Xəzər rayonunda “WUF13” – Ümumdünya Şəhərsalma Forumu çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirləri davam etdirilir

2026-cı ildə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakı şəhərində təşkil olunmasına hazırlıq çərçivəsində paytaxtın müxtəlif rayonlarında genişmiqyaslı abadlıq, təmizlik və infrastrukturun yenilənməsi işləri həyata keçirilir.
Bu çərçivədə Xəzər Rayon İcra Hakimiyyəti, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Yaşıllaşdırma Sahəsi, rayonun kommunal sahələri, eyni zamanda qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələrin yaxından iştirakı ilə rayon ərazisində mövcud park və xiyabanlarda, o cümlədən mərkəzi küçə və prospektlərdə müvafiq abadlıq və yaşıllaşdırma tədbirləri davam etdirilir.
Görülən işlər çərçivəsində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə mərkəzi avtomobil yollarının hər iki tərəfində yerləşən vətəndaşlara məxsus fərdi yaşayış evlərinin hasarlarının fasad hissələri və darvazalarında, eləcə də kommunal xidmət xətlərində rənglənmə işləri aparılır, nasaz küçə işıqları bərpa olunur, abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilir.
Bununla yanaşı, ərazilərdə yeni yaşıllıq zolaqları salınır, dekorativ kollar və mövsümi güllər əkilir, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir, magistral yolların kənarlarındakı ağac və yaşıllıqlar xüsusi təyinatlı texnikalar vasitəsilə mütəmadi olaraq suvarılır və rayonun estetik görünüşünün yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Qəni Hüseynov
























