İlham Əliyevin dəyərlər sistemində dövlət birinci yerdədir
Baxılıb: 703 Tarix: 02-01-2018 21:22
Ulu Öndər Heydər Əliyevin bütün uğurların fövqündə duran məslək, milli ideya və qüdrətli məfkurə-azərbaycançılıq ideologiyası - milli-mənəvi dəyərlərin qorunması, təbliğ edilməsi sahəsində irəliləyişlərin rəhni baxımından mükəmməl bir ideologiya və dəyərli ideya kimi Azərbaycan reallığında bərqərar olmuş və Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Vaxtilə “Bizim üçün bir tarixi amil-azərbaycançılıq ideologiyası var” deyən Ulu Öndər Heydər Əliyevin qənaətincə, bu, Azərbaycan insanının dövlətçilik düşüncəsinin əsasını təşkil edən milli, mənəvi, mədəni, ədəbi, tarixi, siyasi, iqtisadi dəyərlər sisteminin ümumiləşdirilmiş məcmusudur. Ulu Öndər “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq... Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Öz siyasi varisinin siyasi və mənəvi keyfiyyətləri haqqında müdrik sözlər deyən Ulu Öndər, bütün sahələrdə olduğu kimi, Azərbaycançılığın inkişafında da cənab İlham Əliyevin uğurlara imza atacağını qətiyyətlə bildirirdi.
“Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, Mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
(Dərin hörmətlə, Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti, 1 oktyabr 2003-cü il).
Planetar təfəkkürlü siyasi lider cənab İlham Əliyevi yeni dövrün dövlət başçısı kimi səciyyələndirən akademik Ramiz Mehdiyev yazır: “İlham Əliyevin dövlətlə, dövlətin inkişafı ilə bağlı baxışları məlumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir. O, fəaliyyətində ardıcıl və praqmatikdir, rasional və səmimidir. Onu fərqləndirən cəhət budur ki, O, fəaliyyət dairəsi məhdud olan məmur deyil, əksinə, geniş baxışlara malik siyasətçidir. Onun üstünlüyü bundadır. Azərbaycana məhz belə siyasətçi gərəkdir. Çünki alman dəqiqliyini və məsuliyyətini azərbaycanlıların açıqlığı, səmimiliyi və dini dözümlülülüyü ilə birləşdirməyə Azərbaycanın ehtiyacı var. Bütün bunlar səmərəli işləməyi, qayda-qanunu bərqərar etməyi və hələ bir çox həll edilməmiş problemləri olan ölkədə müasir dövlət və cəmiyyət qurmağı öyrənməyə imkan verəcəkdir.
İlham Əliyevin dəyərlər sistemində dövlət birinci yerdədir. “Güclü dövlət” və “dövlətin modernləşdirilməsi” - İlham Əliyevin dəyərlər sisteminin iki tərkib hissəsi, bax, bunlardır. Bunlara, məsələn, Prezident İlham Əliyevin xəttinə - güclü dövlət, sabit ictimai inkişaf və yeni təfəkkür tərzinin formalaşdırılmasına sadiqlik kimi daha bir mühüm ideyanı da əlavə etmək olar”.
Möhtərəm Prezidentimizi ad günü münasibətilə ürəkdən təbrik edir, Azərbaycanda inamla həyata keçirdiyi hüquqi dövlət, sivil cəmiyyət quruculuğu prosesində uğurlar arzulayıram.
İradə Sarıyeva
"Premium"klinikasının Şüa-Diaqnostika həkimi
24 dekabr 2018-ci il.
Ən çox oxunanlar
Son xəbərlər