Faiq QİSMƏTOĞLU: TIXACLAR ARADAN QALDIRILIR

Baxılıb: 764     Tarix: 23-04-2018 14:39   
Bu gün Bakı şəhərində nəqliyyat vasitələrinin sayı əvvəlki vaxtlara nisbətən dəfələrlə artıb. Düzdür, bəzi küçə və prospektlərdə yollar yenidən qurulub, genişləndirilib. Amma bu da şəhərimizdə tıxacların aradan qaldırılmasına hələ ki, yetərli olmayıb. Xüsusən də səhər və axşam saatlarında Bakının mərkəzi küçə və prospektlərində bir sıxlıq yaranır. Və həmin sıxlığı da aradan qaldırmaq üçün təbii ki, yol polisləri əllərindən gələni əsirgəmirlər.
Təəssüflə qeydə eləməliyik ki, elə bir gün olmur səhər və axşam saatlarında şəhərimizdə sürücülər tıxac problemini yaşamasınlar. Aydındır ki, elə bu tıxacların yaranmasında sürücülərin də rolu az deyildi. Bəzən görürsən ki, bir evdən dörd adam dörd maşından istifadə edir. Əlbəttə onları qınamaq olmaz. Hər hansı bir insan şəxsi avtomobil alır ki, işə rahat getsin və işdən də evə rahat qayıtsın. Yoxsa avtobus və metrodakı basabasda onlar özləri də çətin anlar yaşaya bilərlər.
Ancaq elə anlar var ki, orda şəxsi avtomobildən istifadə etməmək mümkündü. Yəni hər hansı insanın iş yeri metroya və nəqliyyatın digər aktiv fəaliyyət göstərdiyi yerlərdə olursa, bizcə ora elə ictimai nəqliyyatla da getmək olar. Lakin buna çoxları bir o qədər də əhəmiyyət vermirlər.
Metronun «Koroğlu» stansiyasının yaxınlığındakı dayanacaqda da bir qayda olaraq sıxlıq, tıxaclar yaranırdı. Burdan Bakının qəsəbə və kəndlərinə çoxlu sayda avtobuslar yola düşürdü. Və həmin avtobuslar da dayanacaqlarda gəlib duranda bir tıxac yaranırdı gəl görəsən. Belə bir məqamda isə ən çox əziyyət çəkən elə sürücülər özləri olurdular. Bu günlərdə isə adını qeyd etdiyimiz ünvanda tıxacların aradan qaldırılması üçün ciddi addımlar atılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O qeyd edib ki, daha həmin yerdə Bakı qəsəbələrinə gedən avtobuslar dayanmayacaq. Çünki həmin dayanacaq bir qədər kənarda və digər avtobusların çıxdığı «Koroğlu» intellektual mərkəzində olacaqdır. Burdan Bakı qəsəbə və kəndlərinə yola düşən avtobuslar sərnişinləri götürəcək, daha əvvəlki dayanacaqda dayanmadan hərəkət edəcək. Aydındır ki, bu addımların biz tərəfdən atılmasına əsas səbəb odur ki, qeyd etdiyimiz ünvanda tıxacları aradan qaldıraq və sürücülər burda vaxt itirməsinlər. Əlbəttə, Bakı şəhərində bir çox dayanacaqlarda avtobusların yeri gəldi-gəlmədi saxlanması istər-istəməz müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Ona görə də biz bir daha həmin məsələləri diqqət mərkəzində saxlayacaq, tıxacların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər həyata keçirəcəyik.
Metronun «Koroğlu» stansiyasının yaxınlığındakı dayanacağın ləğv edilməsi ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov da öz münasibətini bildirib. Vaqif Əsədov qeyd edib ki, nəinki «Koroğlu» stansiyasının yaxınlığında, eləcə də digər lazımsız yerlərdə dayanacaqların olması istər-istəməz əvvəl-axır tıxacların yaranmasına gətirib çıxarır. Bu tıxaclar isə istər-istəməz müəyyən problemlərin davam etməsinə şərait yaradıb. Ümumiyyətlə, mən məsləhət görərdim ki, insanlar bayram günlərində şəxsi avtomobillərindən az istifadə etsinlər. Çünki onsuz da Bakı şəhərində çoxlu sayda ictimai nəqliyyat fəaliyyət göstərir. Və bəzən gə görürsən ki, yeri gəldi-gəlmədi səhər və axşam saatlarında xüsusən gənclər şəxsi avtomobillərdən istifadə edirlər. Mənasız yerə həmin avtomobillərin sükanı arxasında əyləşmək bayaq dedyimiz kimi, sıxlığın və tıxacların yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, birmənalı olaraq deyə bilərəm ki, fərdi avtomobil sahibləri bir qədər diqqətli olmalı, hərəkətin sıx olduğu vaxtlarda sükan arxasında əyləşməməlidilər. O başqa məsələdi ki, kimsə harasa gedir, tələsir, ya da vacib işi var.
Göründüyü kimi, Bakı şəhərində tıxacların aradan qaldırılması üçün həm Nəqliyyat Agentliyi, həm də yol polisi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu tədbirlər öncə hərəkət iştirakçılarının mənzilbaşına daha təhlükəsiz və rahat çatmasına xidmət edir. Ona görə də bu tədbirlərə əlaqədar qurumlar, elə sürücülər özləri də lazımi köməklik göstərməlidir. Bax, belə olarsa, az da olsa şəhərdə yaranmış tıxacların qarşısını almış olarıq. шаблоны для dle 11.2