Vətən müharibəsi şəhidi Feyzizadə Toğrul İlqar oğlunun əziz xatirəsi ehtiramla yad edilib

Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayır. Bu gün də onların keçdiyi şərəfli döyüş yolu, göstərdikləri misilsiz qəhrəmanlıq və Vətən sevgisi gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
Vətən müharibəsi şəhidi Feyzizadə Toğrul İlqar oğlunun anım mərasimi keçirilib. Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı aparatının məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, şəhidin doğmaları və yaxınları iştirak ediblər.
Anım tədbiri torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasim iştirakçıları şəhid Feyzizadə Toğrul İlqar oğlunun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, qəhrəman Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Çıxışlar zamanı Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Zəfərin əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi güc, xalqımızın sarsılmaz birliyi və əsgərimizin misilsiz qəhrəmanlığı tariximizə qızıl hərflərlə yazılıb. Vətən uğrunda canını fəda edən şəhidlərimizin şücaəti, fədakarlığı və əzmkarlığı heç zaman unudulmayacaq.
Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə diqqət və qayğının göstərilməsi dövlətimizin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindəndir. Şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısı daim diqqət mərkəzində saxlanılır.
Şəhid ailələrinin üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Feyzizadə Toğrul İlqar oğlu kimi Vətənimizin azadlığı və bütövlüyü naminə həyatını qurban verən qəhrəmanlarımızın adı xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların qanı ilə yazılan Zəfər tariximiz, göstərdikləri igidlik və Vətənə sədaqət nümunəsi heç vaxt unudulmayacaq.
Şəhidlər ölməz, Vətən bölünməz!
Qəni Hüseynov Qanun və hədəf qəzetinin şöbə müdiri




















