Xəzər rayonunda yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

11 sentyabr 2026-cı il tarixində Xəzər rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Zirvəyə gedən yol: Təhsil və gələcəyin memarları” adlı tədbir keçirilib.
YAP Xəzər Rayon Təşkilatının inzibati binasında keçirilən görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Gülşən Paşayeva və Günay Əfəndiyeva, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, Aparatın sektor müdirləri və əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və müəllimləri, tələbə adını qazanan gənclər və onların valideynləri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tələbə adını qazanan gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin təhsil strategiyasının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini, Xəzər rayonunda təhsil infrastrukturunun müasir tələblərə uyğun olaraq davamlı şəkildə yeniləndiyini vurğulayıb.
E.Salahov bildirib ki, dövlət qayğısının nəticəsi olaraq 2025-2026-cı tədris ilində Xəzər rayonu üzrə 61 abituriyent 600-dən yuxarı bal toplayıb. Xüsusilə təhsillərini Qarabağ Universitetində davam etdirəcək gənclərin sayının artmasının qürurverici hal olduğunu diqqətə çatdırıb.
Milli Məclisin deputatları Gülşən Paşayeva və Günay Əfəndiyeva çıxışlarında gənclərin təhsil sahəsində qazandıqları yüksək nəticələrin ölkəmizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək tələbə adını qazanan gəncləri təbrik edib, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıblar. Deputatlar dövlət tərəfindən gənclərin təhsilinə göstərilən diqqət və qayğının onların uğurlarında mühüm rol oynadığını vurğulayıblar.
YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov da çıxış edərək yüksək nəticə göstərən gəncləri təbrik edib. O, əldə olunan uğurların rayonun təhsil sahəsindəki nailiyyətlərinin göstəricisi olduğunu bildirib və gənclərə gələcək təhsil həyatlarında əzmkarlıq göstərməyi, daim öz üzərlərində çalışmağı və qazandıqları uğurları daha böyük nailiyyətlərlə davam etdirməyi tövsiyə edib.
Görüşdə ali məktəbə qəbul imtahanında 675 bal toplayan Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın məzunu, Bakı Ali Neft Məktəbinin tələbəsi Hüseyn Əfqan oğlu İbrahimli və təhsildəki yüksək nailiyyətlərinə görə gümüş nişanla təltif olunan, qəbul imtahanında 626,9 bal toplayan 26 nömrəli tam orta məktəbin məzunu, Bakı Dövlət Universitetinin tələbəsi Ayan Vüqar qızı Əliyeva çıxış ediblər.
Gənclər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Xəzər gəncləri adından təşəkkürlərini bildiriblər.
Sonda Xəzər rayon təhsil işçiləri adından 183 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Rəhilə Abbasova çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsil həyatlarında uğurlar və yeni nailiyyətlər arzulayıb.
Tədbir zamanı 2025-2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək 600-dən yuxarı bal toplayan gənclər Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən diplomlarla təltif olunublar.
Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.
Qəni Hüseynov
Qanun və hədəf qəzetinin şöbə müdiri



























