Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Cümşüd ƏLİ – 62

Baxılıb: 594     Tarix: 25-11-2021 11:05   
 
  Ağayev Cümşüd ƏLİ oğlu (Cümşüd ƏLİ) 1959-cu il noyabr ayının 25-də Ağdam rayonunun Mirəşşəlli kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1966-cı ildə Bənövşələr kənd 8 illik məktəbin 1-ci sinifinə getmişdir.
Ailə vəziyyəti ilə bağlı 8 illik təhsildən sonra 1974-1975-illər Xındırıstan kənd 130 nömrəli texniki peşə məktəbinin sürücü mexanizator kursunda oxumuşdur.
1975-ci ildən əvvəlki Karl Marks, sonradan Məleykə Quluyeva adına kolxozda sürücü mexanizator işləmişdir.
1978-ci ildə həqiqi hərbi xidmətə çağırılıb Sverdlovsk vilayətinin Nijniy Taqil şəhərində hərbi xidmət etmişdir. 1980-ci ordudan tərxis olub Vətənə və öz işinə qayıtmışdır.
Ədəbiyyatımıza, poeziyamıza həvəs onu 1980-ci illərin sonları gözəl müəllim, istedadlı şair Ziyəddin Səlimin vasitəsilə Ağdam Ədəbi Birliyinə üzv olmağa sövq etmişdir. Elə həmin illərdən şeirləri rayon qəzeti olan “Lenin yolu”, sonradan “Ağdam”, “Hərbi and”, “Gənclik”, “Hüquqi cəmiyyət”, “Yeni gənclik” nəşrlərində və daha bir neçə jurnal və toplularda, kitab - almanaxlarda dərc olunmuşdur.
2021-ci ildə “İlk məhəbbətim” adlı ilk kitabı “Borçalı” nəşryyatında işıq üzü görüb.
Hal - hazırda Ağdam rayonunun Mirəşşəlli kəndində yaşayır.
Şair Cümşüd ƏLİni 62 yaşının tamam olması münasibətilə şair dostları Aslan Şirəlioğlu, Göylər Cəbrayıl, Xanoğlan Xan, Rəşid Fəqan, Kamal Fərhadoğlu, Ədalət Əroğlu, Tamella Şuşalı və jurnalist Fərhad Nəhmətoğlu ona həyatda uzun ömür, can sağlığı, yaradıcılığında yeni-yeni müvəffəqiyyətlər arzulayırlar.
Təbriklərə qoşulan “Qanun və Hədəf” qəzeti Cümşüd Əlinin poeziyasından nümunələri təqdim edir:
 
Dünyadan

Başdan-başa müəmma, sirr,
Oğulsan baş aç dünyadan.
Bircə dənə əlacı var,
Baş götürüb qaç dünyadan.

Dərdi ümman, sevinci az,
Öz əlinlə qəbrini qaz,
Al qələmi, bir dastan yaz,
Zayı çıxmış puç dünyadan.

Dünya ulu, dünya həmən,
Dağıdırıq pərən-pərən,
İnsanlardı hey dəyişən,
Şair, gəl əl çək dünyadan.

Yaralarım olub göz-göz,
Oğulsansa, bu dərdə döz,
Cümşüd ƏLİ, bir neçə söz,
Yadigar qoy, köç dünyadan.

Mənə

Ömrüm boyu düz danışdım,
Əzab verdi dilim mənə.
Doğulandan mən ölmüşəm,
Neyləyəcək ölüm mənə?

Vətənimi cənnət sandım,
Odur mənim qibləm, andım,
Səməndərtək oda yandım,
Qazanc oldu külüm mənə.

Bu nə ölçü, bu nə biçim,
Dərdlərim var əlçim-əlçim,
Özümü yandırır içim,
Zülüm verir çölüm mənə.

Cümşüd ƏLİ, etmə kədər,
Ulu Tanrı edər nələr..,
Axır bir gün zaman gələr,
Qiymət verər elim mənə.
 
(Fərrux babanın övladları və bütün Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucaldılmış şəhidlərimizə ithaf edirəm)

Bilər


Ağacın, calağın, barın qədrini,
Əkməyən nə bilsin, əkənlər bilər!
Övlad itkisini, övlad dərdini,
Çəkməyən nə bilsin, çəkənlər bilər!

Fələk yazan bəxtə bəndə neyləsin,
Övlad itkisinə kəsməz naləsin,
Ölüm şərbətini, qəm piyaləsin,
İçməyən nə bilsin, içənlər bilər!

Qüssədən, kədərdən açılmaz başı,
Müdam yaşlı olar kipriyi, qaşı,
Gözlərdən qəlblərə tökülən yaşı,
Tökməyən nə bilsin, tökənlər bilər!

Ucaldıb göylərə hay-harayını,
Soraqlar, axtarar övlad payını,
Dərdin qalasını, qəm sarayını,
Tikməyən nə bilsin, tikənlər bilər!

Cümşüd, kömək olsun bizə Yaradan,
Bu qanlı savaşlar çıxsın aradan,
Yaxşını-yamandan, ağı-qaradan,
Seçməyən nə bilsin, seçənlər bilər!

Dəyməz

Kişidə yoxdursa namus, qeyrət, ar,
Ayaqlar altında toza da dəyməz.
Avazı olmayan naşı aşığın,
Vurduğu təzanə saza da dəyməz.

Həmişə uca tut şərəfi, adı,
Xalqını qızdırsın qəlbinin odu,
Gözəlin yoxdursa xatı-zavodu,
Satdığı işvəyə, naza da dəyməz.

Qazan xan mərd idi eldə, mahalda,
Ancaq çiçək dərib oğlu Tural da,
Düşmənin basmayan əfəl qartal da,
Sərçəyə, qarğaya, qaza da dəyməz.

Heç zaman düşünmə dövləti,varı,
Həmişə uca tut əzmi, vüqarı,
Dostların yoxdursa əhdi, ilqarı,
A Cümşüd, bir çürük qoza da dəyməz.

Bir payız günü

Bir payız günündə gəldim dünyaya,
Gözümdə hər tərəf xəzana döndü.
Tökülən yarpaqlar ömrün günütək,
Tərəziyə döndü, mizana döndü.

Bir payız günündə gəldim dünyaya,
Bələkdən çıxmamış qəm sıralandı.
Bağlarım, bostanım bəhər verməmiş,
Ağaclar qurudu, tağ uralandı.

Gözümü açmamış qarlı qış gəldi,
Xəzana döndərdi ilk baharımı.
Dünyanın dərdləri mənə tuş gəldi,
İstədi sındırsın dağ vüqarımı.

Bir payız günündə gəldim dünyaya,
Gəldim ki, xoş günlər yaşamaq üçün.
Bu necə talehdi, bu necə qismət?!
Gəlmədin zülümlər daşımaq üçün.

Cümşüdəm, dərdlərim gəlməyir saya,
Yol getdim olumdan-ölümə sarı.
Bir payız günündə gəldim dünyaya,
Bir bahar günündə köçəydim barı.

Təqdim etdi: 
Fərhad NƏHMƏTOĞLU,
"Qanun və Hədəf" qəzetinin hüquq şöbəsinin müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 

"Qızıl Qələm", "Azərbaycan Bayrağı", "Həsən bəy Zərdabi"
media mükafatları laureatı шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar