Yaralı halda döyüşən qazi leytenant MM-də - Foto
Baxılıb: 473 Tarix: 06-04-2021 12:10
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsində yaralanmış qazi leytenant Sabir Eldar oğlu Əsgərovla Milli Məclisdə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, millət vəkili onun müalicədən sonrakı durumu ilə maraqlanıb.
Millət vəkili xatırladıb ki, düşmənin 2020-ci il iyulun 12-də Tovuz təxribatı bütün Azərbaycan xalqının, özəlliklə gənclərimizin hiddətinə səbəb olmuşdu və ali təhsilli hüquqşünas olan Sabir Əsgərov ailəsindən xəbərsiz könüllü cəbhəyə getmək, işğalçı düşmənlə üzbəüz döyüşmək üçün səfərbərlik və hərbi çağırış idarəsində qeydiyyatdan keçmişdi. Vətən müharibəsinin ilk günlərindən isə o, orduya çağırılmışdı.
S.Əsgərov Füzuli döyüşlərində iştirak edib, Cəbrayıl istiqamətində gedən döyüşlərdə isə qəlpə yarası alıb. Buna baxmayaraq, yaralı halda döyüşün sonuna qədər vuruşub, yalnız nisbi sakitlik yarananda təxliyə olunmasına razılıq verib.
“Siz cənab Prezidentin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmusuz.
Sizi tarixi zəfərimiz və dövlət təltifinə layiq görülməyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm” – millət vəkili deyib.
Q.Paşayeva qazi zabitə Mədəniyyət Komitəsi adından təbrik və təşəkkür məktubu, Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
S.Əsgərov səmimi görüş üçün təşəkkür edib.
Ən çox oxunanlar
Son xəbərlər