Baş nazirdən MÜHÜM AÇIQLAMA: 2019-cu ildən...
Baxılıb: 748 Tarix: 14-12-2018 15:23
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ilə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılmış Maliyyə Sabitliyi Şurasının növbəti iclası keçirilib.
Big.az xəbər verir ki, cari ilin 9 ayının yekunlarına həsr olunmuş iclasa Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Novruz Məmmədov sədrlik edib.
Maliyyə Sabitliyi Şurasının Katibliyindən AZƏRTAC-a bildiriblər ki, iclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının Katibliyi tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində görülmüş işlər barədə icmal-hesabat təqdim edilib.
Müzakirələr zamanı qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında vurğulandığı kimi, ötən doqquz ayda ölkədə iqtisadi inkişafın bütün istiqamətlərində müsbət nəticələr əldə edilib.
Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənib. İlin doqquz ayında ümumi daxili məhsul qeyri-neft sektoru üzrə 1 faiz artıb. Qeyri-neft sənayesində 10,8 faiz, kənd təsərrüfatında 4,3 faiz, informasiya və rabitə xidmətlərində 7,7 faiz, ticarətdə 2,7 faiz artıma nail olunub. İqtisadiyyatın və sosial sahələrin inkişafı istiqamətində bütün maliyyə mənbələri hesabına əsas kapitala 10,1 milyard manat investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər keçən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə 20,2 faiz, qeyri-neft sənayesi üzrə isə 24,4 faiz artıb. Əhalinin gəlirləri 9,5 faiz artmaqla inflyasiyanı 6,9 faiz üstələyib.
İlin ötən doqquz ayında ölkənin xarici sektor göstəricilərinin yaxşılaşması davam edib. Cari əməliyyatlar hesabının profisiti 5,1 milyard ABŞ dolları olmaqla, ümumi daxili məhsulun 15 faizini təşkil edib. Tədiyə balansı göstəricilərinin yaxşılaşmasına neftin dünya qiymətinin yüksəlməsi ilə yanaşı, qeyri-neft sektoru üzrə ixracın genişlənməsi də təsir göstərib.
Xarici sektor üzrə fundamental amillərin təsirləri fonunda 2018-ci ilin doqquz ayında valyuta bazarında tarazlıq qorunub, milli valyutanın məzənnəsi sabit olub. Ölkənin strateji valyuta ehtiyatları bu dövrdə 7,6 faiz və ya 3,2 milyard ABŞ dollar artaraq 45 milyardı ötüb.
Ötən doqquz ayda dövlət büdcəsinin gəlirləri 101,3 faiz, xərcləri isə 98 faiz icra olunub. Dövlət büdcəsinin 423,7 milyon manat məbləğində artıqlığı (profisit) yaranıb. Dövlət investisiyalarının artması iqtisadi fəallığın dəstəklənməsində mühüm rol oynayıb.
İlin üçüncü rübündə fiskal islahatlarla bağlı bir sıra mühüm qanunvericilik aktları ("Yeni Büdcə Qaydaları", "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya" sənədi və "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası") təsdiq edilib. 2019-cu il üçün dövlət büdcəsinin layihəsi büdcə qaydalarına uyğun tərtib olunub.
Həyata keçirilən səmərəli makroiqtisadi siyasət şəraitində ilin ötən doqquz ayında orta illik inflyasiya proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə aşağı olmaqla 2,6 faiz təşkil edib.
Hesabat dövründə makroiqtisadi sabitliyin möhkəmlənməsi və son makroiqtisadi proqnozlar nəzərə alınmaqla pul siyasəti yumşaldılıb, uçot dərəcəsi mərhələli şəkildə endirilib. Pul təklifinin dinamikası inflyasiya hədəfi nəzərə alınmaqla tənzimlənib, ilin doqquz ayında manatla geniş pul kütləsi 8,3 faiz artıb.
Bank sektoru tərəfindən doqquz ayda iqtisadiyyata kredit qoyuluşları 4,6 faiz, fiziki şəxslərin depozitləri 8,4 faiz artıb.
İclasın sonunda 2019-cu ildə makroiqtisadi sabitliyin qorunması və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işlərin davam etdirilməsinin, eləcə də dayanıqlı makroiqtisadi sabitlik əsasında inklüziv iqtisadi artımın sürətləndirilməsi üçün zəruri islahatların daha da dərinləşdirilməsinin vacibliyi qeyd olunub.
Ən çox oxunanlar
Son xəbərlər