Xəzər rayon gəncləri Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət ediblər

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə rayon gənclərinin Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, onların Azərbaycan Ordusunun şərəfli döyüş yolu, hərbi ənənələri və qəhrəmanlıq səlnaməsi barədə məlumatlılığını artırmaq olmuşdur.
Ekskursiya zamanı gənclər muzeyin zəngin ekspozisiyası ilə tanış olaraq, müxtəlif dövrlərə aid hərbi geyimlərə, silah nümunələrinə, tarixi sənədlərə və foto materiallara baxış keçirmişlər. Onlara Azərbaycan Silahlı Qüvvələrinin formalaşması, ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər, 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə və lokal antiterror tədbirləri barədə ətraflı məlumat verilmişdir.
Xüsusilə Vətən müharibəsinə və antiterror tədbirlərinə həsr olunmuş bölmələr gənclərin böyük marağına səbəb olmuşdur. Şəhidlərimizin əziz xatirəsini və qazilərimizin şücaətini əks etdirən eksponatlar iştirakçılarda qürur hissi yaratmış, onların milli dəyərlərə bağlılığını daha da gücləndirmişdir.
Sonda iştirakçılar ekskursiyanın hərb tariximiz və milli qəhrəmanlarımız haqqında biliklərinin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edərək, belə tədbirlərin mütəmadi təşkilinin vacibliyini vurğulamış və təşkilatçılara təşəkkürlərini bildirmişlər.
Qəni Hüseynov





















