Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

QƏDİM KƏNDİN QAYIM-QƏDİM ŞƏXSİYYƏTİ

Baxılıb: 563     Tarix: 29-09-2025 09:47   
  
Sım kəndi Astara şəhərindən 45 km şimal-qərbdə, ucqar dağlıq ərazidə yerləşir. Arxeoloji qazıntılar nəticəsində burada eramızdan əvvəl yaşayış yeri olduğu aydınlaşdırılıb.
“Sım” sözü talış dilində “sıldırım”, “hündür”, yəni “qayalıqda yerləşən kənd” mənasını verir.

Rəvayətə görə, Sım kəndinin adı Nuh Peyğəmbərin oğlunun adından – Samdan götürülüb, sonradan dəyişərək Sım olub.
Yerli sakinlərin sözlərinə əsasən, burada “Şahnamə” əsərində qeyd edilən pəhləvan Rüstəm Zalın oğlu Samın övladlarının tayfası yaşayıb. Qədimdə bu kənd pəhləvanlar məskəni olub. Buradakı Ute adlanan meydanda əvvəllər pəhləvanlar güləşirdilər. Yerli əhalinin sözlərinə görə, hazırda burada Səfəvi I Şah İsmayılın nəslindən olanlar yaşayırlar.

Ərazidə tapılan maddi-mədəni nümunələr, əsasən, orta əsrlərə aiddir. Sasanilərin hakimiyyəti illərində Sım və ətraf kəndlərdə daş körpülər inşa edilib. Bu körpülərin qalıqları bu günədək qalmaqdadır. Kənddə, həmçinin e.ə. IV-III minilliklərə aid “Padşah taxtı”, XIV-XVII əsrlərə aid olan Ute və Çayu, IX-X əsrlərə aid edilən Sım yaşayış yerləri, üstündə Mixi (III minilliyin ortalarında eramizdan əvvəl istifadə edilən yazı) yazıları olan daşlar mövcuddur. Kəndin ərazisində çox sayda orta əsrlərə aid qəbiristanlıqların qalıqlarını görmək mümkündür. Bəzi yerlərdə bu rayon üçün xas olan pilləvari qəbirüstü daşlar qalmaqdadır.

Sım kəndi əvvəllər strateji əhəmiyyətə malik olub. Orta əsrlərdə karvan yolları bu kənddən keçib. İndi həmin ərazi “Lərj” adlandırılır və oraya “Lərj” yolu deyilir. “Lərj” yolu talış dilindən tərcümədə “palçıqlı” yol deməkdir. İndi həmin yolun bir hissəsi İranın, digər hissəsi isə bu kəndin ərazisində yerləşir.

Turizm üçün cazibədar olan Sım kəndində 74 bulaq, 4 şəlalə var. Şəlalələrin ən çox tanınanı kəndin 4-6 km yaxınlığında yerləşən Sım şəlaləsidir.
Amma əlbəttə ki, Sım kəndinin ən böyük sərvəti onun görkəmli şəxsiyyətləridir. Kəndin tanınmışlarına misal olaraq Astara rayonunun Şuvi kəndində parket zavodonun, daha sonra isə Zaqatala, Balakən, Qəbələ, Ağdərə (keçmiş Mardakert) və Kəlbəcər rayonlarında zavod direktoru işləmiş Qəhrəman Məmmədov, 1962-1965-ci illərdə Astara RXMŞ-nin (Təhsil Şöbəsi) müdiri olmuş Nurəddin Məmmədov, Azərbaycan Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışmış Asəf Məmmədov, Rusiya Federasiyasının Tümen vilayətinin Surqut şəhərində müxtəlif vəzifələrdə işləmiş polis polkovniki Əmrah Yusubov, kəndin ilk müəllimi, uzun müddət Pəlikəş kənd sovetinin sədri (icra nümayəndəsi) vəzifəsini daşımış Böyükağa Xalıqov, Azərbaycan Gənc Alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin prezidenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov, şairə Aliyyə Sımlı, ictimai fəal Fəranə Fikrət, tanınmış pedaqoqlar Nəbi Xalıqov, Zahirəddin Məmmədov, Zikrulla Həmzəyev və digərlərini göstərmək olar. Son bir əsrdə bu kənddə dünyaya göz açan və adını Astaranın “Şərəf Kitabı”na qızıl hərflərlə yazdıran şəxsiyyətlərdən biri də haqqında söz açdığımız el ağsaqqalı Həmzəağa Baxşiyevdir.

Baxşiyev Həmzəağa Həsənalı oğlu 13 dekabr 1956-cı il tarixdə Astara rayonunun Sım kəndində anadan olub. Orta təhsilini doğma kəndindəki məktəbdə alıb. 1977-ci ildə Şamaxı Kənd Təsərrüfatı Texnikumunu bitirib. Astara rayonunun 13 kəndini əhatə edən “Sosializm” sovxozunda əmək fəaliyyətinə başlayıb. 1991-98-ci illərdə Sim kəndində yaradılan yeni sovxozda direktor vəzifəsində, 1999-2012-ci illərdə isə Astara rayon İcra Hakimiyyətinin Pəlikəş inzibati ərazi vahidliyi üzrə nümayəndəliyində sədr vəzifəsində işləmişdir.

Həmzəağa Baxşiyev və ya hamının müraciət etdiyi kimi sadəcə “Həmzə müəllim” Sım və inzibati əraziyə daxil olan digər qonşu kəndlərdə (Pəlikəş, Avyarud, Çükəş, Duriyyə, Diqo, Dolu, Lomin, Sibiyyət, Sipiyəpart, Şəvqo, Şümrüd, Vovada) sayılıb-seçilən ağsaqqaldır. Hazırda təqaüddə olsa da, nümayəndəliyin və yerli bələdiyyənin işlərində onun zəngin idarəçilik təcrübəsindən faydalanırlar. Məsləhət və tövsiyələrini dövlət qulluqçularından, xüsusilə də gənclərdən heç vaxt əsirgəmir. El-obanın xeyir-şər məclislərində yaxından iştirak edir. Ona məclisin başında yer göstərməyə ehtiyac yoxdur, harada əyləşdisə, o yer məclisin başı sayılır. Həmzə müəllim böyük məmnuniyyətlə ellilərinin ondan küsülüləri barışdırmaq, yeni ailə quran cütlüklərə xeyir-dua vermək, hərbi xidmətə yollanan gəncləri alqışlamaq xahişlərini yerinə yetirir. Haqqa uzanan əli kəramətli, dilinin duası düşərlidir. Halal süfrəsi qonaqlı-qaralıdır. Rayonun ictimai işlərindən də geri qalmır, tez-tez tədbirlərə dəvət olunur. Şəhid ailələrinə, qazilərə, ehtiyaclı şəxslərə daim imkanı dairəsində qayğı göstərir. Öz imkanı çatmayanda isə aidiyyəti qurumlar qarşısında məsələ qaldırır.

Orta və daha yuxarı yaşlı Astara sakinləri Həmzəağa Baxşiyevin sovetlər dönəmində və müstəqilliyimizin ilk dövründə “Sosializm” sovxozuna, sonra isə icra nümayəndəliyinə rəhbərlik etdiyi illəri yerli təsərrüfatların kartofçuluq, taxılçılıq (buğda, arpa), tərəvəzçilik, arıçılıq və heyvandarlıq üzrə əldə etdikləri yüksək göstəriciləri yaxşı xatırlayırlar. O, həmkəndlilərinin və rayon ictimaiyyətinin xatirində bacarıqlı rəhbər, mahir təşkilatçı, nümunəvi dövlət qulluqçusu, vətənpərvər ziyalı, qayğıkeş ailə başçısı, qədirbilən dost kimi qalır. Qapısını döyən, qəbuluna düşən heç kəs onun yanından naümid qayıtmayıb. Onun vəzifədə olduğu zamanda Sım və qonşu kəndlərin bir sıra sosial çətinlikləri aradan qaldırılıb, əhalinin rifah səviyyəsi yaxşılaşıb.

Həmzəağa Baxşiyevdən nəsil şəcərəsinin tarixini soruşmamışıq. Ancaq müşahidələrimizdən çıxardığımız qənaət budur ki, əgər belə dərin bir araşdırma aparılsa, ziyalılığı, alicənablığı, kübarlığı ilə örnək olan Həmzə müəllimin nəcabətli nəslinin köklərinin Rüstəm Zala, Şah İsmayıl Xətaiyə, ya da bu tarixi şəxsiyyətlərin hər ikisinə bağlandığının aşkarlanması əsla təəccüb doğurmaz.

El ağsaqqalı Həmzəağa Baxşiyevə uzun ömür, can sağlığı, gənclərimizə isə onun malik olduğu gözəl insani keyfiyyətləri əxz etmələrini arzulayırıq.

Məleykə Hafizqızı

 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar