Dürdanə Əliyevanın işi üzrə istintaq yeniləndi
Baxılıb: 2 017 Tarix: 17-07-2023 12:05
Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə istintaqı yenilənib.
Qanunvehedef.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısının vəsatəti əsasında qərar qəbul edilib.
Prokuror vəsatəti belə əsaslandırıb ki, təqsirləndirilən şəxsə dələduzluq maddəsi ilə də ittiham irəli sürülüb:
“Ola bilər ki, həmin epizod üzrə zərərçəkmiş kimi tanınmaq istəyən şahidlər var. Onların da hüquqlarını tanımaq lazımdır. Təklif edirəm ki, şahidlərin hər birinə ayrı-ayrılıqda bildiriş göndərilsin, münasibətləri öyrənilsin”.
Məhkəmə Ali Məhkəmənin qərarına istinad edərək istintaqın yenilənməsi barədə qərar qəbul edib.
Qərardan müdafiə tərəfi və zərərçəkmiş şəxslər narazı qalıb, onlar məhkəmənin uzadılmasına etirazlarını bildiriblər.
Qeyd edək ki, bundan əvvəlki prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub, prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəmişdi.
Bundan başqa, iş üzrə Bakı Slavyan Universiteti ilə bərabər 3 nəfər zərərçəkmiş kimi tanınıb.
Xatırladaq ki, D. Əliyevanın məhkəməsi 2 ildir davam edir. O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 311.1 (rüşvət alma) və 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilir.
İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsilhaqqı ödənişləri adı altında 226 min manat pul alıb.
D.Əliyeva özünü təqsirli bilməyib, tələbələrdən alınan pulu universitetin o vaxtkı rektoru Nurlana Əliyevaya verdiyini deyib.
Əbdülqəni Hüseynov
Ən çox oxunanlar
Son xəbərlər