FHN Göyçaydakı vəziyyətlə bağlı məlumat yaydı
Baxılıb: 553 Tarix: 03-06-2018 19:26
Fövqəladə Hallar Nazirliyi Göyçaydakı vəziyyətlə bağlı məlumat yayıb. Qanunvehedef.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, 01 və 02 iyun 2018-ci il tarixlərində Respublikanın bəzi dağlıq ərazilərində yağan yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi artmışdır. Göyçay çayında yaranmış gursululuq nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində ümumi uzunluğu 76,2 m olan metal körpünün Bakı istiqamətində olan və yolla birləşən hissəsi - sol kənar konusu (təqribən 6 m uzunluqda) və piyada körpüsü dağılıb.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və "Azəravtoyol" ASC-nin mütəxəssisləri körpüyə visual texniki baxış keçiriblər. İlkin baxış zamanı müəyyən olunub ki, körpü yanında çay yamaclarının və körpünün kənar dayaqlarının yuyulmasının qarşısını almaq üçün tikilən su tənzimləyici qurğu yuyularaq dağılıb, sel sularının sürətini azaltmaq üçün tikilən barraj divarının da bir hissəsi yuyulub. Bu isə yolun qəza vəziyyətinə düşməsinə və müvəqqəti bağlanmasına səbəb olub.
Mütəxəssislərin fikrinə görə körpünün əsas yükdaşıyan konstruksiyaları ciddi deformasiyaya məruz qalmayıb. Körpünün dayaqları dərinliyi 14 m olan svay özüllər üzərində inşa edilib. Sel suları zəiflədikdən sonra körpüyə yenidən texniki baxış keçirilərək, onun dayanıqlığı barədə tam qərar veriləcək.
Hazırda Fövqəladə Hallar Nazirliyinin, "Azəravtoyol" ASC-nin və Göyçay Rayon İcra Hakimiyyətinin mütəxəssisləri tərəfindən çay üzərindən alternative körpünün salınması üçün təkliflər hazırlanır.
Hələlik Göyçay rayon mərkəzinə getmək üçün alternativ yol olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə Dövlət sərhədi yolundan keçməklə Göyçay-Ucar və Göyçay-Bərgüşad yollarından istifadə etmək tövsiyə olunur.
Ən çox oxunanlar
Son xəbərlər