Vahid Gülmalıyev- İnsan həyatı üçün təhlükəli sayılan formalardan biri də beyin infarktıdır
Baxılıb: 1 848 Tarix: 26-07-2018 09:30
Bizim bu dəfəki qonağımız Stimul Hospitalın həkim-nevroloqu Vahid Gülmalıyevdir. Həkimlə insult xəstəliyinin əlamətləri, simptomları və müalicəsi haqda danışacayıq.
İnsult nədir?
İnsult beyin qan dövranının kəskin pozulması, yəni beyni qidalandıran damarlardan birinin və ya bir neçəsinin tamlığının pozulması, daralması (spazmı) və ya tutulmasıdır.Ağır gedişli insultlardan sonra baş beyin funksiyasının yalnız qismən bərpa olunması tez-tez rast gəlinən reallıqdır.İnsult daha çox şəkərli diabet, ürək-damar xəstəliklərində rastlanır. Mütəxəssislərin fikrincə, beynin qan-damar xəstəliklərinin əmələ gəlməsində bir sıra amillərlə yanaşı, fiziki gərginlik və stress də başlıca rol oynayır.
Yaşlı adamlar arasında ölüm hallarının 50 faizi bu xəstəliklər nəticəsində baş verir. Kəskin beyin qan-damar xəstəliyinə düçar olanların 25-30 faizi 1-2 sutka ərzində beyin insultundan dünyasını dəyişir.
Son zamanlar insanlar arasında beynin qan-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı xeyli artıb. İndi bu xəstəliklərə nəinki yaşlılar, eyni zamanda cavanlar arasında da tez-tez təsadüf edilir. Beynində qan-damar xəstəlikləri olanların bir qismi dünyasını dəyişir, əksər hissəsi isə əlil qalır. Beyində damar pozğunluğunun əmələ gəlməsində hipertoniyanın, arterial hipertoniyanın, ürək xəstəliklərinin, revmatizm nəticəsində törəyən infeksion virusların, anadangəlmə damar anomaliyalarının, psixi və fiziki gərginliyin, alkoqolizmin rolu böyükdür. Beynin qan-damar xəstəlikləri kəskin olur və tədricən şiddətlənir".
Beynin işemik insultu haqda nə deyə bilərsiz?
Beyin infarktı insan həyatı üçün təhlükəli sayılan formalardan biridir. Beyin damarları sklerozunun ən mühüm ağırlaşmalarından biri beynin qanla təchizatının pozulmasıdır. Ateroskleroz prosesi nəticəsində damarın mənfəzi daralır və içəridə tromb yaranır. Bu da beynin normal qidalanmasını pozur, beyin maddəsində yumşalmaya səbəb olur: "Beynin işemik insultunu törədən səbəbləri nəzərə alaraq onu 3 formaya ayırırlar. Tromboz, emboliya, damar çatışmazlığı nəticəsində baş verən işemik insult. Tromboz və emboliya damarın içərisini tamamilə tutduğu üçün trombozlu işemik insult yaradır.
Lakin damar çatışmazlığı nəticəsində beyin qanla lazımınca təchiz oluna bilmədiyi üçün yumşalma başlayır. İşemik insult tədricən inkişaf edir. Belə insult bir neçə saatdan bir neçə günə qədər davam edir. Çox zaman işemik insult gecə yuxuda ikən baş verir. Xəstə ayıldıqda bir tərəfinin iflic olduğunu hiss edir. Bəzən insultdan bir neçə gün, yaxud bir neçə həftə əvvəl xəstə özündə müəyyən əlamətlər- başağrısı, gözlərinə qaranlıq çökməsi, arabir sağ və sol ətraflarda keylik, gizilti hiss edir. Çox vaxt xəstələr buna təsadüfi hal kimi baxıb, heç bir əhmiyyət vermirlər".
İnsultun əlamət və simptomları hansılardır?
Aşağıdakı simptomlara əsasən işemik insultun baş verməsindən şübhələnmək lazımdır:
1.Bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində əzələ zəifliyinin əmələ gəlməsi;
2Bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində hissiyyatın zəifləməsi;
3.Görmənin pozulması;
4.Şifahi nitqin və ya nitqin başa düşülməsinin pozulması;
5.Hərəkətlərin koordinasiyasının pozulması;
6.Baş gicəllənməsi;
7.Udma qabiliyyətinin pozulması;
8.Qəflətən başlayan, xüsusən də ürəkbulanma, qusma ilə müşayiət olunan qeyri-adi dərəcədə kəskin baş ağrısı;
9.Qıcolma tutmaları;
10.Yaddaşın qəflətən pozulması;
11.Şüurun pozulması.
İnsultun risk faktorları hansılardır?
İnsultun risk faktorları içərisində ürək-damar xəstəliklərində olduğu kimi birinci yeri arterial hipertenziya tutur, sonra şəkərli diabet, atereoskleroz, hiper xolesterinemiya problemlər, psixi-emosional gərginlik, alkoqoldan, siqaretdən istifadə, artıq çəki və s. amillər gəlir.
İnsultun müalicəsi mümkündürmü?
İnsultun müalicəsi onun hansı forması: işemik və ya hemorragik olmasından asılıdır. Hemorragik insultlar, beyin qansızmaları qansızmanın miqdarından asılı olaraq konservativ və ya neyrocərrahi müdaxilə tələb edə bilir.
Kəskin işemik insultun müalicəsi insultun əlamətləri yarandıqdan 3,4,5 saat ərzində mümkündür. İnsult əlamətlərini görən pasiyent həkimə müraciət etməlidir. Xəstəyə baxış keçirilir,dəyərləndirilir, uyğundursa xəstəyə trombun əridilməsi, beyni xilas etmək üçün infuziya ilə RTPA yeridilir, tez bir zamanda beyin perfuziyası bərpa olunaraq xəstədə əlamətlər geri dönür. Beləliklə funksiyasını itirmiş penumbranı xilas etmiş olurnur. Əbəs yerə deyilmir ki, zaman=beyin! İnsult zamanı vaxt itirmək beyin itirməyə bərabərdir. İnsultun
ölümcül və ya şikəst edən fəsadlarından qorunmaq üçün ilk öncə insultu tanımaq, onun ən azı 3 əlamətlərini öyrənmək və öyrətmək lazımdır.
Ən çox oxunanlar
Son xəbərlər