Qanunvehedef.az saytının bu dəfəki qonagı təcrübəli həkim stomatoloq Əfrail Yaqubovdur.
Baxılıb: 3 629 Tarix: 08-11-2018 15:27
Hazırda stomatologiyanın günümüzdə ən aktual məsələlərindən biri - itirilmiş dişlərin bərpasıdır. Bu yalnız rahat qidalanma və estetika üçün deyil, eyni zamanda digər dişlərin deformasiyası və əyilməməsi üçün vacibdir. İnsanlar zədəli və itirilmiş diş problemi ilə üzləşərkən bu problemin məhz hansı yolla həll edilə bilməsi sualı qarşısında qalırlar. Konkret halda hansı variantın daha optimal olması onlar üçün qaranlıq qalır.
Arayış: Yaqubov Əfrail Alı oglu 1975 - ci il sentyabr ayının 16 - da Biləsuvar rayonunun Nərimanabad kəndində anadan olmuşdur. 1992 - ci ildə Nərimanov adına Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü respublika baza litseyini bitirmiş və universitetin stomatologiya fakultəsinə qəbul olunmuşdur. 1997 - ci ildə universiteti bitirdikdən sonra bir il Qazax rayon stomatoloji poliklinikasında işləmişdir. 2002 - ci ildən paytaxtın bir sıra özəl tibb müəssisələrində əmək fəaliyyətini davam etdirmişdir. Hal-hazırda Florense Clinik tibb mərkəzində stomatoloq vəzifəsində işləyir.
-Diş qapağı (koronka) nədir?
-Diş qapağı ağız boşluğunda hər hansı bir səbəblə itirilmiş, olmayan dişlərin və ya bir hissəsi itmiş dişlərin yenidən bərpası üçün istifadə olunan ortopedik konstruksiyalardır. Diş qapaqları bir neçə növdə mövcuddur.Bunlar əvvəllər daha çox bilinən metal qapaqlar, titan qapaqlar daha sonralar metal plasmaz qapaqlarla əvəz olunmuşdur. Günümüzdə daha çox metal keramika, zirkomium qapaqlar, laminavinirlər, metalsız keramika qrupundan presskeramika və s. mövcuddur. Bu qapaqlar dişlərin bütövlüyünü bərpa etməz, həmçinin estetik önəmdə daşıyır. Bu qapaqları hazırlayaraq xəstələrin estetik xüsusiyyətlə yanaşı, anatomik ehtiyaclarını da qarşılayırıq. Diş tacı tamamilə itirilmiş hallarda da bu qapaqlardan istifadə olunur. Əgər dişin kökü sağlamdırsa, bu kökdən dəstək alaraq güdülləmə və s. metodlarla həmin dişi bərpa edib, üzərini qapaqla örtə bilirik.
-Körpüvari protezlər nədir?
-Körpüvari protezlər diş sırası qüsuru olan nahiyənin ön və arxa dişləri yonulmaqla, dayaq dişlər və aralıq hissədən ibarət konstruksiya şəklində hazırlanır. Bəzi hallarda dayaq, yəni qonşu dişlərin depulpasiyası, yəni sinirinin çıxarılması lazım olur. Körpüvari protezlər təbii dişlərlə bərabər implantüstü protezləmədə də istifadə olunur.
-İmplant dişlər nədir?
İmplant protezlər itirdiyiniz dişlərin bərpası üçün ən yaxşı üsuldur. İmplantat çənə sümüyünə yerləşdirilən, titandan hazırlanmış süni diş köküdür. Dişlərin ″əkilməsi″ cərrah-iplantoloq tərəfindən həyata keçirilir. 2-4 ay sonra, implantat tam bitişdikdə, ortoped onun üzərinə diş qapağı, yaxud protez bərkidir. Bəzi hallarda, təcrübəli mütəxəssislər xüsusi implantatlardan istifadə edərək, eynizamanlı implantasiya həyata keçirə bilirlər. Bu zaman implantat və bərpası mümkün olmayan diş çıxarıldıqdan dərhal sonra onun yerinə taxılır, yəni dişsiz qalıb əziyyət çəkdiyiniz zaman sıfıra endirilir. Çıxarılmış dişi əvəz etmək üçün, artıq ona bitişik dişləri yonub, körpüşəkilli protez taxmaq lazım gəlmir. İmplantat qonşu dişləri həm yonulmadan, həm də onların vaxtından əvvəl sıradan çıxmasına səbəb olan əlavə yüklənmədən xilas edir .Əgər bir neçə diş çıxarılıbsa, yaxud dişlərin heç biri yoxdursa, onda implantatlar çıxarılmayan protez üçün dəstək rolunu oynayır. Hələ bir neçə il əvvəl belə vəziyyətlərdə çıxarıla bilən protezə alternativlər yox idi. İmplantat üzərinə bərkidilmiş diş sizin öz təbii dişləriniz kimidir. Belə protezlər qidanı çətinlik çəkmədən çeynəmək imkanını yenidən sizə qaytarır.
-Diş plombu nədir?
-Diş plombu kariesi olan və zədə görmüş dişlərdə bakteriyaların irəliləməsinin qarşısını almaq məqsədilə boşluqlar açılaraq həmin boşluqların doldurulmasıdır və bu zaman çürümənin qarşısı alınır. Diş plombları arxa və ön dişlərə görə dəyişir. Qabaq dişlərdə isə estetik görünüş əsas məqsəd olduğu üçün burada mikrohibrid və nanohibrid kompozit plomblardan istifadə olunur. Bərkimə xüsusiyyətinə görə kimyəvi bərkiyən, işıq şüasının təsirindən bərkiyən, ağız temperaturunda öz-özünə bərkiyən plomblar mövcuddur.Ağızda olan konkret vəziyyətdən və pasientin arzusuna uyğun olaraq dişlər çıxan və çıxmayan protezlərlə bərpa oluna bilər.
-Həkim, zəhmət olmasa, çıxan və çıxmayan protezlərlər haqqında nə deyə bilərsiz?
-Hansı növ diş protezinin lazım olduğuna həkim pasienti ətraflı müayinə etdikdən sonra qərar verir.Çıxan protezlərdən aşağıdakılara üstünlük verilir: -Hissəvi çıxan protezlər (bügel, deflex və s.); -Tam çıxan protezlər (Avropa və Amerika istehsalı olan dişlər və bazis materialları)
Bügel metal-plastik bazis hissədən və süni dişlərdən ibarət hissəvi çıxan protezdir. Bu protezlər estetik və funksional olmaqla uzun müddət problemsiz istifadə olunur. Çeynəmə prosesində protezin fiksasiyası ilə bağlı hər hansı bir problem yaşanmır.
Deflex elastik bazisli hissəvi çıxan protezdir. Biouyğun və orqanizm üçün zərərsiz materialdan hazırlanır. Fiksasiya problemləri yaşanmır. Sadə hissəvi çıxan protezlərdən fərqli olaraq bunlarda görünən klammerlər yoxdur. Bu vəzifəni protez bazisindən olan istinad tutucuları yerinə yetirir. İstifadəsi pasient üçün çox rahatdır.
Tam çıxan protez bütün dişlərini itirmiş pasientlər üçün hazırlanır. Bu tip protezlər klinikamızda orqanizm üçün heç bir əlavə təsiri olmayan, allergik reaksiya yaratmayan, rəngi dəyişməyən, çeynəmədə səs çıxarmayan, tam biouyğun Avropa və Amerika istehsalı olan dişlər və bazis materiallarından hazırlanır.
-Vinir nədir?
-Dişlərin estetik bərpası üçün ən ideal seçim vinirləmələrdir.Keramik laminat vinirlər görünüşünüzə mənfi təsir göstərən bir çox diş problemlərinin radikal kosmetik həllidir. Laminat vinirlərlə müalicənin mahiyyəti - keramikadan hazırlanan nazik, yarı şəffaf təbəqələrin dişlərin ön səthlərinə yapışdırılmasındadır. Bu növ müalicə əsasən estetik problemləri olan ön dişlərdə tətbiq olunur və ən konservativ (qoruyucu) müalicələrdən biridir. Vinirlərin hazırlanması üçün dişlərin ön səthindən çox az bir qalınlıqda mina təbəqəsinin yonulub götürülməsi yetərlidir. Təxminən 0,3-0,7 mm qalınlığında diş toxumasi yonulub götürülür. Yonulmuş dişlərdən ölçü alınır və istənilən rəng və formada vinirlər diş texniki laboratoriyasında hazırlanıb dişlərin ön səthlərinə xüsusi yapışdırıcı – adheziv ilə yapışdırılır. Vinirlərlə dişlər arasında möhkəm bir birləsmə əmələ gəlir. Çox incə və metalsız olduğundan, onlar təbii dişlərə mükəmməl estetik görünüş verirlər.
-Vinir dişlər kimlərə tətbiq edilir?
-Ön dişləri aralı olan şəxslərə; -Dişlərində qırıq və ya çat olan şəxslərə; -Ön dişlərində hiss ediləcək dərəcədə çürük olan şəxslərə; -Dişlərində dişin ağardılması prosesi ilə aradan qaldırıla bilməyən rəng dəyişikliyi olan şəxslərə.
Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik
Buyurun, həmişə sağlam olun.
Doktor Yaqubovla əlaqə: Tel. Mob.: (050) 540-04-64
Ən çox oxunanlar
Son xəbərlər