Heydər Əliyev irsi Əbədi mirasımızdır
Baxılıb: 486 Tarix: 14-04-2023 17:50
Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda böyük məna yükü daşıyan fenomendir. Məşhur qırğız yazıçısı Çingiz Aytmatov Ulu Öndər haqqında deyib: “Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır. Zaman-zaman yeniləşən nəsillər bu dahi şəxsiyyətin ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar”. Bu dahi şəxsiyyətin ictimai-siyasi fəaliyyəti barədə yüzlərlə əsərlər yazılmış, monoqrafiyalar dərc edilmişdir. Tam qətiyyətlə demək olar ki, nüfuzu və şöhrəti Azərbaycanın sərhədlərini aşmış bu müdrik siyasətçi və dövlət xadiminin fəaliyyəti, nəsillərə örnək qoyduğu siyasi məktəbi hələ çox-çox illər bundan sonra da yeni araşdırmalar, yeni fikirlər mövzusu olacaqdır.
Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Məhz Heydər Əliyev vasitəsilə Azərbaycan xarici siyasətdə etibarlı tərəfdaşlıq edən, iqtisadi və sosial rifah yolunda qətiyyətlə irəliləyən, Dövlət – Vətəndaş birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrildi.
Azərbaycanın həm siyasi, həm iqtisadi inkişafı yönümündə əvəzsiz rolu olan, milli dövlətçiliyimizin memarı Heydər Əliyev ölkədə ədalətin də bərqərar olması üçün bir sıra islahatlar keçirib. Heydər Əliyevin ədliyyə sahəsində apardığı islahatların təzahürü nəticəsində bu sahə davamlı olaraq inkişaf etməkdədir. Ədliyyə orqanlarının əsas kredosu olan qanunçuluq və hüququn aliliyi prinsipləri Ümummilli Liderin uzun illər təbliğ etdiyi haqq-ədalət ideyasına əsaslanır. H.Əliyevin hakimiyyətdə olduğu illər ərzində bu fikir həmişə vahid olmuşdur – vətəndaş öz dövlətindən yalnız haqqı və ədaləti gözləməlidir.
Ulu öndərin xalqımız üçün haqq-ədalət ideyalarının əhəmiyyətini dilə gətirməsi və apardığı siyasətdə ədalət ideyasından çıxış etməsi bu fikirlərlə bir daha təsdiqini tapır: “Əgər hər hansı bir ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.
“Literaturnaya qazeta” qəzetində dərc edilmiş “Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibəsində Ümumilli Lider vurğulayırdı ki: “Biz idealist deyilik və iddia etmirik ki, xeyrin şər üzərində əbədi mütləq qələbəsinə nail olacağıq. Lakin tərəzinin haqq-ədalət, qanunçuluq, ideyalılıq qoyulan gözünün ağır gəlməsinə nail ola bilərik və olmalıyıq”.
Həmçinin, 4 avqust 1995-ci il tarixində Respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə çıxış edərkən Ulu Öndər bildirmişdir: “Heç bir cinayətkar cəzasız qalmayacaq, qaçıb canını qurtara bilməyəcəkdir. Cinayətkarlar gec-tez yaxalanacaq və haqq-ədalət məhkəməsi qarşısında duracaqlar. Bu mənada mən, cinayətkarların hüquq-mühafizə orqanları tərəfindən tapılmasını ictimai-siyasi həyatımızda böyük nailiyyət, hadisə kimi qiymətləndirirəm”.
Heydər Əliyevlə bağlı bunun kimi bir çox sitatlar gətirmək olar. Onların hamısının qayəsində məhz ədalət, qanunun aliliyi ideyası durur ki, bu gün həmin ideyalar ədliyyə orqanları üçün onların daim sadiq qalacağı ən vazkeçilməz dəyərdir.
Azərbaycan ədliyyəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun keçmişini əks etdirən zəngin tarixi vardır. Ədliyyə tarixinin başlanması - Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin yaranması ilə bağlıdır. 1918-ci il mayın 28-də Ədliyyə Nazirliyi təsis edilmiş, noyabrın 22-si nazirliyin əsasnaməsi təsdiq olunmuşdur. Lakin 1920-ci il sovet işğalından sonra Ədliyyə Nazirliyi dəfələrlə ləğv edilərək yenidən yaradılmış, Ədliyyə Komissarlığı ilə əvəz edilmiş, xeyli müddət prokurorluq, Ali Məhkəmə və digər orqanlar ədliyyə orqanlarının vəzifəsini yerinə yetirmişdir. Beləliklə, ədliyyə sisteminin stabil funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törətmiş və dayanıqlı ədliyyə sisteminin formalaşmasına mane olmuşdur. 1970-ci ildə Ədliyyə Nazirliyinin yenidən, əsaslı surətdə təsis edilməsi və inkişafı üçün əlverişli şərait yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi dövrə təsadüf edir. Bu dövrdə Azərbaycanın keçmiş sovetlər birliyinin tərkibində olması Heydər Əliyevin islahatlar aparmasını çətinləşdirməklə bərabər, böyük cəsarət və iradə tələb edirdi. 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmiş, ədliyyə sisteminin fəaliyyətini tənzimləyən sənədlər qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, Ədliyyə Nazirliyinin Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonrakı inkişafı da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurmuş, millətin özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir. 1991-1993 - cü illərdə Azərbaycan müstəqillik qazandıqdan sonra hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmadığı bir dövrdə Ümummilli liderimizin həyata keçirdiyi xilaskar missiya nəticəsində milli dövlətçiliyimizin itirilməsi təhlükəsi aradan qaldırılmış, cəbhədə atəşkəsə nail olunmuş, daxili sabitlik bərqərar edilərək, ölkəni bürümüş hərtərəfli tənəzzülün qarşısı alınmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olum yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə sərf edəcəyəm” deyən Heydər Əliyevin yeritdiyi düzgün siyasət nəticəsində ölkədə sabitlik bərpa edildi, böhranın qarşısı alındı, demokratik inkişaf proseslərinin əsası qoyuldu, xalqın öz gələcəyinə inamı yenidən özünə qayıtdı.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamızda məhkəmə hakimiyyətinin, xüsusilə hakimlərin müstəqilliyinin təminatı barədə müddəalar əks edilmiş və hüquqi islahatların aparılması şərtlənmişdir. Konstitusiyada hakimiyyət bölgüsü prinsipi dəqiq əksini tapmış, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə zəmin yaradılmışdır. Məhkəmə-hüquq islahatı nəticəsində ölkəmizdə qısa müddət ərzində demokratik prinsiplərə və beynəlxalq tələblərə uyğun qanun və məcəllələr qəbul edilmiş, əvvəlkindən köklü surətdə fərqlənən məhkəmə sistemi yaradılmışdır.
Ulu öndər Heydər Əliyevin islahatları ədliyyə işinin müasir tələblər səviyyəsinə qaldırılmasına, beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yolu izləməsinə nail olmuşdur. Ölkəmizdə Heydər Əliyevin səyləri ilə insan hüquqları sahəsində atılan mühüm addımlardan biri də Şərqdə ilk dəfə 1998-ci ildə ölüm cəzasının ləğv edilməsi oldu.
Ölkəmizdə insan hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edən məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 22 fevral tarixli “İnsan hüquq və azadlıqlarının müdafiəsinə dair” Fərmanı və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması barədə 1998-ci il 18 iyun tarixli Sərəncamı mühüm islahatlara təkan vermiş, ölkəmizdə insan hüquqlarının təmini sahəsində müdafiə mexanizmlərinin formalaşdırılmasını şərtləndirmişdir.
Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur. Ulu öndərin ədliyyə sistemində məqsədyönlü xidmətləri hazırda öz gözəl bəhrələrini verməkdədir.
Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Bu gün biz ötən dövrlərin siyasi durumunu dərk etməyə çalışarkən başa düşürük ki, bu böyük insanın bütün fəaliyyəti, bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi dövr və zəmanəmizi ifadə edən əzəmətli bir abidədir. Onun keçdiyi yol isə zəngin bir həyat ensiklopediyasıdır. Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir. Bu zirvədən yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bügünü, sabahı görünür. Bu zirvə Heydər Əliyev simasında bütün Azərbaycan xalqının, dövlətçilik, müstəqillik, demokratiya tariximizin yüksəldiyi zirvədir. Ulu öndərin fenomenal yaddaşa, qeyri-adi istedada və biliyə malik olması, dəfələrlə ən çətin problemlərin həlli zamanı mənəvi qələbəni xalqımıza qazandırıb müharibəni səngərdən diplomatiya cəbhəsinə keçirməsi məhz onun böyük tarixi xidmətlərindəndir. Daxilində vətən, xalq sevgisi çağlayan bu insan, bütün əmək fəaliyyəti boyu milli dəyərlərə sayğı ilə yanaşmış, mövcud reallıqlara baxmayaraq, həmişə müstəqilliyimizi düşünmüşdür. O, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanıb, Azərbaycan xalqının gələcəyi naminə ölkənin düşdüyü çox mürəkkəb, lakin şərəfli tarixi bir vəzifənin öhdəsindən gəlib.
Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hər zaman politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzindədir. Bu dahi şəxsiyyətin irsi onun hər bir azərbaycanlıya buraxdığı ən böyük əmanətdir.
Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasəti davam etdirən, onu dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən ölkə başçısı İlham Əliyev qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi qərarlarla, ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə nail olmuşdur. Bu gün əminliklə deyə bilərik ki, ulu öndərimiz Heydər Əliyevin ümummilli və ümumbəşəri ideyaları ilə qurulan dövlət siyasəti daim xalqımızın, millətimizin yolunu aydınladacaq və müstəqil dövlətimizin daha da güclənməsində böyük rol oynayacaqdır.
Bakı şəhəri 29 saylı notariat ofisin notariusu İslam Mirzəzadə
Ən çox oxunanlar
Son xəbərlər