Elçibəyin gedişi - 26 il öncənin sirləri
Baxılıb: 768 Tarix: 19-06-2019 10:45
Etibar Məmmədov: "Elçibəy çıxıb getdi və bununla da məsələlər dəyişdi"
İyunun 17-də mərhum prezident Əbülfəz Elçibəyin Bakını tərk edib doğulduğu Ordubadın Kələki kəndinə getməsinin 26-cı ili tam oldu. Hər ilin bu günlərində sabiq dövlət başçısının nə üçün belə qərar verməsi, qəfil paytaxtı tərk etməsi ilə əlaqədar ən müxtəlif fikirlər səslənir, faktlar ortaya çıxır, ziddiyyətli məqamlar dartışılır.
Ümumilikdə götürdükdə, iyun ayı Elçibəy iqtidarının ən çox müzakirə olunduğu aydır. Məhz 1993-cü ilin bu ayının 4-də Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrin qiyam qaldırmasının sonluğu AXC iqtidarının süqutu ilə nəticələnib. Bu da haqlı olaraq, hər ilin bu ayını zəngin edir.
Elçibəy iqtidarı dövründə ona qarşı ölkənin ana müxalifəti sayılan Azərbaycan Milli İstiqlal Partiyasına rəhbərlik edən Etibar Məmmədov həmin dövrdəki hadisələrlə bağlı moderator.az-a müsahibə verib.
Həmin müsahibədən sitat: " O dövrdə mənə müxtəlif təkliflər edilib. Elçibəy Kələkiyə getməmişdən öncə baş nazir vəzifəsi təklif etmişdi. Hətta axırıncı gün, yəni iyunun 17-də gündüz müəyyən şərtlər irəli sürmüşdüm, onlar da razılaşmışdı və hökumət başında durmağa razılıq vermişdim. Lakin həmin gecə Elçibəy çıxıb getdi və bununla da məsələlər dəyişdi".
Jurnalistin "baş nazir vəzifəsini Elçibəy özü şəxsən təklif etdi sizə" sualına AMİP lideri belə cavab verib: "Bəli. Heydər Əliyevlə birlikdə söhbət zamanı. Əvvəlcə iyunun 15-də, sonra 16-da təklif edilib. İyunun 17-də günorta saatlarında isə dediyim kimi, Elçibəylə təkbətək görüşəndə o, baş nazir olmağım barədə təklifi verib və hətta deyib ki, bu haqda fərman da hazırdır. Axşam da yenidən görüşüb razılığa gəlmişik..."
Ə.Elçibəy hökumətində AXC Ali Məclisinin sədri və prezidentin müşaviri olan, Aydınlar Partiyasının rəhbəri Qulamhüseyn Əlibəyli "Yeni Müsavat"a açıqlamasında bir sıra məqamların üstünü açdı: "Hesab edirəm ki, bununla bağlı gizli bir nəsə qeyri-adi heç nə qalmayıb. Bu barədə kifayət qədər yazılıb, deyilib. 1993-cü il iyunun 17-si gecəsi Elçibəyin yanında Rəyasət Heyətinin toplantısı keçirildi. Müəyyən məsələləri planlaşdırdıq, razılığa gəldik. Gecə saatlarında dağılışdıq. Səhəri gün prezidentin müşaviri kimi işə gedərkən məlum oldu ki, Əbülfəz Elçibəy Bakını tərk edib. Xatırladığım əsasən bunlardır. Hər halda, onun məlumatları bizdən çox idi. O, bir neçə mənbədən məlumatlar alırdı. Düşünürəm ki, o vaxt qeyri-adi nəsə baş verməyəcəkdi. Sadəcə olaraq, Elçibəy baş verən hadisələrin səbəblərini açıqlamadı.
Müəyyən versiyalar irəli sürülür və bunların içərisində doğru da, yanlış da ola bilər. Hər halda, daha təhlükəli hadisələr baş verə bilərdi ki, bu səbəbdən Əbülfəz Elçibəy Bakını tərk etməyə məcbur oldu. Açığı, etiraf edim ki, 4 iyun qiyamı baş verəndə sonluğun hakimiyyətin devrilməsi ilə nəticələnəcəyini düşünmürdük. Şəxsən mən hesab edirdim ki, qiyam baş verib və həmin qiyamı yatırmalı olan qüvvələr bunun qarşısını almalıdırlar. Çox təəssüflər olsun ki, bu baş vermədi. İstənilən halda hesab etmirəm ki, hadisələrin qarşısının alınmamasında ən böyük günahkar AXC hökumətidir. Bəzən yanlış qələmə verirlər ki, guya bu xalq hərəkatı imiş. Sadəcə olaraq, hərbi hissələrdən biri mərkəzi hakimiyyətə tabe olmaqdan imtina etmişdi. Hakimiyyətin yeganə günahı o oldu ki, həmin hərbi hissəni tərk-silah edə bilmədi. İqtidar hərbi hissələrə fəaliyyətlərini Qarabağ istiqamətində davam etdirmək əmri verdi. Digər tərəfdən, Gəncədən Bakıya doğru yerləşən silahlı qüvvələrə, polislərə və digər güc orqanlarına qeyri-qanuni hərbi hissənin qarşısını kəsmək, onları atəşə tutmaq göstərişi verilmədi".
Q.Əlibəyli bu çevrilişdə daha çox xarici qüvvələrin əsas rol oynadığını düşünür: "Xaricdən gələn təsirlər hakimiyyət çevrilişinə daha çox səbəb oldu. Burada əsas rol oynayan Rusiya idi. Bu ölkənin hərbi hissələrinin nümayəndələri çevrilişdə iştirak edirdilər. Amma daxildən açıq olmasa da, bəzi qüvvələr bu çevrilişdə rol oynadılar. Surət Hüseynovun yaxın məsləhətçilərindən Aypara Əliyev sosial demokratlardan, Şadman Hüseynov AMİP-dən, Nemət Pənahlı və digərləri var idi. O dövrdə Yeni Azərbaycan Partiyasının o qədər də nüfuzu böyük deyildi. Üzdə olanlar əslində bunlar idi. Amma hesab etmirəm ki, bu şəxslər çevrilişdə əsas rol oynadılar. Yenə də dediyim kimi, əsas Rusiya faktoru idi. İstənilən halda hərbi qiyam baş vermişdi və bu qiyamı elə hərbi yolla da yatırtmaq lazım idi. Gəncədən Bakıya hücum edən hərbi hissələri tərk-silah etmək mümkün idi. Həmin dövrdə Qarabağ istiqamətindən başqa digər yerlərdə döyüşlərin hərəkətliyinin dayandırılması haqqında Ali Baş Komandanın əmri var idi. Bu o demək idi ki, Azərbaycan hakimiyyəti torpaqların müdafiəsini özünün müdafiəsindən daha üstün tutdu. Elçibəy hakimiyyətdən gedəndən sonra hələ səlahiyyət müddətinin bitməsinə 4 il qalırdı ki, bu da kifayət qədər uzun zaman idi. Bu müddət ərzində hesab edirdik ki, Elçibəy qayıdıb funksiyalarını yerinə yetirməlidir və yetirəcək. Cəbhəçilər olaraq çox ümidli idik. Təəssüflər olsun ki, bunların heç biri olmadı". (Musavat.com)
Ən çox oxunanlar
Son xəbərlər