Müsahibim Tibb elmləri üzrə fəlsəfə doktoru Tural Abbaszadədir
Baxılıb: 1 729 Tarix: 29-10-2018 13:19
Müsahibim Akademik M. A. Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin Cərrah-qastroenteroloqu,
Tibb elmləri üzrə fəlsəfə doktoru, 30-a yaxın elmi məqalənin, tezis və monoqrafiyanın müəllifi Tural Abbaszadədir .Həkimlə Yırtıqların Klinikası və müalicəsi haqqında danışacayıq.
-Yirtiq Nədir?
-Yırtıq möhtəviyyatı – qarındaxili orqanlar və ya orqan hissələridir (bağırsaq, piylik, yumurtalıq, uşaqlıq borusu, hətta dalaq, qaraciyər, mədə və s). Yırtıqların ölçüsü bir neçə millimetrdən tutmuş 40-50 sm-ə qədər çata bilər. Yırtıq, qarın divarındakı yırtıqdan xaricə çıxan daxili orqanların, dəri altında bir şişlik yaratmasıdır.Aydın görünən və ya asanlıqla palpasiya oluna bilən qasıq şişkinliyi ilə özünü göstərir, adətən, gərgin məşq və ya ağırlıq qaldırma zamanı diskomfortla müşaiyət olunur.Yırtıq zamanı şişlik bəzən yaranır və bəzən də yox olur. Xəstə yırtıq zamanı ayağa qalxdığı zaman, öskürəndə və s. hallarda şişlik ortaya çıxır, kürək üstünə uzananda isə yox olur. Yatanda şişliyin yox olmasının səbəbi yırtıq kisəsinin içindəki orqanların qarın içinə qayıtmasıdır. Yırtıq zamanı qarın divarında şişliyi əmələ gətirən daxili orqanlar, əsasən bağırsaqlardır. Yırtıqlar böyüdükcə şişliklər çox vaxt xaricə çıxmış vəziyyətdə qalır və xəstə yırtıq olduğu zaman rahatlamaq üçün yırtıqı içəriyə doğru salmağa çalışır.
-Yırtıqların əmələ gəlmə səbəbləri hansılardır?
-Yırtığa səbəb olan amilləri iki qrupda cəmləşdirmək olar: əsas və köməkçi.
Əsas səbəblər toxumalarının möhkəmliyini zəiflədərək qarın divarında əzələfassiya defekti törədən anadangəlmə və qazanılmış amillərdir.
Köməkçi səbəblər isə qarındaxili təzyiqi artıran risk faktorlarıdır.
Yırtıqların Klinikası haqqında nə deyə bilərsiniz?
Yırtıqlar klinik olaraq 3 formada ortaya çıxır. asimptomatik, simptomatik və ağırlaşma əlamətləri ilə.
Asimptomatik yırtıqlar çox az rast gəlir, çox kiçik yırtıqlarda və erkən mərhələlərdə görünə bilir.
• Simptomatik olaraq yırtıqlar şişkinlik (qabarma), ağrı və geriyə qayıtma əlamətləri ilə ortaya çıxır. Şişkinlik və ağrı adətən fiziki iş vaxtı və ya qarındaxili təzyiq artarkən meydana gəlir
-Öskürək simptomu – öskürdükdə qabarmanın görünməsi və ya əllə hiss edilməsi yırtığın xarakterik əlamətidir. İkinci xarakterik əlaməti yırtığın tam və ya hissəvi olaraq geriyə qayıtmasıdır (spontan və ya palpasiya ilə)
-Ağırlaşma əlamətləri – boğulma , keçməzlik, iltihabla ortaya çıxır. Davam edən güclü ağrılar və palpator ağrı fonunda, öskürək təkanının mənfi olması və geriyə qayıtmama boğulmanın xarakterik əlamətləridir. Keçməzlik əlamətlərinin olması bağırsaq boğulmasını göstərir. Yırtıq kisəsində bağırsaqlar nekroza uğradıqda kisədə və ətrafında abses və fleqmona baş verir. Piylik boğulduqda başlanğıcda aseptik iltihab baş verir, sonra infeksiya qoşula bilir.
Yirtıqları müəyyən etmək üçün hansı diaqnostik müayinələr aparılır?
Xarici yırtıqların diaqnozu əksər hallarda klinik olaraq qoyulur, görüntüləmə üsulları erkən mərhələ yırtıqlarda, differensiasiyada, yanaşı xəstəlikləri və yırtığın ağırlaşmalarını müəyyənləşdirmək üçün tətbiq edilir.
-USM bütün xəstələrdə aparılır,
-KT isə əməliyyatdansonrakı yırtıqlarda yırtığın ölçülərini və möhtəviyyatını müəyyənləşdirmək və daxili yırtıqları təyin etmək üçün vacibdir. MRT idmançı yırtıqlarını digər xəstəliklərdən (periostit, nevralgiya və s) differensiasiyada ilk seçimdir.
-Yırtığa böyük şübhə olduqda lakin klinik və görüntüləmə üsulları ilə təsdiq etmək çətinliyi olanlarda laparoskopiya aparıla bilər.
-Yırtıqların müalicəsi necə həyata keçirilir?
-Yırtığın yeganə müalicəsi cərrahi əməliyyatdır – yırtıq kisəsinin ləğvi (herniotomiya) və defektin bərpası. Defekti bərpa etmək üçün yerli toxumalar (herniorafiya) və ya sintetik və ya təbii yamaqlar (hernioplastika) tətbiq edilir. Son illər laparoskopik üsulla və yamaqla bərpa standart kimi qəbul edilməkdədir. Göbək altından 1 sm-lik kəsikdən kameraya birləşdirilmi nazik endoskop yeridlir. Əlavə 2 nöqtədən 0.5 sm-lik kəsiklərdən xüsusi nazik işlək hissəsi 2 sm olan alətlər salınır, yırtıq kisəsi ayrılır. Yırtığın arxa divarına prolen tor bərkidilir.
-Laparoskopik əməliyyatın üstünlükləri hansılardır?
1. Cərrahi əməliyyat zamanı istifadə olunan prolen tor “dartqısız cərrahiyyə növüdürki, bu zaman qarın daxili təzyiq geniş prolen torun üstünə düşür. Buda residiv (yenidən əmələ gəlmə) şansını azaldır.
2. Laparoskopik yırtıq plastikası zamanı bud-qasıq nahiyyəsində, düz və çəp yırtıqların müalicəsi geniş torun istifadəsi ilə bir əməliyyatda həll olunur.
3. Prolen tor ay yarım vaxtda sonra orqanizmin toxumaları tərəfindən şəbəkələnərək möhkəm bir sipər formalaşdırır.
4. Xəstə əməliyyat günü aktivləşir, sabahı gün evə yazılır.
5. Evə yazılarkən xüsusi pəhriz və dərman müalicəsinə ehtiyac olmur.
6. İkitərəfli yırtıq hallarında əməliyyata iki ədəd geniş kəsiyə ehtiyac olmur.
-
Yırtıqlarda əməliyyatın vaxtı və üsulunun seçilməsi mütləqdirmi?
-Yırtıqlarda əməliyyatın vaxtı və üsulunun seçimində ağırlaşması, yeri və ölçüsü nəzərə alınır.
Ağırlaşmamış yırtıqlar planlı qaydada, ağırlaşmış yırtıqlar isə təcili qaydada əməliyyat olunurlar.
Boğulmuş yırtıqlar təcili əməliyyat edilir. Laparoskopik abdominal və ya açıq üsullar tətbiq edilə bilər (ekstraperitonel giriş məsləhət deyil), boğulmuş orqanın həyat qabiliyyətini yoxlamaq vacib şərtdir.
Yırtıq fleqmonası təcili əməliyyat edilir, birbaşa laparotomiya və ya laparoskopiya girişi ilə bağırsaq rezeksiyası həyata keçirilir, sonra yırtıq kisəsi açılıb təmizlənir.
Nəhəng yırtıqlar adətən qarın boşluğu orqanlarının ən az 1/3 hissəsinin kənara çıxması ilə xarakterizə olunur. Belə yırtıqların bərpası vaxtı orqanların qarın boşluğuna yerləşməsi çətinləşir və kompartman əmələ gələ bilir. Kompartmanın profilaktikası üçün adaptasiya, mərhələli əməliyyatlar və ya rezeksiyalar tətbiq olunur.
Kiçik yırtıqlarda (1,5 sm-dən kiçik orta xətt yırtıqları) defekti yerli toxumalarla bərpa etmək olar.
Kiçik uşaqlarda rast gəlinən kiçik yırtıqlarda herniotomiya edilə bilər
-Əməliyyatdan sonra yenidən yırtıq əmələ gələ bilərmi?
-Əməliyyatdan sonrakı çapıqlarda yırtıq inkişafı 10-15% hallarda rast gəlir. Aşağıdakı amillər çapığın zəifləməsinə və əməliyyatdan sonrakı yırtıqların əmələ gəlməsinə şərait yaradır:
- Yaranın irinləməsi
- Erkən postoperativ dövrdə qarındaxili hipertenziya (köp, öksürək, ağır fiziki iş)
- Piylənmə
- Anadangəlmə birləşdirici toxuma zəifliyi
-
Sinir zədələnməsi
Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
Buyurun, həmişə sağlam olun
Ən çox oxunanlar
Son xəbərlər