“SƏN İŞİNDƏ OL!” – Kimsə o başçıların qulağına beləmi pıçıldamışdı?...
Baxılıb: 637 Tarix: 06-05-2020 13:56
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları artıq sayca beşinci icra başçısının qapısını döyüb. Dünən növbəti “dayanacaq” İmişli Rayon İcra Hakimiyyətinin binası olub. Rəsmi məlumat hələlik açıqlanmayıb, amma artıq məlumdur ki, icra başçısı Vilyam Hacıyev və komandasının qoluna qandal taxlılıb. Hadisələr eynilə əvvəlki dörd icra hakimiyyətində olduğu kimi inkişaf edib, çox güman ki, bu gündə-sabahda başçının kabinetində quraşdırılmış gizli kameranın qeydə aldıqları ilə də tanış ola biləcəyik.
Təxminən yarım il ərzində icra strukturlarında həyata keçirilən sərt tədbirlərin bəzi nəticələri ortadadır. Məmurların həbsi cəmiyyətdə müsbət qarşılanıb, ictimai rəydə real islahatların dərinləşəcəyinə ümidlər formalaşır və s. Amma gedişatda başqa tendensiyalar da ortaya çıxır, eyni zamanda prosesin necə sonuclanacağı, hökumətin yekunda idarəçilikdə hansı sistemi bərqərar edəcəyi ilə bağlı suallar və gözləntilər var.
İcra başçıları həbslərdən niyə nəticə çıxarmayıb?
Əvvəla, yarım il ərzində 5 icra başçısının həbsi kifayət qədər ciddi hadisədir. Onların hamısı eyni cinayət əmələrində ittiham olunurlar: Korrupsiya, rüşvət, vəzifə səlahiyyətlərinin aşılması, mənimsəmə... İstintaqla yəqin ki, bu cinayətlərin əhatə dairəsi daha da genişləndirilə bilər. Maraqlı tendensiya ondan ibarətdir ki, ötən ilin dekabrın 19-da Ağstafa və Yevlax rayonlarının icra başçılarının (İkinci artıq sabiq idi) qalmaqallı həbsi başqa rayon icra hakimiyyətlərində o qədər də həyəcan yaratmayıb. Məsələn, olub-bitənlərdən sonra Neftçalanın hakimi-mütləqi İsmayıl Vəliyevin kabinetində özünə əmin-arxayın şəkildə rüşvət pullarını sağ-sol ciblərinə doldurmasını dərin heyrətlə izlədik. Yaxud, "koronavirus sərf edir" deyib dövlətin pandemiyaya çəkdiyi xərcləri yarıya bölən Biləsuvarın icra başçısı Mahir Quliyevin nümayiş etdirdiyi ifrat ləyaqətsizlik adamı dəhşətə gətirir. İstisna deyil ki, dünən qandallanan Vilyam Hacıyev də gizli kameralar önündə ötən bu yarım ildə dəfələrlə həmkarlarının performansını nümayiş etdirib.
Çox maraqlı və düşündürücüdür: bu səlahiyyətli şəxslər Prezidentin bu prosesdə necə qətiyyətli olduğunu, heç kimə güzəşt olmayacağı barədə dönə-dönə verdiyi mesajları niyə nəzərə almayıblar? Nəyə, yaxud kimə arxayın olub özlərini toxunulmaz hesab ediblər?
Yaxud, heç olmasa yerli sakinlərin sosial şəbəklərdə DTX-nı rayona dəvət etmələrini niyə ciddiyə almayıblar?
Heç olmasa, özlərinin törətdikləri əməllərin Cinayət Məcəlləsindəki maddələrin az qala yarısına sığmadığını bildikləri halda niyə ehtiyatlı davranmayıblar?
Prezidentin bölgələrdə əsas səlahiyyətli nümayəndəsi sayılan bu icra başçıları hakimiyyətdə gedən yeniləşmə prosesini, kadr və struktur dəyişikliklərinin nədən xəbər verdiyini anlamaqda niyə bu qədər çətinlik çəkiblər?
Əlbəttə, onların tərcümeyi-halları ilə tanış olduqda bəzilərinə "haqq vermək" olur - alayarımçıq təhsilləri, yüksək məmur postuna yaramayan həyat və fəaliyyətləri, təcrübələri, acgözlülükləri, harınlıq dərəcələri onlara ölkədə gedən prosesi anlamağa mane olub. Bunu başa düşdük. Bəs bunların bütün canlılara xas olan “özünüqoruma instinkti” niyə işə düşməyib? Axı məntiqlə, bir, uzağı ikinci başçının rüsvayçı həbsindən sonra bunlar ehtiyat tədbirləri görməli, ən azı kabinetlərindəki bazarı yığışdırmalı idilər? Amma nəinki yığışdırmayıblar, hətta belə görünür ki, bəziləri daha da azğınlaşıblar – onların da kabinetinə gizli kameranın yerləşdirilməsi ehtimalını isə heç yaxına belə buraxmayıblar. Sanki hər başçının həbsindən sonra kimsə bunların qulağına pıçıldayıb: “Sən işində ol! Sənə dəyə bilməzlər!”
Həqiqətən də çox maraqlıdır və mütləq aydınlaşdırılmalıdır ki, bu adamları bu dərəcədə yüksək harınlıq həddinə çatdıran nə olub, kim olub. İndi bu məqamı araşdırmaq onların saysız-hesabsız cinayətlərini araşdırmaqdan çox-çox vacib məsələdir...
Dövlət nəzarət orqanları nəyə nəzarət ediblər?
Ali səviyyədə verilən mesajdan yaranan gözləntilərə görə, bu həbslər başqa icra qurumlarını, hətta mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edə bilər. Hər yerdə eyni korrpusiya sistemi, mənimsəmə mexanizmləri mövcuddur. Bunu bilmək üçün uzağa getmək lazım deyil. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2018-ci il üzrə hesabatını oxumaq kifayətdir. Həmin hesabatın preambulasında yazılıb: "…Aparılan yoxlamalarla müəyyən edilib ki, yerli icra hakimiyyətlərində yeni təyin edilən rəhbərlik tərəfindən keçmiş rəhbərliyin fəaliyyəti dövründə aparılan təmir və tikinti işləri heç bir sənədləşmə olmadan, yəni səbəbi göstərilmədən sökülür və ya ehtiyac olmadığı halda, onların üzərindən yenidən təmir işləri aparılır. Bu da büdcə vəsaitinin səmərəsiz xərclənməsinə, habelə əvvəlki rəhbərlik tərəfindən həmin işlərə xərclənən vəsaitlərin nəzarət tədbirlərindən kənarda qalmasına gətirib çıxarır…”
Yaxud, Hesablama Palatasının saytında yerləşdirilən auditlərin nəticələrinə baxdıqda dövlət qurumlarının necə işlədikləri, hansı cinayətlərə yol verdikləri barədə qalaq-qalaq yazılıb, aidiyyatı üzrə məlumat verilib, amma vəziyyət dəyişməyib.
Bundan sonra necə olacaq?
Bundan sonra necə olacaq, cəmiyyətdə əsas gözlənti bu istiqamətdədir. Yuxarıda təsvir olunan situasiya birmənalı şəkildə onu diqtə edir ki, təkcə icra qurumları, büdcə təşkilatları yox, dövlət nəzarət orqanlarının fəaliyyətinin yoxlanmasına, aktivləşdirilməsinə ciddi ehtiyac var. DTX-nın keçirdiyi əməliyyatların lazımlı effektini o zaman əldə etmək olar ki, davamlı, ciddi və sərt nəzarət təmin edilsin. Aparılan yoxlamaların, auditlərin, orada yer alan faktların araşdırılması, cinayətə yol verən şəxlərin müvafiq qaydada cəzalandırılması vacibdir. Xüsusən, əvvəllər olduğu kimi belə cinayətə yol vermiş şəxslərə yüngül cəza verilməsinə, qısa müddət sonra isə həbsdən azad edilmələrinə şərait yaradılmasına qətiyyən yol vermək olmaz. Dövlət vəzifəsi etibar olunan məmurun ona gəlir mənbəyi kimi baxmasını şərtləndirən əsas amillərdən biri budur. Prezident də bu faktın altını cızaraq məmurların dövlət vəzifəsinə rüşvətlə təyin olunduğunu, bu yolla vəzifə alanların səlahiyyətli olduqları müddətdə verdikləri pulu çıxarmağa və əlavə qazanc götürməyə çalışdıqlarını vurğulayır.
İşdən çıxarılan məmurun aqibətinə gəldikdə, topladığı var-dövlətin bir qismini itirir, qalanını sərmayə və pul şəklində öz biznesinə yatırır və ya ölkədən çıxarır. Bu gün yüzlərlə keçmiş məmurun sorağı dünyanın ən bahalı şəhərlərindəki biznes şəbəklərindən, daşınmaz əmlak alqı-satqı mərkəzlərindən gəlir. "Bəxti gətirməyib" həbsə düşənləri də bədbəxt saymaq olmaz, həbsxanada yağ-bal içində bəslənib bir neçə ildən sonra müxtəlif yollarla azadlığa çıxır, əlində böyük sərmayə, biznes hələ də var. Kef məclislərindən sosial şəbəkələrə pozlar verməklə acıq verir. Bu tendensiyanı dayandırmaq mümkün olmasa, idarəçilikdə az qala məmur-vətəndaş qarşıdurmasına gətirən bu vəziyyəti dəyişmək perspektivi çətin təsəvvür edilir.
Necə dəyişmək olar?
İdarəçiliyi necə dəyişməyə gəlincə, aparılan həbslər göstərir ki, icra hakimiyyəti sistemi cəmiyyətdə öz nüfuzunu itirib, ona təyin olunan rəhbərlərin kimliyindən asılı olmayaraq etimad limiti yoxdur. Bu, uzun illərin yaratdığı problemlərin tərkib hissəsidir. Hökumət yeni idarəçilik sisteminə keçməlidir və bu zaman bələdiyyə institutunun gücləndirilməsi, əks-mərkəzləşmə siyasətinin aparılması olduqca vacibdir. Bu zaman həm yerli idarəçilikdə ictimai iştirakçılıq artar, ona paralel ictimai nəzarət formalaşar, həm də dövlətin yükü kəskin azalar. Bu gün büdcədən ayrılan milyonlarla manat dotasiya yerli icra qurumlarına deyil, aqrar sektora, kiçik və orta biznesin, və başqa sahələrin inkişafına yönəldilər. Nəticə etibarı ilə dövlət yerli idarəçilikdə bir neçə hədəfinə çatmış olar. Həm əhalinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində fundamental addımlar atılar, həm də hökumətə ictimai etimadın yaranması istiqamətində ciddi nailiyyət əldə olunar.
E.Rüstəmli
Ən çox oxunanlar
Son xəbərlər