Baş Prokurorluqda Geniş Kollegiya iclası keçirildi - Foto

Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Geniş Kollegiya iclası keçirilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
İclas baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə videokonfrans rejimində baş tutub.
Giriş nitqi ilə çıxış edən Baş prokuror cari ilin birinci yarımilində ölkəmizdə ictimai-siyasi, iqtisadi, hüquqi və beynəlxalq münasibətlər müstəvisində baş vermiş mühüm hadisələrə toxunaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə təsadüf edən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan islahatların və dayanıqlı inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. May ayında Bakıda 58 mindən çox iştirakçının qatıldığı 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi də bu siyasətin uğurunu, Azərbaycanın qlobal urbanizasiya sahəsindəki fəal rolunu və etibarlı tərəfdaş nüfuzunu bir daha sübut edir.
Çıxış zamanı bildirilib ki, regionda və dünyada müşahidə olunan mürəkkəb geosiyasi gərginliklər fonunda cari ilin birinci yarımilində də ölkəmizdə iqtisadi və hazırda dünyanın aparıcı, strateji məsələlərindən biri olan enerji təhlükəsizliyi, xüsusən də, aktuallıq kəsb edən Yaşıl enerji sahələri diqqətdə saxlanılmaqla yeniliklərə imza atılmış, bu sahələrdə tərəfdaşlıq münasibətləri daha da inkişaf etdirilib.
Qeyd edilib ki, 2026-cı ilin birinci yarımilində də ölkə rəhbəri və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa, yenidənqurma və məskunlaşma siyasəti ardıcıl şəkildə davam etdirilib, həmin ərazilərin sosial-iqtisadi inkişafı və Böyük Qayıdış Proqramının uğurla icrası daim diqqət mərkəzində saxlanılıb.
Ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, hüquq qaydasının möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə sahəsində görülən sistemli tədbirlərin nəticəsi olaraq, hesabat dövründə qeydə alınmış cinayətlərin sayında azalma müşahidə edilib.
Daha sonra Baş prokuror prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd etdib.
Bildirilib ki, cari ilin birinci yarımilində ölkə ərazisində 15420 cinayət qeydə alınmaqla onların 90,7 %-nin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi *7893 cinayət işinin istintaqı tamamlanmışdır ki, onlardan da 470-i prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları tərəfindən 269, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə müəyyən edilmiş maddi ziyandan istintaq tədbirləri ilə 27 milyon 152 min manatın ödənilməsi təmin edilmiş, 3 milyon 485 min manat məbləğində əmlak üzərinə isə həbs qoyulmuş və müəyyən edilən ziyanın tam ödənilməsi üçün hazırda tədbirlər davam etdirilir.
Qeyd olunub ki, “Elektron prokurorluq” informasiya sistemi hesabat dövründə daha da təkmilləşdirilmiş, aidiyyəti modulların funksionallığı məhkəməyədək icraatın elektron qaydada aparılmasına uyğunlaşdırılmış, EPİS-də yeni modullar yaradılmış və bu sistemin inteqrasiya imkanları genişləndirilmiş, süni intellektin imkanlarından yararlanmaq məqsədilə yüksək səmərəlilik göstəricilərinə malik bir neçə süni intellekt modeli hazırlanaraq əməkdaşların istifadəsinə verilib.
Hesabat dövründə ölkə rəhbərinin siyasi fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri olan korrupsiyaya və rüşvətxorluğa qarşı barışmaz mübarizə xətti əvvəlki illərdə olduğu kimi ardıcıl şəkildə davam etdirilib. Bu çərçivədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya xarakterli cinayətlərin və hüquqpozmaların daha geniş yayıldığı idarəetmə və xidmət sahələri müəyyən edilib, həmin əməlləri törətmiş vəzifəli şəxslər ifşa olunaraq məhkəmə məsuliyyətinə verilib.
Cari ilin birinci yarımilində ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 6 qəsdən adam öldürmə cinayətindən 2-nin Baş Prokurorluğun İstintaq idarəsi, 4-nün isə tabe rayon və şəhər prokurorluqları tərəfindən açılmasını bildirən Baş prokuror həmin cinayətlərin açılmasında prokurorluq orqanları ilə daxili işlər orqanları arasında səmərəli və koordinasiyalı fəaliyyəti xüsusi qeyd edib.
Prokurorluq orqanları tərəfindən 563 apellyasiya və 155 kassasiya protestləri verilmiş, 355 apellyasiya və 55 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmələr tərəfindən yol verilmiş hüquqi xarakterli uyğunsuzluqlar aradan qaldırılıbr.
Hesabat dövründə Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci ildə qəbul etdiyi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın uğurla icra olunduğu, amnistiya aktının ümumilikdə 22935 şəxsə şamil edilməsinin cəza siyasətinin humanist prinsiplərinin həyata keçirilməsinə, məhkumların islah olunmasına mühüm töhfə verdiyi qeyd edilib.
Təəssüf hissi ilə qeyd edilib ki, Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2026-cı ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 2 nəfər həlak olub, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 430 şəxs bu terrorun qurbanı olub, onlardan 73 nəfəri həlak olub, 357 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.
2026-cı ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar 916 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilməklə, inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunub.
Qeyd edilib ki, Baş Prokurorluğun “961 Çağrı Mərkəzi”nə 2026-cı ilin birinci yarımilində daxil olmuş müraciətlərdən 13305-i üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 2576 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılıb.
Kollegiya iclasında qeyd olunub ki, Baş Prokurorluqda aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 6-na töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub.
Həmçinin diqqətə çatdırılmışdır ki, hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, nümunəvi fəaliyyətlərinə görə 110 prokurorluq işçisi həvəsləndirilib, eyni zamanda işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 30 ştat vahidi üzrə 28-ci növbəti müsabiqə elan edilib.
Eyni zamanda hesabat dövründə xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr daha da genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 33 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası, həmçinin müvafiq məhkəmə qərarları əsasında xarici ölkələr tərəfindən beynəlxalq axtarışa verilmiş 13 şəxsin aidiyyəti üzrə təhvil verilməsi təmin edilib.
Vurğulanıb ki, 2026-cı ilin birinci yarımilində də vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Baş prokuror tərəfindən Respublikanın 14 şəhər və rayonunda 400-dən artıq vətəndaşın qəbulu həyata keçirilib.
Qeyd edilənlərlə yanaşı Kollegiya iclasında həmçinin hesabat dövründə əldə olunmuş müsbət nəticələrlə yanaşı, müvafiq dövr ərzində xidmət zamanı, habelə görülmüş işlərə dair nəticələrin yekun təhlilləri əsasında müəyyən olunmuş nöqsan və çatışmazlıqlara münasibət bildirilmiş, onların aradan qaldırılması, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyin və prokuror nəzarətinin təşkili, əvvəlki illərdən bağlı qalmış cinayət hadisələrinin açılması istiqamətində aidiyyəti hüquq mühafizə orqanları ilə birgə əməliyyat və istintaq hərəkətlərinin həyata keçirilməsi, fiziki və hüquqi şəxslərə dəymiş maddi ziyanın ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə bağlı fəaliyyətin təşkili keyfiyyətinin artırılması və təkmilləşdirilməsi istiqamətində icrası zəruri olan tapşırıqlar qarşıya mühüm vəzifə kimi qoyulub.
Bundan əlavə 2026-cı ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün Bakı şəhərində keçiriləcəyi diqqətə çatdırılmaqla tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi istiqamətində görülən işlərin intensiv qaydada davam etdirilməsi tapşırılıb.
Daha sonra Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Heydər Məmmədov, habelə Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədov hesabat dövründə fəaliyyət, bu zaman yol verilmiş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi haqqında Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, habelə Qobustan, Xocalı rayon və Ağdam hərbi prokuroru hesabat dövründə görülmüş işlərlə bağlı məruzələrlə çıxış edib, müzakirələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.
Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Prokurorluğu orqanları və əməkdaşlarının hər zaman olduğu kimi bundan sonra da dövlətimiz və xalqımızın mənafeyi, eləcə də maraqları naminə qanunla müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə öz üzərlərinə düşən vəzifələri bütün bilik və peşə bacarıqlarını səfərbər etməklə, əzmlə və layiqincə icra edəcəklərinə, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin uğurla icrasına öz xidmətləri ilə dəstək olacaqlarına əminliyini ifadə edib.






















