Necə oldu ki, günlərin birində şərtlər Azərbaycanın xeyrinə dəyişildi?
Baxılıb: 554 Tarix: 30-12-2021 14:20
Artıq möhtəşəm qələbə çaldığımız İkinci Qarabağ müharibəsindən sonra ikinci il dəyişikliyini qeyd etmək ərəfəsindəyik.
Düşmənin döyüş meydanında tam məğlubiyyətindən sonra, siyasi və diplomatik müstəvidəki sarsıdıcı zərbələr alması da, hər birimizin gözü qarşısında baş verir. 44 günlük müharibədən təxminən bir il 44 gün keçdiyi indiki məqamda açıq demək olar ki, Ermənistanın daim ümid bəslədiyi və mədət umduğu şimaldakı ağası ilə qərbdəki ağaları da artıq yeni reallığı qəbul edirlər. Buna görə də, artıq əminliklə demək olar ki, başqa alternativi olmayan və dalana dirənmiş Ermənistan da nəhayət ki, bu reallığı dərk və qəbul etməkdədir. Düşünürəm ki, çox qısa bir müddətdə, hətta qarşıdakı 2022-ci il ərzində biz regionda daimi barışı, təhlükəsizliyi, sabitliyi və dayanıqlı inkişafı təmin edəcək böyük sülh sazişinin imzalanmasına nail olacağıq.
Ancaq hər bir halda düşünürəm ki, dövlət və xalq olaraq nə qədər haqlı və güclü olsaq da, ikili standartların, ədalətsizliyin və böyük güclərin maraqlarının təmin olunması prosesinin hökm sürdüyü bir şəraitdə bütün bunlara necə nail olduğumuz hər birimizi bu gün də maraqlandırır. Haqlı olmağımızla bağlı amil münaqişənin ilk günündən həm bizə, həm də bütün dünyaya bəlli idi ki, BMT Təhlükəsizlik Şurası qeydsiz və şərtsiz bizim haqlılığımızı təsdiq edən qətnamə qəbul etdi. Güclü olma amili də ciddi amildir, ancaq məsələni həll etmək üçün kifayət edəcək son faktor deyil. Müttəfiqlərimizin və dsətəkçilərimizin olması da böyük əhəmiyyət kəsb edirdi, ancaq bizim müttəfiqlərimiz haqsız Ermənistanın müttəfiqlərindən nə sayca çox, nə də daha güclü deyildilər. Keçmiş Qarabağ münaqişəsi ətrafında otuz ilə yaxın dəf olunmaz siyasi, diplomatik və informasiya blokadası yaradacaq qədər gücə malik bütün dünya üzrə fəaliyyət göstərən erməni diaspora və lobbi təşkilatları və ermənipərəst quvvələr birdən zəiflədilərmi? Xeyr. Yenə və hətta deyərdim ki, daha geniş vüsətlə çalışmaqdadırlar.
Bəs necə oldu ki, günlərin birində şərtlər və hadisələr Azərbaycanın xeyrinə dəyişildi? Və bu dəyişikliklər Azərbaycana düşməni 44 gündə əzməyə şərait yaratdı və dünyanı da bu prosesi müşahidə etməyə məcbur etdi?!
Zənnimcə bu sualın cavabı hazırda baş verən proseslərdə açıq şəkildə müşahidə olunmaqdadır. Bunu indi təhlil və analiz edib anlamaq heç də çətin deyil. Ancaq müharibədən öncə bunu anlamaq, bu vacib amili əsas götürüb hər şeyə rəğmən qanlı döyüşə girmək və bütün dünyanın diqqətlərini regiona cəlb edərək dünyanın gözü önündə baş verənlərlə bağlı məsuliyyəti öz üzərinə götürmək çox böyük risk, sarsılmaz iradə və inanılmaz uzaqgörənlik tələb edirdi. Bunu isə Azərbaycan dövləti Prezident İlham Əliyevin simasında 27 sentyabr 2020-ci il tarixində öz üzərinə götürdü və bu prosesdən tam qalib olaraq çıxdı. Hər şey ən xırda detalına və baş verəcək dəqiqəsinə qədər siyasi, diplomatik və hərbi dəqiqliklə hesablanmışdı.
Ancaq bütün bunların müqabilində dünyaya elə bir təklif etdik ki, dünyada söz sahibi olan heç bir güc özünün “erməni sevgisi”nə və “böyük erməni planı”na rəğmən bu təklifdən imtina etmək iqtidarında deyildi. İçində ermənipərəstlərin və azərbaycanafobların daha üstünlük təşkil etdiyi dünyanı “Zəngəzur dəhlizi” faktı ilə üz-üzə qoyduq. O dünyanı ki, kiçik dövlətləri münaqişələrə və qarşıdurmalara cəlb edərək “parçala və hökm sür” planını əsrlərdir ki, həyata keçirməklə yanaşı daim alternativlər axtarışındadır. Keçmiş Qarabağ münaqişəsi ilə bağlı otuz ilə yaxın bir dönəmdə heç vaxt müzakirə mövzusu olmayan “Zəngəzur dəhlizi”ni masaya qoymaqla Prezident İlham Əliyev özünün siyasi zəkası, diplomatik dühası və uzaqgörən liderliyi ilə böyük oyunçuları mat və münaqişənin taleyini isə həll etdi. Dünyanın nəhəng güclərinin maraqlarının toqquşduğu cənubi Qafqaz regionunu həmin əksqütblü güclərin maraqlarının uzlaşdığı bir regiona çevirdi. Bu günə qədər dünyanın ən mürəkkəb regionlarından biri olan regionumuzda bu gün Rusiyanın, Türkiyənin, İranın, İsrailin və hətta ABŞ başda olmaqla Qərbin maraqları məhz Zəngəzur dəhlizinə görə uzlaşmaqdadır. Böyük iqtisadi maraqları təmin edəcək bu prosesdən hətta dünya üzrə bütün proseslərə rəsmən neytarllıq nümayiş etdirən Çin kimi “yatmış nəhəng” də yanadır. Məhz bu amil bizim qələbəmizi və bu qələbəmizə görə heç bir ittihama tuş gəlməyəcəyimizi təmin etmiş oldu. Hesab edirəm ki, artıq regionda sülhün və təhlükəsizliyin təməlini qoyacaq reallıqla bütün dünya tanışdır və bu prosesin tam şəkildə və uğurla həyata keçməsi sadəcə zaman məsələsidir.
Azərbaycan xalqının 2020-ci ildə xalqımız və dövlətimiz üçün ən önəmli və taleyüklü olan məsələdə bir səs kimi həmrəy olmasının və rəhbərinin ətrafında “dəmir yumruq” kimi birləşməsinin təməli 1991-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda dünya azərbaycanlılarının həmrəyliyi təşəbbüsü ilə qoyuldu. Sadəcə bu proses müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmrəyliyimizin “dəmir yumruq” mərhələsi idi. Artıq hər birimiz ümummilli maraqlarımızla və dövlətçiliyimizlə bağlı məsələlərdə həmrəy olduğumuzla və ümummilli liderimizin də dediyi kimi, azərbaycanlı olmağımızla yanaşı, həm də qalib xalqı təmsil etməyimizlə fəxr edə bilərik.
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər