İmişlidə 600-dən yüksək bal toplayan məzunlarla görüş keçirilib

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev 2025/2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq tələbə adını qazanan rayon məzunları ilə görüş keçirib.
Sentyabrın 4-də İmişli rayonunun Heydər Əliyev Mərkəzində keçirilən görüşdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevlə yanaşı, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, məktəb direktorları, yüksək nəticə göstərən məzunlar, onların valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tələbə adını qazanan gəncləri əldə etdikləri yüksək nəticə münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb. İcra başçısı gənclərə müraciət edərək ali təhsil müddətində bilik və bacarıqlarını daim inkişaf etdirmələrini, seçdikləri ixtisas üzrə peşəkar mütəxəssis kimi formalaşmalarını və gələcək fəaliyyətləri ilə müstəqil Azərbaycana layiqli xidmət göstərmələrini tövsiyə edib.
Elçin Rzayev çıxışında Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına, gənclərin hərtərəfli formalaşmasına və onların yüksək səviyyəli bilik əldə etməsinə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Bildirilib ki, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, ölkədə təhsil sahəsində mühüm islahatlar həyata keçirilir və gənclərin inkişafı üçün geniş imkanlar yaradılır.
İcra başçısı qeyd edib ki, müasir dövrdə yüksək nəticə göstərən gənclərin qarşısında yalnız ali təhsil almaq deyil, həm də sürətlə dəyişən dünyada yeni biliklərə yiyələnmək, innovativ düşüncəyə sahib olmaq və ölkənin gələcək inkişafına töhfə vermək kimi mühüm vəzifələr dayanır.
Çıxış zamanı rəqəmsal texnologiyaların və süni intellektin müasir dünyanın inkişafında artan roluna da diqqət çəkilib. Bildirilib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclası ölkəmizdə rəqəmsal inkişaf və süni intellekt istiqamətində qarşıya qoyulan hədəflərin əhəmiyyətini göstərir.
Vurğulanıb ki, əsas məqsəd yalnız müasir texnologiyalardan istifadə edən deyil, eyni zamanda onların yaratdığı imkanları düzgün və məsuliyyətli şəkildə dəyərləndirən, kibertəhlükəsizlik qaydalarına əməl edən, yaradıcı düşüncəyə və geniş dünyagörüşünə malik gənc nəsil yetişdirməkdir.
Görüşdə çıxış edən məzunlar və onların valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Gənclər qazandıqları uğurun onlar üçün böyük məsuliyyət yaratdığını bildirərək, bundan sonrakı mərhələdə də səylə çalışacaqlarını, seçdikləri ixtisas üzrə dərin biliklərə yiyələnərək ölkəmizin inkişafına töhfə verən layiqli mütəxəssislər olmağa çalışacaqlarını qeyd ediblər.
Tədbirdə məktəb direktorları və təhsil nümayəndələri də çıxış edərək yüksək nəticə göstərən məzunların uğurunun müəllim, valideyn və şagird əməyinin birgə nəticəsi olduğunu bildiriblər.
Sonda 2025/2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq tələbə adını qazanan İmişli rayon məzunları qiymətli hədiyyələrlə mükafatlandırılıb və İmişli Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.
Görüş xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.
Məmmədov Əlifağa
Qanun və hədəf qəzetinin bölgə muxbiri































