Şəhid Vüsal Salamovun doğum günü anılıb

Xəzər rayonunda Vətən müharibəsi şəhidi Vüsal Yəhya oğlu Salamovun doğum günü münasibətilə anım mərasimi keçirilib. Şəhidin əziz xatirəsinin yad edildiyi tədbirdə onun keçdiyi şərəfli həyat yolu, Vətən qarşısındakı xidmətləri və torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıq bir daha ehtiramla xatırlanıb.
Anım mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və yerli sakinlər iştirak ediblər.
Tədbir iştirakçıları Vətən müharibəsi şəhidi Vüsal Salamovun əziz xatirəsini ehtiramla yad edib, onun həyat və döyüş yolundan söz açıblar. Bildirilib ki, Vüsal Salamov Vətənə, torpağa və dövlətə bağlılığı, yüksək vətənpərvərlik ruhu və mərdliyi ilə seçilən gənclərdən biri olub. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən müharibəsində iştirak edərək torpaqlarımızın azadlığı naminə canından keçib və şəhidlik zirvəsinə ucalıb.
Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və fədakarlıq nəticəsində torpaqlarımız işğaldan azad edilib. Bu tarixi Zəfərin əldə olunmasında Vətən uğrunda canını fəda edən şəhidlərimizin müstəsna xidmətləri var. Vüsal Salamovun da şərəfli döyüş yolu xalqımızın yaddaşında daim yaşayacaq.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında şəhid Vüsal Salamovun Vətənə bağlı, mərd və vətənpərvər bir gənc olduğunu qeyd edib. Bildirib ki, şəhidimizin keçdiyi həyat yolu və döyüşlərdə göstərdiyi qəhrəmanlıq gənc nəsil üçün əsl örnəkdir. Onun Vətən qarşısındakı fədakarlığı heç vaxt unudulmayacaq, əziz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.
Tədbirdə şəhid ailələrinə göstərilən dövlət qayğısından da bəhs olunub. Qeyd edilib ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli və müraciətlərinə həssaslıqla yanaşılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu diqqət və qayğı şəhid ailələri tərəfindən də yüksək qiymətləndirilir.
Şəhidin ailə üzvləri çıxış edərək Vüsal Salamovun xatirəsinə göstərilən ehtiramdan məmnunluqlarını ifadə edib, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər. Onlar bu münasibətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Anım mərasimi bir daha göstərib ki, Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi xalqımız üçün əbədidir. Vüsal Salamov kimi igidlərin həyat və döyüş yolu gələcək nəsillərə Vətən sevgisi, mərdlik və fədakarlıq nümunəsi olaraq daim xatırlanacaq
Qəni Hüseynov
Qanun və hədəf qəzetinin şöbə müdiri




















