Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı?
Baxılıb: 937 Tarix: 01-06-2021 13:45
Saatlı rayonu Qaranuru kəndinin II Qarabağ şəhidləri Qaranuru kəndində I Qarabağ müharibəsi zamanı 17 nəfər şəhid olmuşdur.
II Qarabağ müharibəsində Qaranuru kəndi 2 nəfər şəhid vermişdir.
II Qarabağ savaşının qəhrəmanlarından biri də şəhid gizir Məhərrəmov Ariz Fəzulla oğludur. Şəhidimiz 1982-ci ildə Saatlı rayonunun Qaranuru kəndində ziyalı ailəsində anadan olmuşdur. Şəhidimizin qardaşı Məhərrəm Məhərrəmov onun haqqında ürək dolusu danışır. O, deyir Ariz uşaqlıqdan cəsur, qorxmaz idi. Ona atam Fəzulla idman müəllimi olduğu üçün xüsusi güləş və başqa döyüş fəndlərini öyrədirdi. Bizim hamımıza xüsusi təlim keçirdi. Ariz orta məktəbi bitirib hərbi xidmətə yollandı. Hərbi xidmətini xüsusi Təyinatlı Daxili Qoşunların N saylı hərbi hissəsində keçirib, xidməti bitirdikdən sonra, evdən gizli gedib, birillik kursunu oxuyub, gizirlik kursunu fərqlənmə ilə bitirdikdən sonra Bakıda N saylı hərbi hissədə idman rəisi (sərbəst döyüş üzrə təlimatçı) vəzifəsində xidmət edib. Sonra könüllü döyüş bölgəsinə qulluq üçün gedib. Döyüş bölgəsində olan hərbi hissənin kəşfiyyat bölüyündə baş çavuş kimi xidmət edib. Xidmət dövründə atıcılıq üzrə orduda bir neçə dəfə I yerə çıxıb. Silahlı Qüvvələrdə ilk dəfə «İstiqlal» snayper tüfəngini düşmənin canlı qüvvəsi üzərində Ariz sınaqdan keçirdib. 2014-cü ilədək kəşfiyyat bölüyündə düşmənin 31 canlı qüvvəsini məhv edib. Buna görə Müdafiə Nazirliyi tərəfindən dəfələrlə mükafatlandırılıb. 2015-ci ildə səhhətində yaranmış sağlıq problemlərinə görə ehtiyata buraxılıb.
Ariz Qarabağ müharibəsinin başlayacağı günü həsrətlə gözləyirdi. Nəhayət, o gün gəldi. Ariz 27 sentyabr 2020-ci il tarixdə hərbi formasını geyinib, kənd nümayəndəsinin yanına gedib hərbi döyüşə qanuni getməsini dedi. Onlardan müsbət cavab almayanda nümayəndə ilə rayon hərbi komissarlığına gedib. Hərbi komissarlıqda onun II qrup əlil, həm də 38 yaşı olduğu üçün hərbiyə göndərmirlər. Ariz isə deyib sənəd verin, müharibəyə gedim. Onsuz da gedəcəm. Qanunsuz olmasın. Ona görə hərbi komissarla mübahisə edib, evə qayıdıb, hamı ilə halallaşıb çıxıb gedib. Sentyabrın 28-i Suqovuşan döyüşündə düşmənin 2 nəfər snayperçisini məhv edib. 2 snayperini komandirə təhvil verib.
Qardaşı deyir: «Həmin döyüşdən sonra zəng edib, düşmənin 33 döyüşçüsünü məhv etdiyini deyib. Sentyabrın 29-da Suqovuşan döyüşündə Arizgilin içində olduğu BMP vurulur. Ariz şəhidlik zirvəsinə ucalır. BMP yandığından içində olan əsgərlərimiz xilas ola bilmir və şəhid olur. DNK təyinatı ilə şəhidlərimizin şəxsiyyəti müəyyən olur. Ariz oktyabrın 20-də doğulduğu Qaranuru kənd qəbirstanlığında dəfn olunub. Şəhidimizin 2 övladı bizlərə əmanət qaldı».
Ariz Məhərrəmov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib. Saatlı rayonu Qaranuru kəndinin II Qarabağ şəhidi Sultanov Zaminəli Nazim oğludur. Sultanov Zaminəli Nazim oğlu 1999-cu ildə Qaranuru kəndində anadan olub. Qaranuru kəndində orta məktəbi qurtardıqdan sonra 2018-ci ildə həqiqi hərbi xidmətə çağrılır. Zaminəli əvvəlcə Daxili Qoşunların N saylı hərbi hisəsində xüsusi təyinatlı bölükdə xidmət etmişdir. Sonradan əsgəri xidmətini Tərtərdə davam etdirmişdir. 2019-cu ilin iyulunda xidməti başa vurub evə qayıtmışdır. Zaminəli hərbi məktəbə qəbul olmaq istəyirdi. 29 sentyabrda müharibəyə könüllü yollandı. Əvvəlcə Füzuli uğrunda döyüşlərdə, sonra Cəbrayıl və Qubadlı istiqamətində erməni qəsbkarlarına qarşı igidliklə vuruşub. 18 oktyabrda evə zəng edərək, tezliklə düşməni məhv edərək qovacağıq. Atası, anası və əmisi Niyazi ilə danışıb. 21 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra «Vətən uğrunda» medalla təltif olunub.
Allah rəhmət eləsin!
Məqaləni yazdı: xüsusi müxbir, «Xalqın nüfuzlu ziyalısı», Şöhrət» diplomlu,
«Qızıl qələm» mükafatçısı Əlifağa Türkelli (Məmmədov Əlifağa Nəhməd oğlu).
Ən çox oxunanlar
Son xəbərlər