Cəmil Həsənli Əli mirzəsinə necə çevrildi?
Baxılıb: 679 Tarix: 25-10-2019 09:53
2010-cu il seçkisində uduzduqdan sonra müxalifətə üz tutub, Milli Şuranın sədrinə çevrilən Cəmil Həsənli kifayət qədər ictimai reaksiya və dəstək doğuran son köşəmə (“Əli Kərimliyə kömək edək...” başlıqlı) reaksiya vermək məcburiyyətində qalıb.
Ona görə “məcburiyyət” deyirəm ki, adama kimlərsə təkidlə o yazını xatırladıblar, onun da bu yazıya reaksiya vermək boynuna düşüb və verib...
Cəmil Həsənlinin iyrənməkliyi
Cəmil Həsənlinin “cavab” olaraq yazdığı və sonradan radikalların köşəyə çevirdiyi yazısını oxudum – bir neçə dəfə. Hər şeydən öncə Cəmil Həsənlini bu yazısının altında tapmaq istəyirdim.
İlk cümləsindən bəlli oldu ki, Cəmil Həsənli “Yeni Müsavat” qəzetindən “iyrəndiyi” üçün bəndənizin köşəsini oxumayıb.
Əvvəla, alim və ziyalı adını üst-üstə əyninə geyinən və bu adların onun vücudi-əqli-əxlaqına həddən artıq böyük gəldiyinin və o qədər də xoş olmayan görüntü yaratdığının fərqinə varmayan Cəmil Həsənli bir qəzetdən iyrənməyin nəinki ziyalı, hətta insan adına yaraşmayan hal olduğunu gərək bu yaşına qədər anlayaydı. Ömrünün ahıl çağında siyasətin soyuq rüzgarından canını qorumaq üçün 1992 və 1993-də aldığı artıq nimdaşlaşmış adlarını əyninə geyinən bu insan (Obraz “Sehrbazlar dərəsi”ndəndir, plagiat deyil, istifadə edirik) gərək dərk edəydi ki, bu yaşda bu nifrətlə yaşamazlar.
İkincisi, siyasi iddiası olan şəxs nifrətinə qalib gəlməlidir, bir siyasi xadimin ən böyük üstünlüyü xalqını sevməyi bacarmasıdır. Əgər sən ətrafa iyr(l)əndiyini üfürəcəksənsə, əmin ola bilərsən, insanlar sənin min addımlığından da keçməyəcək. Çünki yaranışın taleyi belədir – vaxtında dəfn olunmayanda iylənir, insanlar isə cansız bədəndən və iylənmişlərdən uzaq gəzirlər. Nifrət etdiklərinə görə yox, pis qoxunduğuna görə.
Siyasi iyr(l)ənmişlər də belədir. Ona görə siyasi meyitləri vaxtında basdırmaq lazımdır – əlbəttə, bu kontekstdə xortlayanlar və yaxud siyasi goreşənlərin sürüyüb qəbirdən çıxardıqları istisnadır...
Üçüncüsü, o yazını oxumamaq üçün “Yeni Müsavat”dan “iyrənmək” ucuz bəhanədir. Çünki internetin imkanları həddən artıq böyükdür və o yazı bir neçə saytda, sosial şəbəkədə səhifələrdə var.
Cəmil Həsənli internetin imkanlarını bilmirsə, belə “alimə” nə deyəsən?!
Cəmi Həsənlinin mirzəliyi
Cəmil Həsənlinin “cavab” əvəzinə yazdığı “əhvalata” keçməzdən öncə mənə maraqlı gələn bir məsələ var: Əli Kərimli özü və troll dəstəsi hardadır ki, Cəmil Həsənli ona mirzəlik edir? Yoxsa Cəmil Həsənli mahiyyətcə mirzəlikdən qeyri bir zat (zad deyil, səhv anlamayın) olmadığını növbəti dəfə sübut etmək arzusuna düşüb?
Tarix elmləri doktorluğunu siyasətin elmin başını yediyi 1992-də, professor adını isə kimsənin professorluq marağında olmadığı 1993-də alan Cəmil Həsənlinin Azərbaycan tarixi ilə bağlı “xidmətlərinin” miqyasını çox yaxşı bilirik. Ona bəlli tarixi dövrü araşdırması üçün sifarişi verən də, bunun üçün yüksək qonorar ödəyən də, o arxiv sənədlərini “alimə” təqdim edən də, o kitabları xaricdə nəşr edib, mötəbər dairələrə saldıran da, faktlardan ölkəmizin təbliğatı üçün istifadə edən də bəllidir. Cəmil Həsənlinin o məsələdə sadəcə mirzəlik etdiyini 2005-ci ildə - AXCP parlamentə getməmək qərarı qəbul edəndə və Cəmil Həsənli siyasi qardaşlarını mandata qurban verəndə o vaxtkı və indiki silahdaşları deyirdilər.
Yəni Cəmil Həsənlinin mahiyyəti budur – harda olursa-olsun, mirzəlik edir...
Cəmil Həsənlinin qeybətcilliyi…
Gərək, mirzəliyi də bacarasan, o da xüsusi qabiliyyət, istedad tələb edir. Təsadüfi deyil ki, Cəlil Məmmədquluzadə də “Mirzə” adını daşıyırdı.
Ancaq Əli Kərimlinin mirzə (kiçik hərflə) Cəmil əmisi onun arzularının başına həmişə yekə bir daş salır. Budəfəki kimi. Ona “cavab yaz” deyiblər, bu da şər, böhtan yazıb.
Bu məqamda köməkçim olmuş Rüxsarə məsələsinə toxunaq.
Mirzə Cəmil əmisi doğru deyir, biz parlamentdə bir otaqda oturmuşuq və bu otaq yoldaşlığının da səbəbkarı mənəm. Parlament Aparatı rəhbərliyindən Cəmil Həsənli ilə bir otağı bölüşməyimizi mən xahiş etmişdim və qarşı tərəfin də etirazı olmadığından, qərar verilmişdi. Çünki Cəmil Həsənlini savadlı müəllim, yaxşı insan sayırdım və hesab edirdim ki, ondan öyrənə bilərəm.
Onunla bir otaqda olarkən istəmədən bir çox şeylərə də şahidlik etmişdim: onun şəxsi xahişləri üçün məmurlara zəng vurarkən davranışını da, deputat məktublarında istifadə etdiyi “ibarələri” də tam müşahidə etmişəm – heç çətin deyil o sənədləri qaldırıb, onun indi ən ağır sözlərlə “yad etdiyi” məmurlara ünvanladığı məktublarda yazdıqlarını araşdırmaq. Əvvəl elə bilirdim məktubun forması belədir və bu cür də yazılmalıdır. Sonra digər müqayisələrdə gördüm ki, yox, deputat məktubu yaltaqlıq üçün tribuna deyil, ondan istifadə fərdi xarakterin göstəricisidir.Əlbəttə, otaqda nələr olub, nələr yaşanıb və mən gözümdə dağ boyda olan bu alimin hər gün neçə yerdən, həm də kimlərin qarşısında sınıb-töküldüyünü demərəm. Sadəcə, onun köməkçimdən “eşitdiyi” sözlərinə - mənim “köməkçimin maaş kartını almağıma və hər ay ondan 100-200 manat özümə götürməyimə” aydınlıq gətirməliyəm.
Birincisi, belə bir söhbət Cəmil Həsənliylə həqiqətən olmuşdusa, otaq yoldaşı və həmkar kimi o mənə iradını bildirməli və ədalətli müəllim obrazında çıxış etməliydi. Normal əxlaq və həmkarlıq bunu tələb edirdi. Niyə o vaxt mənə deməyib və uzun illər susub?
“Bu söz-söhbət Milli Məclis rəhbərliyinə gedib çıxandan sonra...” yazır Cəmil Həsənli.
Kim idi məni MM rəhbərinə “çuğullayan”? O çuğulçu-həmkar mənimlə niyə çözməyib məsələni?
İkincisi, doğrudanmı güman edirsiniz ki, bir millət vəkili köməkçisindən ayda 100 manat ala bilər? Doğrudanmı bu qədər aşağı səviyyədəsiniz ki, bir millət vəkilinin öz köməkçisinin ayda 100 manatına ehtiyacı olduğuna inanır və yaxud kimlərisə buna inandırmağa qalxırsınız?
Nə dediyinizin fərqindəsinizmi?
O qızın şəxsi problemlərindən də xəbəriniz vardımı, hansı səbəbdən himayəmə aldığımı, doğmalarından belə görmədiyi dəstəyi verdiyimi də sizə danışmışdımı? Bu mənim bir qadına, bir insana köməyim, diqqətim idi. Ali təhsili yarımçıq qaldığı üçün təhsilini tamamlamasına və qısa müddətdə diplom almasına hərtərəfli dəstək olduğumu da danışmışdımı sizə? Maaşından müəyyən kiçik bir məbləği ona köməkçi kimi bacarmadığı işlərdə yardım edən adama verdiyini - mənim məsləhətimlə - necə, onu da müzakirə etmişdimi sizin kimi “böyük alimlə”?..
İlk dəfədir bunları qeyd edirəm – çünki hər zaman “Xaliq bilsin” deyə düşünmüşəm. Ancaq manatlara, qəpiklərə xırdalanan və çoxdan xərclənib qurtaran biriləri öz əxlaqlarına uyğun məni köməkçisinin 100 manatına göz dikən biri kimi ictimaiyyətə təqdim etməyə qalxa bilməzlər. 2005-ci ildə şəhərin mərkəzindəki evinin sənədləşməsi üçün mandatdan imtina edə bilməyəcəyini deyib, 2009-cu ildə iqtidardan “Azərbaycanın əməkdar müəllimi” fəxri adını alan, 2010-cu ildə isə növbəti dəfə seçkilərə qatılıb, uduzan və mandatdan əli üzüldüyü üçün dərhal radikalların yanına “adlayan”, bütün karyerası şəxsi maraqlar üstündə qurulan, 2013-cü ildə MıŞ sədri seçilib, Rusiyanın ölkəmizin milli maraqlarına qarşı layihəsində rol alan və öz avtobioqrafiyası ilə yalnız utanc yaşadığının fərqinə varmayan biri kimə və necə şər atır?
Cəmil Həsənli normal, məntiqli bir cavab yazmaq iqtidarında olmadığı üçün bu şəri atır: bir kişinin (kişi cinsindən olan birinin) ağzına yaraşmayacaq şəkildə... qeybət formasında, əxlaqdan kənar tərzdə…
Və bu yerdə mahiyyət etibarilə orduxanlardan qəti fərqlənmir. Söhbət ondan getmir ki, söyüş söysün, söhbət təfəkkürdən, şər və böhtanatma düşüncəsinin mövcudluğundan gedir.
Hərgah yaratdığı yeni “sözü” (“cənbəli-coşəl”) orduxanların təfəkkür tərzi və ağzıdır.
Əlbəttə, iyr(l)ənmiş bir vücuddan gələn qoxu elə bu cür olmalıdır.
Əli Kərimlinin xudayarlığı
Rəhmətlik Məhəmmədhəsən əmi eşşəyini itirmişdi, Cəmil Həsənli özünü itirib.
Məhəmmədhəsən əminin eşşəyini Xudayar bəy minib, şəhərə aparmışdı, Cəmil Həsənlini isə Əli Kərimli artıq neçə illərdir hara istəyirsə, ora da “aparır”.
Məhəmmədhəsən əminin eşşəyini Xudayar bəy bir kəllə qəndə satdı – baxmayaraq ki, eşşəyin dəyəri daha artıq idi.
İnanın, mirzə Cəmil Həsənli, Əli Kərimli sizi “yarım kəllə qəndə” də satar və satacaq da – necə ki, Elçibəyi satmışdı.
Ən çox oxunanlar
Son xəbərlər