AZTV sədri və qızını öldürmək istəyənlərlə bağlı YENİ XƏBƏR
Baxılıb: 511 Tarix: 18-05-2018 14:06
AZTV sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinovun, Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Qanunvehedef.az-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Hüseynov ifadə verib. O, digər təqsirləndirilən şəxslər tərəfindən təzyiqə məruz qaldığını deyib: "İfadəmi dəyişdirməmi tələb edirlər, hədələyirlər. Onlar qohumlarımın üstünə adam göndəriblər ki, ifadəmi dəyişim".
Prosesdə zərərçəkmiş şəxs qismində Arif Alışanovun bacısı oğlu Dəyanət Cəfərov danışıb. O bildirib ki, Şamaxıda torpaq almaq üçün təqsirləndirilən Ş.Əkbərova müraciət edib: "Torpaqları Şücaət tapıb, danışırdı. Qiymətləri də onun özü danışırdı".
D.Cəfərov həmçinin hadisə günüylə bağlı da ifadə verib: "Arif müəllim Şücaətin maşınında gəlirdi. Bizim maşını isə Hacı sürürdü. Arxadan bizim maşını Zöhrab avtomobili ilə vurdu. Zöhrabın maşını aşdı. Yaxınlaşdıq, sonra onu maşına mindirib xəstəxanaya apardıq. Bu, təsadüfi qəzaya oxşamırdı. O, hadisəni qəsdən törədib".
D.Cəfərov ifadə verən zaman təqsirləndirilən Ş.Əkbərov müdaxilə edib. Bu zaman hər iki şəxs arasında mübahisə düşüb. Hakim Ş.Əkbərova xəbərdarlıq edib.
D.Cəfərov Şamaxının Çuxuryurd kəndində 300 min manata ferma, 600 min manata isə torpaq aldığını deyib: "Sonuncu dəfə Şücaətə torpağın alınması üçün 37 min manat və 19 min dollar pul vermişik. Şücaət torpaqları öz adına keçirdi".
Vəkil Bəxtiyar Hacıyev zərərçəkmişdən soruşub ki, həmin pulların necə qazanılması ilə bağlı və vergi ödəyicisi kimi sənədləri istintaq orqanlarına təqdim edibmi? D.Cəfərov isə deyib ki, heç bir lüzum olmadığı üçün sənədləri təqdim etməyib. Ş.Əkbərov zərərçəkmişin yalan danışdığını bildirib.
Qeyd edək ki, ittihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah, döyüş sursat əldə edib, sifarişlə iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd edib. O, A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib. S.Əkbərov yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçali Cəbiyev, onun vasitəsi ilə isə Zöhrab Şirinov ilə A.Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib. Bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul verəcəyini vəd edib. 2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi A.Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməsini sifariş verib. Lakin sonradan dəstə üzvü M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib.
Ş.Əkbərov 2016-cı ilin dekabr aylarında A.Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q.Cəbiyevə yenidən tapşırıq verib. Q.Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Z.Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib. Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şosesi yolunda hərəkətdə olarkən yüksək sürətdə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.
Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.
Lakin A.Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinovu xəbərdan etməyə imkan tapmayıb.
Plana əsasən, Q.Cəbiyev Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 “NİVA” markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.
S.Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Z.Şirinova verib. Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.
Lakin yenə planları baş tutmayıb. Ş.Əkbərov sürücüsü Aqşin Hüseynov və mütəşəkkil dəstənin üzvü Q.Cəbiyev vasitəsilə avtomat silahı Z.Şirinovdan geri alaraq, yenidən A.Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəşlər açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu təlimatlandırıb.
M.Namazov dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib. Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb.
Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.
Ən çox oxunanlar
Son xəbərlər