Bir daha “Naxçıvan canavarı” ləğəbli şəhid Vəli Quliyev haqqında
Baxılıb: 1 992 Tarix: 19-05-2021 10:55
44 günlük Vətən müharibəsi zamanı adını qəlblərə daimi yazdıran şəhidlərimizdən biri də “Naxçıvan Canavarı” ləqəbli Vəli Quliyevdir.
Vəli Kamal oğlu Quliyev 1997-ci il iyulun 20-də Culfa rayonunun Qazançı kəndində anadan olub. 2003-cü ildə həmin kəndin 1991-ci il şəhidi Elsevər Eldar oğlu Aslanov adına tam orta məktəbində təhsil almağa başlayıb. 2003-cü ildən Naxçıvan şəhər A. Tağıyev adına 17 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 2009-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.
2018-ci ildə Akademiyanı bitirəndən sonra sərhəd bölgəsində yerləşən “N” saylı hərbi hissədə əvvəllər tağım komandiri, son beş ayda isə bölük komandiri işləyib. Onu tanıyanlar deyir ki, Vəli sərhəd bölgəsini özü seçib. Hətta kirayə etdiyi mənzildən çıxıb postda qalır və deyir ki, “evim buradı , sərhədçinin evi postda olar”. Hər kəsə əl tutan, yurdsevər, başçılıq etdiyi əsgərlərinə qardaş münasibəti bəsləyən, qayğılarını çəkən, ehtiyacı olana yardım edən... - dostları onu belə xatırlayır. Deyirlər ki, dilində bir söz olub: “Ya Qarabağ, ya ölüm”.
2020-ci il sentyabrın 27-də balanan Vətən müharibəsinbin ilk saatlarından etibarən Vəli və bölüyü dayanmadan vuruşub irəli gedib. Azərbaycan Ordusunun leytenantı olan Vəli Quliyev Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının alınması əməlyyatlarında iştirak edib. Oktyabrın 22-də isə Qubadlı rayonu uğrunda gedən döyüşləır zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub.
Atası Kamal Quliyev onda olan vətən sevgisinin, vətən ruhunun çox fərqli olduğunu bildirir. Deyir ki, qələbə xəbərini Vəlidən eşitməyi çox istərdi: “Torpaqlarımızı azad etmək üçün irəli getdikdə, mənfur düşmənlərimizlə 30 metr üz-üzə çıxırlar. Onlar havaya işıqlandırma fişəngləri atır, bu zaman Vəli orda şəhid olur. Vəlinin yoldaşları deyir ki, o yaralandı, dedi, mən vurdular. Dedik, komandir nə edək. Dedi ki, uşaqlara deyin bir-birindən muğayat olsunlar, ancaq irəli. Deyiblər, səni burdan çıxaraq, deyib ki, olmaz “.
Atasının sözlərinə görə, Vəli həmişə “Vətən sağ olsun!” deyib: “Vəlinin bu işindən sonra Vətənimiz sağ oldu, torpaqlarımız azad oldu, Vəli şəhid oldu. Torpaq - namus deməkdi, torpaq müqəddəs bir yerdir. Ona görə də Vəli bu torpaq uğrunda canını verdi. Özü öz qanıyla tarix yazdı”.
Anası Həqiqət Quliyeva oğlunun daima yüksəklərə gedəcəyinə inanır, “sənin paqonlarına maman qurban olsun!” - deyərdi: “Ən böyük addımı atdı, ən böyük zirvədədi, mən oğlumu qəhrəman görmüşəm, gördüm də. Çünki yenə deyirəm, Vəli elə iz qoydu getdi, elə tarix yazdı getdi, dillərə, ellərə dastan oldu, bütün millətin ürəyinə bir “Vəli” kəlməsi yazdı getdi, qəhrəman “Vəli Quliyev” yazdı getdi. O, mənə Şəhid Anası adənı qoydu getdi. Mən Vəlimlə fəxr edirəm, Vəlimlə qürur duyuram. O, mənim qəhrəman igidim idi, o, mənim qəhrəman oğlum idi. Nə qədər yaşayırıqsa, Vəli daim yaşayacaq, məndən də sonra elim, millətim onu yaşadacaq”.
Ana lap əvvəldən əkiz oğullarına heç vaxt fərq qoymayıb. Deyir ki, onların hər bir şeyi eyni idi: “Mən heç vaxt fikirləşmirəm ki, Vəli yoxdu, hər an, bu dəqiqə də, danışıramsa da, elə bilirəm Vəli durub burda. Daima var, daima yaşayacaq, gözümün qabağındadı, heç bir dəqiqiə gözümdən getmir. O, qorxmaz idi. Ana kimi, ata kimi, qardaş kimi deyirdik, qardaş ehtiyatlı ol, oğul ehtiyatlı ol. Amma mən bilirdim o, qorxmaz, çəkinməz olub. Vəli mənim qeyrətli, qürurlu, şöhrətli, qəhrəman balamdı”.
Şəhidin əkiz qardaşı Maqsud Quliyev onunla heç vaxt dalaşmadığını, böyük kimi hörmət gördüyünü bildirir. Deyir ki, hələ 3-cü sinifdə oxuyanda hərbçi olmağı qarşısına məqsəd qoymuşdu: “Vətən sevgisinin yaranmağı onda uşaq yaşlarından başlamışdı. Biz bəlkə də özümüzdə qəbul eləmək istəmirik. Amma o, hiss eləmişdi ki, o, şəhid olacaq. Vətəninə elə bağlı bir insan idi ki... Mən ikimiz də əkiz olduğumuz üçün 8-ci sinifdə ikimiz də hərbiyə sənəd vermək istədik. Sənədlərimizi hazırladıq. O deyirdi mən qəbul olacam, mən deyirdim mən qəbul olacam. Mən bir az yaxşı oxuyurdum Vəliyə nisbətən. Deyirdim mən səndən yaxşı oxuyuram mən qəbul olunacağam, sən ola bilməyəcəksən. Imtahan gəldi, vaxtı çatdı, sənəd verdik, elə bir iş alındı Vəli qəbul olundu hərbiyə. Atam gəldi ki, Vəlini çağırdılar, aparırıq sənədlərini düzəltsin. Bir getdi qayıtdı gəldi. Uşaq idik, 7-8-ci sinif şagirdi, ağlım heç nə kəsmirdi. Vəli ikinci dəfə getdi, qayıtmadı. Dedi ta bundan belə hərbinin tərkibində olacaq, həftədə bir dəfə evə gələcək, sonra gedəcək...”
Qardaşı onu gülərüzlü, ətrafına gülüş bəxş edən biri kimi xatırlayır, deyir ki, Vəli ilə sonuncu dəfə oktyabrın 20-də danışıb, ona: “İrəli gedirik, inanmıram şəbəkə ola, nigaran qalmayın” - söyləyib.
“İndi yoldaşları ilə də danışıram, mənə bir tağım komandiri zəng vurmuşdu, deyirdi ki, qardaş, siz buna nə yedirdib, nə içirtmisiz - biz bilmirik, bu insanda qorxu deyilən şey yoxdu. Deyir bizi qoymadı da qabağa keçək, ancaq özü qabaqda getdi. Deyir bu insanın son sözü belə “irəli get!” oldu... Şəhidlik hər adama nəsib olmaz. Mənim qardaşıma nəsib oldu. Mən bu günkü gündə fəxr edirəm ki, mən şəhid qardaşıyam. Mənim başım dikdi. Çox şükür Allaha, fəxrimizdi. Nəinki mənim, bütün Azərbaycanın fəxridi, bütün Naxçıvanın fəxridi. Naxçıvan camaatı da sağ olsun, şəhid olduğu gündən bu günədək bizi tək qoymayıb. Hər kəs maraqlanır, gəlir - gedir. Hamımızın şəhididi, tək bizim şəhid deyil. Şəhidlərin hamısı mənim qardaşımdı”.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəli Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəli Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəli Quliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
Xanım Əlizadə
Ən çox oxunanlar
Son xəbərlər