Deputat baş bankiri tənqid etdi: Əleyhinə səs verdim, çünki...
Baxılıb: 1 061 Tarix: 09-04-2020 12:43
Hökumətin 420 səhifəlik hesabatı ilə tanış olmuşam. Hesabatın 107-108 səhifələri ölkədə sənaye potensialının gücləndirilməsi haqqında görülən işlərə həsr edilib. 2008-ci ildə dünyada böyük iqtisadi böhran baş verdi, neftin qiyməti 147 dollardan 30 dollara düşdü, 4 aydan sonra yenidən 100 dollar üzərinə qalxdı. O zaman biz bu böhrandan o qədər də ziyanla çıxmadıq.
İkinci dəfə 2014-cü ildə böhran baş verdi. Onda da neftin qiyməti 50 dollara düşdü. Bu zaman biz manatımızı iki dəfə ucuzlaşdırmaq məcburiyyətində qaldıq, ölkədə devalvasiya baş verdi.
Bu, artıq üçüncü böhrandır. Adətən 6 ildən bir belə böhran baş verir. İndi də neftin qiyməti 20-25 dollar civarına düşüb.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Milli Məclisdə Hökumətin 2019-cu ildə Fəaliyyəti Haqqında Hesabatının müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.
Q.Həsənquliyev bildirib ki, ikinci böhran zamanı manatın devalvasiyasına getmək məcburiyyətində qaldıq:
“O zaman “Yol Xəritəsi” qəbul olundu və qərara gəldik ki, neftdən asılılığa son qoyaq. Amma çox təəssüf ki, sonradan neftin qiyməti 60-65 dollara qalxdı və görülən işlərin sürəti sanki bir qədər səngidi. 2008-ci il böhranı zamanı ABŞ-da Ağ Evin Aparat rəhbəri Emmanuel Çörçillə aid olduğu iddia olunan ifadəni işlətdi: "Heç vaxt imkan vermə ki, böyük böhran hədər getsin". Yəni bu böhrandan nəticə çıxarmaq lazımdır.
Biz birindən nəticə çıxarmamışıq, ikinci böhrandan az nəticə çıxarmışıq, bu, üçüncü böhrandır. Hesab edirəm ki, bəlkə də bu, böyük təlatümlərsiz iqtisadiyyatımızı neftdən asılılıqdan qurtarmaq üçün bizə verilmiş şansdır.
İcmal hesabatın 31-ci səhifəsində qeyd edilir ki, 2019-cu ildə sənaye sektoruna 8 milyard 628 milyon manat sərmayə yatırılıb. Əsas kapitala yönəldilən vəsaitin 50,2%-i sənayedə istifadə olunur. Amma 2018-cu illə müqayisədə 1,8% çox məhsul istehsal olunub.
Bizim idxaldan asılılığımız hər il artır. Özü də bu, iki rəqəmlə müşahidə olunur. Ona görə də demək istəyirəm ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün ciddi işlər görülməlidir. Təklif edirəm ki, ilk növbədə hökumət bizneslə məşğul olmaqdan imtina etməli, böyük özəlləşmə həyata keçirməlidir. İri şirkətlər, səhmdar cəmiyyətlər, hansılar ki, xaricdən borc götürürlər və bir çox hallarda səmərəli istifadə olunmur, sonradan onu dövlət büdcəsindən qaytarmaq məcburiyyətində qalırıq, belə müəssisələr özəlləşdirilməlidir. Xidmət sahələri ya özəlləşdirilməli, ya da idarəetməyə verilməlidir. Kölgə iqtisadiyyatını aradan qaldırmaq üçün nağdsiz ödənişlərə gedilməlidir. Bunsuz onun qarşısını almaq mümkün deyil”.
Deputat əlavə edib ki, Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvü seçilməsinin əleyhinə səs verib:
“Elman müəllim hesab edir ki, Mərkəzi Bankın əsas işi manatın sabitliyini saxlamaqdan ibarətdir. İqtisadiyyatın inkişafı üçün bank sektoru qan-damar sistemidir. Sahibkarların ucuz kreditlərə çıxışı təmin olunmalıdır. Hesab edirəm ki, Mərkəzi Bank yalnız manatın kursunun sabit saxlanılması haqqında düşünməməlidir”.
Q.Həsənquliyev kənd təsərrüfatı sahəsi haqqında danışarkən bildirib ki, bu sahədə hazır məhsula görə dotasiya verilməlidir:
“Ucuz kreditler verilməlidir ki, iş görsünlər, sonra məhsulu satsınlar və dövlət bunun qarşılığında onlara pul versin. Sonra elm-təhsil sahəsinə ayrılan vəsait iki dəfə artırılmalı, tikintiyə ayrılan vəsait isə növbəti büdcələrdə iki dəfə azaldılmalıdır.
Bundan başqa, cənab Prezident modul tipli 6 xəstəxananın tikilməsinə büdcədən 14,8 milyon manat ayırdı. Bizdə "Kristal Holl" var, idman kompleksləri var. Bunları xəstəxanaya çevirmək və ayrılan vəsaiti istehsal müəssisələrinə yönəldilə bilərik".
Ən çox oxunanlar
Son xəbərlər