“Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayonun Binə qəsəbəsində yerləşən xatirə parkında əsaslı təmir və abadlıq işləri həyata keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq şəhərsalma siyasətinin təkmilləşdirilməsi, müasir memarlıq prinsiplərinin tətbiqi və dayanıqlı inkişafın təmin olunması məqsədilə respublikanın bütün bölgələrində, o cümlədən Bakı şəhərinin rayonlarında abadlıq-quruculuq işlərinin genişləndirilməsi, infrastrukturun yenilənməsi və ictimai məkanların müasir tələblərə uyğun qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Xəzər rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində eləcə də, sakinlərin müraciətləri və təklifləri nəzərə alınmaqla rayonun Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində yerləşən Böyük Vətən Müharibəsi iştirakçıları, 20 Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirə parkında əsaslı təmir işləri görülüb.
Ümumi sahəsi 1200 m² olan parkın ərazisində layihəyə uyğun olaraq şəhidlərin xatirəsinə ucaldılmış lövhə əsaslı şəkildə bərpa olunub, parkın giriş hissəsi yenilənib, köhnəlmiş döşəmə örtüyü və bardürlər yeni materiallarla əvəz edilib.
Eyni zamanda, əraziyə yeni skamyalar və tullantı qutuları qoyulub, parkın işıqlandırma sistemi yenilənib, bununla yanaşı yaşıllaşdırma işləri aparılıb, yeni ağac və dekorativ bitkilər əkilib, ərazinin ümumi estetik görünüşü yaxşılaşdırılıb. Yaşıllıqların davamlı suvarılması məqsədilə suvarma sistemi qurulub və yeni su xətti çəkilərək sakinlərin istifadəsinə verilib.
Qəni Hüseynov























