Əliyevin çeçenlərlə bağlı möhtəşəm göstərişi - Tarixi olay
Baxılıb: 942 Tarix: 18-02-2019 14:40
Moskvada “Neolit” kafesində baş vermiş azərbaycanlı-çeçen insidenti bu iki xalq arasındakı tarixi bağları bir daha gündəmə gətirib.
Qeyd edək ki, hələ sovet dövründə orduda birlikdə xidmət edən azərbaycanlılarla çeçenlər daim bir-birinə dayaq olmaqla, dəstək verməklə birlik, qardaşlıq nümunəsi nümayiş etdiriblər. Bu dostluq-qardaşlıq özünü nəinki şad mərasimlərdə, hətta ən ağır, dəhşətli müharibə illərində də göstərib.
Rus-çeçen savaşının ən qanlı vaxtlarında on minlərlə çeçen qaçqının Bakıya sığınması və Azərbaycanın dost xalqa qucaq açması bu gün də Çeçenistanda unudulmur. Həmin dönəmdə Azərbaycan Prezidenti Heydər Əliyev çeçen qaçqınlara hər cür şəraitin yaradılması haqda xüsusi göstəriş vermişdi. İllər keçməsinə baxmayaraq, çeçenlər Azərbaycan xalqını, xüsusən Heydər Əliyevi böyük ehtiramla anırlar.
Çeçenlərin Heydər Əliyev sevgisi, azərbaycanlıların Cövhər Dudayev sevgisi heç bir sərhəd tanımır.
Bununla yanaşı, Qarabağ müharibəsində Çeçenistanın əfsanəvi qəhrəmanı Şamil Basayevin öz dəstəsi ilə döyüşlərə qatılması və xeyli erməni hərbçisini məhv etməsi hələ də xalqımız tərəfindən sevgi ilə xatırlanır.
Abxaziyanın Xalq Qəhrəmanı adına layiq görülən çeçen komandir I Qarabağ müharibəsi zamanı öz mücahidləriylə birgə Şuşanı müdafiə etmək təklifini irəli sürür. Şamil Basayevi şəxsən tanıyan və onunla döyüşlərdə iştirak edən, vaxtilə Azərbaycan ordusunda yüksək vəzifə tutan komandirlərdən biri bu barədə deyir:
“Şamil muzd qarşılığında Qarabağa gəlməmişdi. O özü ilə gətirdiyi çeçenlərin həm təlim keçməsini istəyir, həm də müsəlman torpağı sayılan Qarabağın erməni işğalında qalmasını istəmirdi. Digər tərəfdən Şamilə söz verilmişdi ki, çeçenlərin apardığı əməliyyat nəticəsində ermənilərdən alınan silah-sursat onlara qalacaq. Şamil Basayev də ermənilərdən qənimət olaraq ələ keçirdiyi silahları Çeçenistana, ruslarla müharibəyə cəlb etmək istəyirdi. Lakin sonradan bu razılaşma pozuldu”.
Şamil Basayev savaşdan sonrakı illərdə səsləndirdiyi fikirlərdə Qarabağ savaşına obyektiv şərh verməklə, Azərbaycanın bir gün bu savaşda qalib gələcəyinə - torpaqlarını işğaldan azad edəcəyinə inandığını deyirdi.
Sözsüz ki, ən ağır günlərində bir-birinə arxa-dayaq olan iki xalqı “Neolit”də baş vermiş insident vasitəsi ilə üz-üzə qoymaq istəyənlər olacaq. Xüsusən, bu xalqlara düşmən gözü ilə baxan ermənilər bu olaydan məharətlə istifadə etməyə çalışacaqlar və artıq bu istiqamətdə müəyyən kirli oyunlar, təxribatlar yaratmağa başlayıblar. Lakin heç bir məkrli siyasət iki xalq arasındakı tarixi bağı məhv etmək iqtidarında deyil.
Bu gün Azərbaycan-Çeçenistan dostluğu bir çox mötəbər tədbirlərdə, yarışlarda özünü göstərir. Qafqazın bu iki mübariz xalqı bundan sonra da dostluq və mehribanlıq prinsipləri içində yaşayacaqlar.
Ən çox oxunanlar
Son xəbərlər