Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
![]()
Dekabrın 12-də Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür. Artıq 20-ci ildir ki, xalqımız Ulu Öndərimizin anım gününü qeyd edir, onun əziz xatirəsi dərin ehtiramla yad olunur.
Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Xüsusilə də, xalqın təkidi ilə Ulu Öndərin 1993-cü il 15 iyunda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Həmin ərəfədə Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Dahi lider az qala siyasi xəritədən silinəcək ölkəmizi siyasi fırtınaların cəngindən alaraq, onun strateji mövqelərini bərpa etdi, sabit ölkə imici qazandırdı.
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Heydər Əliyev milli dövlətçiliyimizin inkişaf konsepsiyasını yaratdı. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. Ulu öndər Fəxri Xiyabanda dəfn olunub.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri olan torpaqlarımızın, Qarabağın işğaldan azad edilməsi həyata keçib. O, Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün böyük çabalar göstərib. Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərib. 1996-cı ildə ATƏT-in Lissabon Sammitində bu istiqamətdə ilk diplomatik uğur qazanılıb. Heydər Əliyev bütün dünyaya Qarabağ həqiqətlərini çatdırırıb. Diplomatik fəaliyyətlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət yetirilib. Ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək və zəruri hazırlıq işlərini aparmaq baxımından vaxt və imkan qazanmaq üçün atəşkəs sazişinə nail olması da Ulu Öndərin tarixi xidmətlərindəndir. Ali Baş Komandan kimi Heydər Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Horadizin düşməndən azad edilməsi ilə Azərbaycan torpaqlarının müharibə yolu ilə geri alınmasının mümkünlüyü sınaqdan çıxarılmışdır.
Bir əsrdən çox inkişaf yolu keçən, şanlı tarixə malik Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatı nəticəsində Azərbaycanda bütün hüquq təsisatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar, məcəllələr qəbul edilmiş, bütün bunlar Azərbaycan ədliyyəsinin gələcək inkişafı üçün əlverişli şərait yaratmışdır. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1970-ci illərə - ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və cənab Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi.
Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi tə'sis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və cənab H.Ə.Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.
Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə edilmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətin idarə olunmasında yeri və rolu daha da artmış, nüfuzu və mövqeyi möhkəmlənmişdir.
Qədirbilən ədliyyə işçiləri Ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsini qəlblərinin ən isti guşəsində yaşadırlar və ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, daha məsuliyyətlə çalışmaq əzmindədirlər.
Niyazi Yusifli, Saatlı rayon Notariat Ofisinin xüsusi notariusu





















