Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:
“Oktyabrın 23-ü saat 00:10 radələrində paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayevin bıçaq xəsarətlərindən qətlə yetirilməsi ilə nəticələnən hadisə baş verib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, eləcə də Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.
Qeyd olunan şəxslərin cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirməklə, mütəmadi qanunsuz fəaliyyətlə məşğul olduqları, kriminal araşdırmalar aparmaqla hədə-qorxu ilə pul tələb edilməsi, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq üçün odlu, həmçinin soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması məqsədilə cinayətkar birlik yaratdıqları, eləcə də onun fəaliyyətində iştirak etdikləri müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə bütün halların, saxlanılanların hər birinin cinayətdə iştirakının, cinayətkar birliyin fəaliyyət istiqamətləri və əlaqələrinin müəyyən edilməsi məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
Qanunvehedef.az




















