Yenilik lazımdır: MM-dəki “qoca”ları güllələyək?
Baxılıb: 718 Tarix: 14-05-2024 14:05
MSK sədri Məzahir Pənahovun parlament seçkilərinin qabağa çəkilə biləcəyi haqda təsdiqləyici açıqlamasından sonra gündəmdə olan mövzu ətrafında müzakirə daha da genişlənib: doğrudur, hələ rəsmi olaraq heç bir hərəkətlənmə hiss olunmur, ancaq seçkilərin yayda keçiriləcəyi ehtimalı artıq çay gəlməmiş bəzilərinin “çırmanmasına” səbəb olub - xüsusilə sosial şəbəkələrdə millət vəkili olmaq iddiasını dolayısı ilə ortaya qoyanların paylaşımlarını seyr etmək xeyli əyləncəlidir.
Əsas diqqət təbii ki, parlamentin keyfiyyətcə dəyişməsinə yönəlib – hər kəs arzulayır ki, yeni nəsil, yeni düşüncə, yeni yanaşmalar gəlsin. Yanlış yanaşmadırmı?
Qətiyyən: ölkə mediasının ən çox əziyyət çəkdiyi məsələ siyasi-ictimai, elə sosial məsələlərdə də əksər deputatımızın son dərəcə passivliyi, sosial şəbəkələrin imkanlarından istifadə etməməsi, ölkənin təbliğatında rol almamasıdır.
Erməni, rus mediasına baxırsan: politoloqları, millət vəkilləri, ictimai şəxsləri gündəlik hadisələrlə bağlı bir-birindən fərqli, rəngarəng, çeşidli açıqlamalar, yanaşmalar sərgiləyirlər: əsl fikir toqquşması, “beyin fırtınası” baş verir. Əsas odur ki, proseslərin içindədirlər, fərqli yanaşmalar ortaya qoyurlar, təhlillərdən çəkinmirlər və s.
Bizdə nəinki millət vəkilləri sosial şəbəkədə “özxoşuna” aktivlik göstərirlər, hətta hansısa milli, belə qeyri-milli, sosial, iqtisadi məsələlərlə bağlı deputatlardan fikir, rəy, münasibət öyrənmək mümkün olmur. Deputatlarımızın əksəri “əlçatmazdır” və qətiyyən özlərindən müştəbeh olmalarına görə yox. Dərd ondadır ki, bu şəxslərin proseslərə yanaşması yoxdur, öz baxış bucaqları mövcud deyil, fərqli düşüncə sərgiləyə bilmirlər. Ən yaxşı halda Prezidentin və ya XİN-in açıqlamalarından 3-4 abzası əzbərləyib, onları təkrarlamaqla özlərini “xilas” edirlər.
Bir daha xatırladaq: məsələ dəqiq təhlil və proqnozlarda deyil, fərqli düşüncələrdədir, tamamilə ayrı yanaşmalardadır.
Məsələn, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı deputat və politoloqların bir-birindən tamamilə fərqlənən elə maraqlı yanaşmaları olur ki, hətta təəccüb edirsən.
Və yaxud Şoyqunun müdafiə nazirliyindən uzaqlaşması, Belousovun gəlişi və gələn kimi də Rusiya Müdafiə Nazirliyində ciddi silkələnmə - Kadrlar İdarəsi rəisinin saxlanılması... İnanılmaz yanaşmalar var – hakimiyyətə yaxın olanlar arasında da Belousovun təyinatı haqda və ya Şoyqunun TŞ katibi getməsi ilə bağlı rəngarəng fikirlər səsləndirilir – yəni cəmiyyətin beyinləri düşünür, fərqli ehtimallar ortaya atır, doğru qərarlar üçün bütün versiyaları səsləndirib, müzakirə açmağı bacarırlar.
Bizdə bu yoxdur və bütün “politoloji diskussiyalarımızın” cansıxıcılığının bir səbəbi də budur: hamı “konveyer üsulu ilə istehsal edilmiş məhsul” yanaşması sərgiləyir.
Qısqanırıq, narahat oluruq: niyə biz öz regionumuz haqda ən dəqiq və yaxud ən maraqlı yanaşmalar üçün rusların, gürcülərin “ağzına” baxmalıyıq? İnanın, hətta İlham Əliyevin dünya siyasəti üçün kim olduğunu belə əcnəbilər bizim politoloqlardan daha yaxşı izah edir.
Əlbəttə ki, bu zaman gözlər parlament seçkilərinə dikilir: biz də istəyirik deputatlarımızın böyük əksəriyyətini “yuxudan oyadıb”, mürgülü yanaşmalarını eşitməkdən qurtulaq.
Parlament mütləq yenilənməlidir, bu, cəmiyyətə lazımdır, ictimai düşüncənin doğru istiqamətlənməsi üçün vacibdir: geniş erudisiyası – intellekti, düşüncəsi, müqayisə qabiliyyəti, inandırıcılıq gücü olanlar milli strategiyamızın təbliğində rol almalıdır, ən azı, ölkədən kənardan idxal edilən “arqumentləşdirilmiş” və xüsusilə həssas təbəqəyə ünvanlanan təbliğata adekvat, məntiqli cavablar olmalıdır.
Ancaq yenilənmə dedikdə o demək deyil ki, 70 yaş civarında olan “qocalar” ölkənin ictimai-siyasi həyatından çəkilməli, yerinə yalnız Oksvord, Harvard diplomunu necəsə almağı bacaranlar gəlməlidir. Biz bu cür diplom daşıyanların bir çoxunun fəaliyyətini də, “korrupsiyaya qarşı mübarizəsini” də görmüşük, görürük.
70 yaş – hələ həmin şəxsin düşüncəsinin quruduğu anlamına gəlmir, əksinə, bir çox məqamda bu şəxslərin təcrübəsi misilsiz olur. 20-ci əsrin ən böyük siyasətçilərindən biri Çörçillin faşizmin məhvində xidmətləri əvəzsizdir – o, İkinci Dünya müharibəsi zamanı 70-ə yaxınlaşırdı.
Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan xilas edən kimdir? Onun 70 yaş civarında bütün sutkanı işlədiyini xatırlayırsınızmı? Onun fenomenal yaddaşını, iş enerjisini dünyasını dəyişincəyə qədər saxladığı necə, yadınızdan çıxmayıb ki?
Yoxsa, gənc, enerjili, aktiv Makronun qos-qoca Fransanı bivec etdiyinin fərqində deyisiniz?
Azərbaycan parlamentində ağıllı, dövlətçi, əlçatan, proseslərə fərqli yanaşmağı bacaran, ictimai nüfuzu olan şəxslər də az deyil – məsələn, Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Aqil Abbas... Bu şəxsləri 70-i aşdığı üçün “sıradan” çıxaraq? Bəlkə yaşamaq hüququndan da məhrum edək?
Aqil Abbas yaxşı deyir: bəlkə, doğrudan, 70-i aşan millət vəkillərini güllələyək?
Əlbəttə ki, yeni nəsil, yeni düşüncə gəlməlidir, ancaq bu o demək deyil ki, “qocalardan” tamamilə xilas olmaq lazımdır.
Seçkiyə yetkin insan qatılmalıdır: bu yetkin, yetişmiş, aktiv, siyasi baxımdan hazırlıqlı şəxs gənc də ola bilər, yaşlı da.
“Qoca”ları güllələməyə tələsməyin, böyüksüz yerdə oturanda fəsadı çıxır – Milli Məclisdə xüsusilə...
Ən çox oxunanlar
Son xəbərlər