Elmira Hüseynova -Əgər xəstədə 2 və ya ondan çox epileptik tutma baş verirsə, o zaman epilepsiya diaqnozu qoyulmasına əsas vardır.
Baxılıb: 1 945 Tarix: 19-08-2018 21:39
Diaqnoz Tibb Mərkəzinin pediatr-nevroloqu Elmira Hüseynova Qanunvehedef.az saytına müsahibə verib. Həmin müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.
Epilepsiya nədir?
Müasir dövrün geniş yayılmış sinir xəstəlikləri arasında epilepsiya özünəməxsus yer tutur. Epilepsiya sözü yunanca “epilambano”sözündən götürülüb, mənası “yıxılıram”, “tuturam” deməkdir. Epilepsiya baş-beynin xroniki xəstəliklərinə aiddir. Bu zaman beyin daxilində qıcolmalar baş verir. Əsas aparıcı əlaməti tez-tez xəstədə epileptik tutmaların olmasıdır. Epilepsiya iki cür olur: irsi-genetik faktor və sonradan qazanılmış. Bəzən doğuş vaxtı uşaqlar zədə alır. Həmin zədə nəticəsində beyində kista əmələ gəlir. Bu kista 20-25 il sakit qala bilər. Bəzənsə, heç özünü göstərməz.
DİAQNOSTİKA
Baş vermiş tutmanın epileptik tutma olub-olmadığı təyin edilməlidir yəni tutmanın inkişaf mexanizminin əsasında beyin qabığı neyronlarının həddən artıq güclü, hipersinxron boşalması olub-olmadığının təyin edilməlidir.
Epileptik tutmalar idiopatik və ya simptomatik olaraq iki yerə bölünür
Əgər xəstədə 2 və ya ondan çox epileptik tutma baş verirsə, o zaman epilepsiya diaqnozu qoyulmasına əsas vardır.
Əlavə müayinələr vasitəsi ilə epileptik tutmanın səbəbi müəyyən edilirsə yəni həmin səbəblə bilavasitə əlaqəlidir və səbəb aradan qaldırıldıqda təkrarlanmır, onda həmin ET-nə simptomatik deyilir (məsələn, neyroinfeksiya və kəllə-beyin travmalarının kəskin dövründə epileptik tutmalar; şişlər, serebrovaskulyar patologiya zamanı epileptik tutmalar; yaxud bir sıra xəstəliklərin – xroniki alkoqolizm, narkomaniya və toksikomaniyalar, maddələr mübadiləsi pozulmaları, yuxunun deprivasiyası gedişi zamanı meydana çıxan tutmalar).
Heç bir səbəb müəyyən edilmirsə, onda həmin ET-yə idiopatik deyilir. Bəzi xəstələrdə səbəbin olmağı güman olunsa da səbəbin təsdiqi tapılmır, onda həmin ET-yə kriptogen deyilir.
Sadələşdirilmiş şəkildə izah etsək, tutmalar fokal və yayılmış olur.
Fokal tutma baş beynin bir qrup neyronlarında ildırım çaxmasına bənzər elektriksəl boşalma nəticəsində həmin neyronların funksiyasına uyğun tutmaların əmələ gəlməsidir. O, əsasən qabıqaltı törəmələrdəki patoloji ocaqdan başlar və məhdud sahəyə yayılar. Bir çox halda patoloji ocağın yeri, xüsusən EEQ-nin köməkliyi ilə müəyyən edilər.
Fokal tutmalar sadə və kompleks olur.
Sadə fokal tutma, az sayda neyron qrupunu əhatə etdiyindən, əsasən bir əlamətdən (motor, hissi və ya psixiki) ibarət olar, adətən qısa sürər və xəstə huşunu itirməz.
Kompleks fokal tutma isə əhatə etdiyi neyron sayına uyğun daha çox simptomun kombinasiyasından ibarət olur, daha uzun sürər və xəstə huşunu qismən itirər. Əgər oyanma yayılaraq beynin hər iki yarımkürəsini əhatə edərsə xəstə huşunu tamamən itirər.
Epileptik tutmaların tipləri hansılardır?
Bunu bilmək çox önəmlidir. Çünki bu, müalicə prosesində həmin tipə yaxşı təsir edəcək dərmanın müəyyən edilməsində böyük rol oynayır. Bir çox tiplər mövcüdur. Amma bilinməsi lazım olan əsas iki tip vardır:1 Parsial –yəni beyində bir bölgə ilə məhdudlaşmış olaraq başlayan tutmalar
2 Generalizə – beynin əksər hissəsinə təsir edən tutmlar
Parsial tutmalar bədənin müəyyən bir hissəsini tutar. Məsələn, bir ayaqda və ya bir qolda olan əzələ gərilmələri, qol və ya ayaqda uyuşmalar, qıcolmalar, yanma və nadir hallarda ağrı kimi qısa çəkən əlamətlər, rəng dəyişmələri ( qızarma və ya solğunlaşma), qan təzyiqinin dəyişməsi, ani qorxu hissi, deja- vu ( əvvəllər heç olmamış bir hadisəni olmuş kimi qəbul etmək) ya da jamais-vu ( əvvəllər olmuş bir hadisəni sanki heç olmamış kimi hiss etmək), xoş olmayan qoxu və dad hissetmə, mədədə bulantı və hədsiz rahatsızedici hiss, başın bir tərəfə doğru əyilməsi, qolun yuxarı qalxması və s. Parsial tutmalara aid edilə bilər.
Generalizə tutmalarda isə şüurun ani itməsi ilə yanaşı ani olaraq dalıb getmə, bütün vücudda gərilmələr, atılmalar, sıçramalar əmələ gələ bilir. Xəstələrdə, belə tutmalar zamanı ağızdan köpük gəlməsi, dilini dişləmə, sidik və ya nəcis qaçırması da müşahidə edilə bilər.
Epileptik xəsrtələr üçün ən effektli tibbi diaqnoz üsulu hansıdır?
Baş vurulan ilk və ən effektli tibbi diaqnoz üsulu Elektroensafolaqrammadır. Bu üsulla beyində epileptik tutmalara yol aça biləcək anormal elektrik boşalmaları müəyyən edilir. Ancaq EEQ qısa müddətli ( təxminən 20 dəqiqə çəkən bir prosedurdur) və xəstənin beyninin həmin zaman hüdudundakı fəaliyyətinin qeydə alındığı bir tədqiq üsuludur ona görə də bəzən çəkim zamanı hər hansı anormallıqlar ortaya çıxmaya da bilir. Ona görə də EEQ müəyyən aralılarla yenidən təkrarlanmalıdır.
Xəstə düzgün müalicə qəbul etmədikdə hansı fəsadlara yol aça bilər?
Xəstə düzgün müalicə olunmadıqda onda yaddaş pozğunluğu, ağıl kəmliyi, iş qabiliyyətinin itirilməsi, mühitə uyğunlaşmamaq, işini icra edə bilməmək kimi hallar başlayır. Elə dərmanlardan istifadə etmək lazımdır ki, o, şüura təsir etməsin. Düzgün aparılmayan müalicə insanın psixikasını poza, ruh sferasını dəyişə bilər. Xəstəliyin müalicəsi uzun müddətlidir. Təyin olunan dərman 3 il 6 ay ərzində hər gün eyni vaxtda qəbul edilməlidir. Əgər bircə gün dərman qəbulunun vaxtından 1 saat keçdisə, müalicə tamamilə xeyirsiz olur. Xəstə 3 il 6 aylıq müalicəyə yenidən başlamaq məcburiyyətində qalır. Düzgün və vaxlı-vaxtında müalicə kursları aparılarsa, tutmalar uzun illər ərzində baş verməyə də bilər. Bunun da nəticəsində uşaq uzun müddət öz normal həyat və fəaliyyətini davam etdirmiş olur.
Epileptik xəstələrin tək gəzib dolaşması da onların sağlamlığı baxımından olduqca təhlükəlidir. Tutmalar zamanı insanın yıxılması, huşunu itirməsi, ağzından köpük gəlməsi bu xəstəliyin göstəriciləridir. Ekspertlər bildirir ki, xəstələrinin tutmaları bir anda baş vermir. Onlar əvvəlcədən bu tutmadan xəbərdar olurlar. Güclü baş ağrıları, göz önünün qaralması yaxınlaşmaqda olan tutmanın göstəricisidir. Belə olan halda xəstə öz-özünü rahatlatmalıdır. Sakit bir yerə keçməli, dərman qəbul etməlidirlər. Belə insanların ictimai nəqliyyatda tək gəzməsi çox təhlükəlidir. Onların hər an yıxılıb zədə alma ehtimalı var.
Epilepsiya tutmasında yardım hansı şəkildə həyata keçirilir?
1. Xəstəni təlaşa qapılmadan rahat bir yerə uzatmalı, başının altına yumşaq bir şey qoymali, bədənini xüsusən boğazını sıxan geyimləri boşaltmalı.
2. Xəstənin ətraflarını zədələnməkdən qorumağa çalışmaqla bərabər onları bərk sıxmaq və ya tutmaqla hərəkətlərinə mane olmamalı. Əgər, xəstə və ya ətrafdakılar tutmanı başlanmasını əvvəlcədən bilərlərsə) dilini dişləməsinin qarşısını almaq üçün dişləri arasına rezin yastıqcık və ya bir neçə qat bint, parça yerləşdirmək olar. Bəzi tutma fotmalarında xəstəyə xüsusi kaska taxılır.
3. Tutmanın müddətini müəyyən etmək üçün tutmanın başladığını hiss etdiyiniz andan tutma qurtarana qədər beyninizdə saymaqla tutmanın müddəti və gedişini yadda saxlayıb, müalicə həkiminə məlumat verin.
4. Tutma qurtaranda hipersalivasiya nəticəsində əmələ gələn çoxlu ağız suyu, dilin və yanağın dişləməsi nəticəsində ağıza axm qan, həmçinin qusuntu kütləsi dillə birlikdə arxaya axıb xəstəni boğmasın deyə, onu böyrü üstə çevirərək başı yastıqdan bir qədər aşağı vəziyyətə gətirilir ki, mayelər bayıra axsın , dil önə gəlsin. Ehtiyatla bint və ya təmiz parça ilə ağız təmizlənə bilər.
6. Xəstə oyandıqdan sonra yoxlanmalı (sınıq, çıxıq, əzilmə və c. ola bilər), onun təmiziyinə (qusuntu kütləsi, sidik, nəcis ola bilə) fikir verilməli.
8. Əgər xəstə epileptik komadadırsa (dərin patoloji yuxu) və ya diaqnozda şübhə varsa xəstə təcili nevropatoloqla məsləhətləşdirilərək reanimasiya şöbəsinə yerləşdirilməlidir. Mümkün qədər müalicə həkiminin fikri alınmalıdır.
Epilepsiyaya tutulan xəstə və xüsusən yaxınları tutmalarla əlaqəli ətraflı, ardıcıl olaraq maarifləndirilməlidirlər. Epilepsiyanın erkən və düzgün müalicəsi xəstənin yaşama və yaratma qabiliyyəti üzərində xəstəliyin mənfi təsirini azaldır. Əgər xəstələr müasir elmi tələblərə cavab verən səviyyədə müalicə alsalar xəstələrin yarısından çoxunda sağalma və yaxşılaşma olur, Əksəriyyətində tutmaların ağırlığı və tezliyi azalır. Tutmalar nə qədər sıx olarsa müxtəlif fəsadlar, nevroloji və psixiki pozğunluklar da o qədər çox əmələ gəlir.
Ən çox oxunanlar
Son xəbərlər