Üz dərisini ləkələrdən necə qorumaq lazımdır
Baxılıb: 1 132 Tarix: 18-05-2018 13:52
Qanunhedef.az saytının bu dəfəki qonağı həkim –kosmetoloq Zülfiyyə Bağırovadır.
Dəridəki ləkələr, adətən, ya ağ, sarı rəngdə olur, ya da çəhrayı, mavi, bənövşəyi rənglərə çalır.Bəs, ləkələr hansı səbəblərdən yaranır və hansı təhlükələrdən xəbər verir?
Əvvəlcə onu qeyd edək ki, dəridə ləkələr əsasən, zob xəstəliyi, dəmir çatışmazlığı, maddələr mübadiləsinin pozulması, böyrəküstü vəzin və qaraciyərin xəstəliyi zamanı meydana gəlir. Qandakı dəyişikliklər də ləkələrin yaranmasına və artmasına səbəb ola bilər. Bəzi ləkələr isə göbələk xəstəliyi və ya xərçəng zamanı müşahidə edilir. Xəstəlik müalicə edilməzsə, ləkələr sürətlə artır. Aparılan araşdırmalar göstərib ki, dəridə yaranan ləkələrin rənginə baxaraq onun hansı xəstəliyin əlaməti olduğunu müəyyənləşdirmək mümkündür.
Yaz fəslində dərini, xüsusilə üz dərisini ləkələrdən necə qorumaq lazımdır? - Yazda üz dərisini əsasən ultrabənövşəyi günəş şüalarından qorumaq lazımdır. Ultrabənövşəyi şüalar dəridə hüceyrənin bərpası prosesini ləngidir, dərinin buynuz qişası qalınlaşır və dəri nahamar, solğun görünüşə malik olur, qırışlar və piqment ləkələri yaranır. Xüsusilə günəş şüasına həssas olan dəriləri ultrabənövşəyi şüalardan qorumaq lazımdır.
Azərbaycandakı iqlimlə əlaqədar ultrabənövşəyi şüalar daha çox olduğundan üzə daha tez ləkə salır. Açıq dərili qadınlar yazda daha ehtiyatlı olmalıdırlar. Çünki qaraşın xanımlardan fərqli olaraq, açıq dərili xanımların dərisində qoruyucu faktor azdır. Amma bütün qadınlar ultrabənövşəyi şüalardan qorunmalıdırlar. Həm də nəzərə almaq lazımdır ki, ultrabənövşəyi şüalar dəriyə ləkə salmaqla yanaşı, müxtəlif dəri törəmələri də yaradır. Buna görə də evdən çölə çıxarkən kosmetikanın altından, kosmetikadan istifadə etməyənlər isə sadəcə günəşdən qoruyucu kremdən istifadə etməlidir.
Çillərdən tamamilə qurtulmaq mümkündürmü? Həkim bildirir ki, çillərdən tamamilə qurtulmaq mümkün deyil. Xüsusi krem və maskalardan istifadə etməklə onları yalnız bir qədər şəffaflaşdırmaq (ağartmaq) və daha az nəzərəçarpan etmək olar: "Piqment ləkələri əksər hallarda böyük ölçülərdə olaraq heç kimə cazibə vermir.
Piqment ləkələrinin əmələ gəlməsinin əsas səbəblərindən biri günəş şüalarıdır. Xüsusilə açıq rəngdə olan dəri günəş şüalarına qarşı daha həssas olur.
Dəridə melanin ifraz edən melanosit hüceyrələri mövcuddur. Məhz bu hüceyrələr dərini yanmaqdan qoruyur. İnsan günəş şüaları altında uzun müddət qalanda melanosit hüceyrələri daha çox melanin ifraz edir və nəticədə dəri daha çox qaralır. Bəzən dəridəki melanosit hüceyrələr melanin maddəsini qeyri-bərabər və lazım olduğundan daha çox ifraz edirlər.
Bunun nəticəsində isə dərinin qaralması bərabər şəkildə olmur, onun üzərində bir sıra tünd ləkələr əmələ gəlir. Xoşagəlməz nəticələrdən uzaq olmaq üçün günəş şüaları altında düzgün qaralmaq qaydalarını bilmək lazımdır".
Piqment ləkələrinin əsas səbəbi nədir?
Piqment ləkələrin əmələ gəlməsinin əsas səbəbi günəş şüalarının təsirinə artıq dərəcədə məruz qalmaqdır. Lakin onların digər səbəbləri də var: "Hormonal dəyişikliklər, stresslər, orqanizmdə yaşa uyğun olan dəyişikliklər, dərinin düzgün təmizlənməməsi, vitamin B12 çatışmazlığı, kosmetik pilinqlərdən çox istifadə edilməsi, dəriyə qulluq edilməsində zərərli vasitələrdən istifadə edilməsi, uzun müddət kontraseptiv həblərdən, antibiotiklərdən və vitamin A-dan istifadə edilməsi, genetik meyllilik (bəzi adamlarda dərinin istənilən travmatik zədələnməsi, donması, yanması və ya sadə sızanağın olması da piqment ləkələrin əmələ gəlməsinə səbəb olur) və s. Əksər hallarda piqment ləkələri hamiləlik vaxtı da əmələ gəlir.
Bu ləkələrlə (xloazmalar) mübarizə aparmaq lazım deyil. Onları sadəcə olaraq günəş şüalarının təsirindən qorumaq lazımdır. Doğuşdan sonra bədənin hormonal fonu sabitləşdiyi üçün bu ləkələr də ən çoxu 1 il ərzində keçib gedir.
Dəri hansı səbəblərə görə öz nəmliyini itirə bilər?
Dəri aşağıdakı səbəblərə görə öz nəmliyini itirir: dəriyə düzgün qulluq edilməyəndə; günəş şüalarının və küləyin təsirindən; ətraf mühitin ekoloji çirklənməsindən və s. Yadda saxlamaq lazımdır ki, quru dəri öz nəmliyini daha asanlıqla itirir.
Dərinin nəmliyini daimi olaraq bərpa etmək tələb olunur. Bu məqsədlə nəmləndirici krem və maskalardan istifadə olunur. Yadda saxlamaq lazımdır ki, yaz və yay aylarında nəmləndirici vasitələr gündüz saatlarında, payız və qış aylarında isə axşam saatlarında istifadə olunmalıdır. Kremi çəkdikdən 20-30 dəqiqə sonra onun qalıqlarını mütləq yumşaq salfet ilə təmizləmək lazımdır. Nəmləndirici kremi makiyajdan qabaq özül (“baza”) kimi də istifadə etmək olar.
- Nədənsə qadınlar daha çox üzlərinə qulluq edir, üz dərilərinin gənc qalmasına çalışırlar. Amma əllər və boyun dərilərini unudurlar. - Elədir. Üz dərisinin çatışmazlıqlarını makiyajla örtmək mümkündür, amma qulluq olunmayan əlləri və boyunu gizlətmək mümkünsüzdür. Xanımlarımız unutmasınlar ki, əllər və boyun dəriləri onları ələ verir, yəni sözügedən bədən üzvlərinə baxdıqda qadının heç də gənc olmadığı üzə çıxır.
Təəssüf ki, ələ üzə qulluq edildiyi kimi diqqət ayrılmır. Çünki əllər çox istifadə edilən orqandır. Mütləq əllər üçün nəmləndirici, qidalandırıcı kremlərdən istifadə edilməli, soyuqdan və istidən qorunmalıdır. Paraşok və sabundan istifadə edərkən əlcək geyinilməlidir. Əllər üçün nəzərdə tutulan xüsusi maska və skrablarlardan da istifadə edilməlidir. Əl də ən azından üz kimi qulluq tələb edən, hətta üzdən fərqli olaraq daha çox yıpranmaya meylli orqandır. Boyuna da üz kimi krem çəkilməli, maskalar qoyulmalıdır.
Ən çox oxunanlar
Son xəbərlər