"AMAY Abdulla"nın işçilərinə qarşı yeni iddia - MƏHKƏMƏ
Baxılıb: 814 Tarix: 27-04-2018 11:57
Dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün cinayət işi üzrə məhkəmə davam edib.
Qanunvehedef.az-ın məlumatına görə, Bakə Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər mülki iddia qaldırdıqlarını bildirib.
Zərərçəkmişlərdən biri "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə qarşı mülki iddia qaldırdığını qeyd edib.
Hakim bildirib ki, A.Abdullayev bu cinayət işinə cəlb edilmədiyi üçün məhkəmənin vəsatətə baxmağa səlahiyyəti çatmır.
Daha sonra zərərçəkmiş Şəlalə Mustafayeva vəsatət qaldıraraq, hüquqi şəxs olan "Xudafərin" MMC-nin də ziyanın qaytarılması üçün cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
Bundan başqa, zərərçəkmişlərin bir qismi təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsini istəyib.
Məhkəmə zərərçəkmişlərin vəsatətini təmin etməyib. Mülki iddialar isə icraata qəbul edilib.
Məhkəmənin baxışı mayın 11-ə təyin edilib.
Qeyd edək ki, "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.
Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.
Xatırladaq ki, "Xudafərin" MMC "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.
Ən çox oxunanlar
Son xəbərlər