Dünyanın ən varlı terror təşkilatı məlum oldu
Modern.az xəbər verir ki, İŞİD Avropa biznesinə qanuni şəkildə investitsiya qoyan müvəfəqiyyətli investitsiya fonduna malik imiş.
Bu barədə Fransanın "Avropa 1" radiostansiyası respublikanın kəşfiyyat mənbələrinə istinadən məlumat verib.
Məlumata görə, İŞİD bəşər tarixində ən zəngin terrorçu qrupdur, o, qanuni şəkildə Avropa biznesinə yatırılan üç milyard avro dəyərində aktivlərə sahibdir. "Avropa 1" qeyd edir ki, belə bir məbləğə İŞİD Fransanın hava daşıyıcısı — Air France şirkətini satın ala bilər.
Təşkilat üzvləri bu pulun bir hissəsini nəzarətlərində olan ərazilərdə baş tutan istənilən razılaşmanın 10 faizi kimi, qısa saqqala, siqaret çəkməyə və ya qadınların üzünün yetərli qədər örtülü olmamasına görə aldıqları pullar hesabına toplayıb.
Fransanın "Le Monde" qəzetinin xəbərinə görə, pulun bir hissəsi balıqçılığa, yəni İraqda sazan yetişdirilməsinə qoyulub. İŞİD yaxın Şərqdəki bir çox ölkədə, eləcə də Türkiyədə sərmayə yatırımı edib.
Bundan əlavə, İŞİD-in pul toplamaq yollarından biri də terroristlərin tərəfdarlarının çoxsaylı hədiyyələridir. Dekabr ayında amerikalı qadın terrorçulara bitkoin təhvil verməyə çalışdığı zaman ələ keçib. (sputnik.az)