazaxıstana səfər edirəm.
Qazax rəsmilərlə, deputatlarla və soydaşlarımla çoxsaylı görüşlərdən gəldiyim qənaət budur ki, türk dünyasının aparıcı simaları olan ümummilli liderimiz, mərhum prezident Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin, o cümlədən Nursultan Nazarbayevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın indiki birliyin formalaşmasında misilsiz xidmətləri var.
Türk birliyi yalnız siyasi təmaslar və konfranslar deyil. Türk birliyi həm də bu gün ərsəyə gətirilən və dəyəri on milyardlar dollarlarla ölçülən regional layihələrdir. Bu layihələr birliyimizi daha da möhkəmləndirəcək".
Ən çox oxunanlar
Son xəbərlər