Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü büruzə verir Həkim –allerqoloqla müsahibə
Baxılıb: 5 648 Tarix: 04-09-2018 09:15
Müsahibim Diaqnoz Tibb Mərkəzinin həkim- allerqoloqu Dr. Şahvələd Məmmədovdur. Həkimlə Allergik xəstəliklər haqqında danışacayıq.
Allergiya nədir?
Allergiya- orqanizmin allergen adlanan, ətraf mühitdəki bəzi faktorlara ( kimyəvi maddələrə, mikroblara və onların həyat fəaliyyətinin məhsullarına, qida məhsullarına) qarşı yüksək həssaslığıdır. Allergiyanın fizioloji mexanizmi, orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Bu da həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü büruzə verir. Bu immun sisteminin patologiyasıdır.
Allergiyanın diaqnostikası necə təyin edilir?
1.Dəri sınaqları
Bu sınaqlar - insanda allergiyanı məhz hansı allergenlərin törətdiyini müəyyən etmək üçün icra olunur. Sınağı yerinə yetirmək üçün bazuönü sahənin içəri səthindəki dəri iynə ilə kiçik bir ölçüdə cızılır və ya deşilir. Sonra həmin sahəyə mikroskopik miqdarda allergen (məsələn, bitkilərin çiçəklərinin tozcuqları, məişət tozu, heyvan tükləri, qida maddələri və s) sürtülür. Bir müddət keçdikdən sonra həmin yerdə bir qədər şişkinlik və dərinin qızarması baş verə bilər ki, bu da həmin allergenə qarşı allergiyanın olmasını göstərir.
2.Dəridaxili sınaqlar – allergiyanın diaqnostikası üçün kifayət qədər dəqiq olan və uzun zaman ərzində yoxlanılmış bir üsuldur.
3.Qan analizləri
Qanın analizlərini aparmaqla allergiyaya diaqnoz qoyulması – allerqologiyada yeni bir istiqamətdir. Bu analizlərin xüsusiyyəti ondan ibarətdir ki, bu zaman xəstənin allergenlə bilavasitə təmasda olması tələb olunmur və bunun nəticəsində baş verə biləcək riskin qarşısı alınmış olur.
Allergiyası olan insanların qanında, immunoqlobulinlərin E sinfi (İgE) adlanan spesifik anticisimlərin miqdarı artır. Məhz bu immunoqlobulinlər allergiyanın inkişaf etməsinə cavabdehlik daşıyırlar.
Analiz aparmaq üçün barmaqdan qan götürülür. İnsanın qanını müayinə etməklə bir çox hallarda həmin orqanizmin məhz hansı allergenə reaksiya verməsini dəqiqliklə müəyyən etmək olar. Bu analizlər ayrı-ayrı allergen qruplarına qarşı aparılır: qida allergenləri, heyvani mənşəli allergenlər, bitki mənşəli allergenlər, məişət allergenləri və s.
Allergik xəstəliklər hansılardır?
Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası, və dərman allergiyası aiddir.
Allergik rinit xəstəliyi haqqında nə deyə bilərsiz
Allergik rinit əsasən yaz mövsümündə, çiçəklərin tozlanma dövrü başlayanda baş qaldırır, xroniki rinit isə bütün mövsümlərdə xəstədə ilkin olaraq fasiləsiz asqırmalar, burunda göynəmə və qaşınmalar ortaya çıxır. Daha sonra gözlərdə qaşınma və sulanma kimi əlamətlər müşahidə olunur. Xəstənin burnu daim tutulu vəziyyətdə olur və o, qoxu bilmir. Bir
müddət sonra isə burundan selik gəlməyə başlayır, qulaq tutulur. Bəzilərində üz və burun pədələri şişməyə başlayır ve nəfəsalma çətinləşir. Evdə olan zaman xəstə özünü yaxşı hiss etsə də, çölə çıxanda vəziyyəti dəyişir, rinitin simptomları özünü kəskin şəkildə büruzə verməyə başlayır. Bir qisim xəstələrdə bu elamətlər 1 ay, bəzilərində isə mövsümün sonuna kimi davam edir. Yaz mövsümü başa çatdıqdan sonra allergik rinitin əlamətləri yavaş-yavaş
aradan qalxır ve xəstə normal vəziyyətə qayıdır.
Müalicəsi vacibdirmi?
Bəli, mütləqdir ki, allergik faktor tapılaraq xəstə müalicə olunsun. Çünki vaxtında müalicə olunmadığı təqdirdə, həm allergik, həm də xroniki rinit bronxial astmaya çevrilə bilər. Odur ki, düzgün müalicə aparıldıqda allergik riniti 3-5 ilə aradan qaldırmaq mümkündür. Allergik rinitin yüngül keçmesi üçün xəstələr yaz mövsümündən 4 ay əvvəl müalicəyə başlamalı və proses mövsümün sonuna kimi davam etdirilməlidir.
Qida allergiyası nədir?
Qida allergiyası normal və zərərsiz qida inqrediyentlərinə qarşı istənilən allergik reaksiyadır.
İstənilən qidanın tərkibində allergenlər ola bilər. Adətən zülallar, daha az hallarda isə piylər və karbohidratlar allergik reaksiyalara səbəb ola bilər.
Qida allergiyasının simptomları hansılardır?
Allergik reakisyalar adətən qidanı qəbul etdikdən bir neçə dəqiqə sonra başlayır və iki saata qədər müddətdə yarana bilər. Lakin allergiyanın ağır formasına düçar olanlarda yeməyə toxunmaq və ya onun iyini hiss etməklə də allergik reaksiya yaranır.
Səciyyəvi erkən simptomlar - dodaqlar, ağız boşluğu və ya boğazın şişməsi və qaşınmasıdır. Qıcıqlandırıcı yeməklər qida yollarına düşərək ürəkbulanma, öyümə, qusma, bağırsaq sancıları və ishal törədə bilər. Həmçinin bəzən qaşınma, övrə, ekzema və dəri qızarmasına səbəb olur.
Bəzi xəstələrdə həmin qida zökəm, öskürək və səthi tənəffüslə səciyyələnən allergik rinit yarada bilər.
Bəzən də ləngimiş allergik reaksiya ola bilər - yəni allergik reaksiya qidanı yedikdən bir neçə saat və hətta bir neçə gün sonra inkişaf edir. Təcili cavabdan fərqli olaraq ləngimiş allergik reaksiyanın simptomları o qədər də çox təzahür etmir və övrə, ekzema və astmaya səbəb olmaya bilər.
Allergik xəstəliklər arasında ən təhlükəli sayılan dərman allergiyası haqqında nə deyə bilərsiz
Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır. Bu xəstəlik hazırda ən ciddi problemlərdən birinə çevrilmişdir. Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir. Bu xəstəlik əsasən həkimin təyinatı olmadan özbaşına dərman qəbul edildiyi, orqanizmdə digər xəstəliklər olduğu halda və onlar nəzərə alınmadan həblər qəbul edildiyi zaman baş verir. Belə vaxtda xəstə anofilaktik şok vəziyyətinə düşərək ölə də bilər.
Dərman allergiyasını yaradan bir səbəb də əhalinin həddindən artıq dərman qəbul etməsidir. Uzun illərin allerqoloqu kimi məsləhətim odur ki, əhali imkan daxilində dərmanlardan uzaq olsun.
Anafilaktik şok nədir?
Anafilaktik şok - xəstənin həyatı üçün təhlükəli olan, yadcinsli( antigen) maddə ilə təmas nəticəsində baş verir. Anafilaktik şok - sürətli tip allergik reaksiyalara aiddir ki, bu zaman antigenin antitellə birləşməsi nəticəsində qana bioloji aktiv maddələr ( histamin, serotonin, bradikinin) ifraz olunur. Bu maddələr qandamarlarının keçıriciliyini artırır, daxili orqanların əzələlərinin spazmına və digər pozğunluqlara səbəb olur. Arterial təzyiq aşağı düşür, beynə az oksigen daxil olur ki, bu da huşun itməsinə səbəb olur.
Ən çox oxunanlar
Son xəbərlər