Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

NATO-Rusiya toqquşmasının yeni mərhələsi - General Ostin Qara dəniz ölkələrində hansı mesajları verdi?

Baxılıb: 309     Tarix: 22-10-2021 15:33   

Həftənin önəmli hadisələrindən biri ABŞ müdafiə nazirinin postsovet məkanına, o cümlədən Cənubi Qafqaza səfəri idi. Avropa səfərinə çıxan Pentaqon rəhbəri Lloyd Ostin əvvəlcə Gürcüstanı, sonra Ukraynanı ziyarət edib, oradan Rumıniyaya getdi. Turne Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin görüşündə iştirakla yekunlaşıb.
Rusiya prezidenti Vladimir Putin Looyd Ostinin səfərinə dərhal reaksiya verib. Kreml rəhbəri oktyabrın 21-də Qara dəniz sahilindəki Soçi şəhərində, Valday Müzakirə Klubunda keçirdiyi görüş zamanı deyib ki, Ukraynanın Qərbin dəstəyi ilə hərbi inkişafı Moskvaya real təhlükə təşkil edir.
"Ukraynanın NATO-da rəsmi üzvlüyü olmaya da bilər, lakin ərazinin hərbi inkişafı artıq göz qarşısındadır. Bu, Rusiyaya həqiqətən də təhlükə təşkil edir. Biz bundan agahıq",-deyə Putin sözlərinə əlavə edib.
Rusiya prezidenti onu da bildirib ki, ABŞ müdafiə nazirinin Kiyevə səfəri Ukraynanın NATO üzvlüyünə yol açıb.
Siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, bizim üçün daha önəmli olan Vaşinqtondan gəlmiş yüksək səviyyəli emissarın qonşu Gürcüstanda səsləndirdiyi bəyanatlar və ABŞ-ın bölgə siyasəti ilə bağlı verdiyi ipucları idi. Ekspert xatırladır ki, ötən il Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədən sonra sülhmərmalı adı altında öz hərbi kontingentini Qarabağa yerləşdirən Rusiya imzalanan üçtərəfli anlaşmalarla sülh və əməkdaşlıq prosesinin yeganə moderatoru qismində regionda mövqelərini daha da möhkəmləndirib.
Onun sözlərinə görə, Qərbdən olan vasitəçilər ABŞ və Fransa isə formal olaraq ATƏT-in Minsk Qrupunda Rusiya ilə bərabərhüquqlu vasitəçi kimi qalsalar da, real olaraq bu prosesdə ikinci dərəcəli oyunçuya çevriliblər.
"Parisin bu durumdan məmnun olmadığı, zaman-zaman hadisələrin gedişinə müdaxilə arzusu və cəhdləri nəzərə çaprsa da, Vaşinqtonda xüsusi bir narahatlıq hiss olunmur. General Ostinin səfəri göstərdi ki, Cənubi Qafqazın “geosiyasi baxımdan bölünmüş region” mənzərəsi davam edəcək. ABŞ Gürcüstanı Azərbaycan və Ermənistandan ayrı tutur, onun Tiflislə münasibətlərinin tamam fərqli strateji səviyyəsi var",-deyə təhlilçi vurğulayıb.
Şahin Cəfərli deyir ki, Pentaqon başçısı Gürcüstanın 3+3 formatında iştirakına isti baxmadıqlarını açıq ifadə etdi:"Tiflisdə bu mövzuda sualı cavablandıran Lloyd Ostin bildirdi ki, Gürcüstan ərazilərini işğal etmiş Rusiya yeni platformadan danışmazdan əvvəl 2008-ci il 12 avqust tarixli atəşkəs razılaşmasını yerinə yetirməlidir. 


Cənubi Osetiya savaşının yekununda imzalanmış həmin anlaşmada Rusiya ordusunun müharibədən əvvəlki mövqelərə geri çəkilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, Rusiya Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb və orada hərbi bazası var. 2008-ci il sazişinin yerinə yetirilməsi isə qazandıqlarından imtina anlamına gələcəyindən, Rusiyanın buna razı olacağı inandırıcı görünmür. 
Uzun sözün qısası, bu şərtlərdə işğalçı ilə işğalın qurbanının eyni əməkdaşlıq formatında yer alması çətin məsələdir. İran-Azərbaycan münasibətlərində yaranmış gərginlik və Bakı ilə Tehran arasında qarşılıqlı etimadsızlığın dərinləşməsi, paralel olaraq, Orta Şərqdəki Türkiyə-İran rəqabətinin Cənubi Qafqaza proyeksiyası, İranın “Zəngəzur dəhlizi”nin reallaşmasını özünün milli təhlükəsizliyinə təhdid kimi qəbul etməsi də 3+3 formatı çərçivəsində səmərəli və səmimi əməkdaşlığın mümkünlüyü ilə bağlı suallar yaradır".
Ekspert qeyd edir ki, ABŞ müdafiə nazirinin səfər trayektoriyası diqqəti cəlb edir. Onun sözlərinə görə, Rusiyanın Krımın ilhaqından sonra Qara dənizdə möhkəmlənməsi NATO-nun ciddi narahatlığına və öz strategiyalarını dəyişdirməsinə səbəb olub.
"Bu səbəblə, ilhaqdan bu yana NATO dənizdə patrul fəaliyyətlərinə start verib – mütəmadi olaraq ABŞ, Britaniya və ittifaqın Qərbdən olan digər böyük dövlətlərinin hərbi gəmiləri dənizə daxil olur, Odessa və Poti limanlarına yanaşırlar. ABŞ və NATO Qara dənizin bir “Rus gölü” halına gəlməsinə imkan vermək istəmir. Məlum olduğu kimi, ABŞ talassokratik dövlətdir, yəni dəniz gücüdür. Vaşinqtondakı qərarvericilər bəzən bunu sanki unutsalar da (məsələn, Əfqanıstanda 20 il qalmaq), ABŞ hegemoniyası dünya okeanına – dəniz yollarına nəzarətə əsaslanır. Dünya okeanı yer səthinin 70 faizini əhatə edir, dünya ticarətinin – daşımaçılığın 80 faizindən çoxu isə dənizlər vasitəsilə həyata keçirilir. Yəni, dünya okeanına kim hökm edirsə, dünyaya da o hokm edir, bu səbəbdən ABŞ qurudan keçən dəhlizlərə xüsusi önəm vermir, çünki bu dəhlizlər də son nəticədə gəlib dənizlərə dirənir. ABŞ-ın postsovet məkanında Ukrayna və Gürcüstana xüsusi diqqəti onların məhz dənizə çıxışa malik olmasından qaynaqlanır",-deyə Ş. Cəfərli vurğulayıb.
Siyasi təhlilçi xatırladır ki, Lloyd Ostin Tiflisdə “Gürcüstanın müdafiəsinin gücləndirilməsi təşəbbüsü”nü elan etdi. Onun sözlərinə görə, konkret detallar hələ məlum olmasa da, iki ölkə hərbi əməkdaşlığının yeni səviyyəyə qaldırıldığını söyləmək mümkündür: "Amma bu, hələlik Gürcüstanın təhlükəsizlik qarantiyası alması demək deyil, belə bir təminatı NATO üzvlüyü verə bilər. ABŞ Gürcüstanın və Ukraynanın NATO-ya qəbulunu dəstəkləyir, L.Ostin Kiyevdə bəyan etdi ki, heç bir üçüncü ölkə, o cümlədən Rusiya buna mane ola bilməz. Amma məsələ burasındadır ki, ittifaqın Avropa qanadı daha çox Rusiya amilinə görə hələ də Gürcüstan və Ukraynanın üzvlüyünə qarşıdır. Moskva bu məsələni özünün qırmızı xətti elan edib, Fransa və Almaniya bu xətti keçməməyin və Rusiyanın milli maraqlarına hörmət göstərməyin tərəfdarıdır. Transatlantik əlaqələrdə Tramp dövründən bəri yaranmış problemlər, bu çərçivədə ABŞ-Fransa münasibətlərində anlaşılmazlıqların artması, ABŞ-ın anqlo-sakson dünyası içərisində bloklaşmaya getməsi Parisin Vaşinqtona və onun liderliyindəki NATO-ya etimadsızlığının getdikcə güclənməsi ilə nəticələnib. Rusiya amilini hesaba almasaq belə, başqa bir sual budur ki, Fransa daha 2 proamerikan ölkənin - Ukrayna, Gürcüstan NATO-ya qəbuluna dəstək verərmi? Verərsə, nəyin müqabilində? Bu suallara hələ cavab yoxdur".
Ş Cəfərli bildirir ki, çox şey ABŞ-Rusiya münasibətlərinin hansı tendensiya üzrə inkişafından asılı olacaq. Onun sözlərinə görə, Prezident Bayden seçkiqabağı ritorikasına 180 dərəcə zidd olaraq Rusiya istiqamətində siyasəti yumşaldıb və bu ölkəyə qarşı sanksiya siyasətini faktiki, dayandırıb. 
"O, hətta Konqresin qəbul etdiyi qanunu pozmaq bahasına “Şimal axını-2” layihəsinə sanksiya tətbiqindən imtina edib. Kəmərin tikintisi artıq başa çatıb, hətta boruya yoxlama məqsədilə texniki qaz da vurulub. Kəmərin işə düşməsi üçün son mərhələ onun sertifikasiyasıdır, Almaniyanın müvafiq orqanları uzağı gələn ilin yanvarında bu barədə qərar qəbul etməlidir. Yəni layihə Baydenin “xeyir-dua”sı ilə baş tutmuş sayıla bilər",-deyə təhlilçi sözlərinə əlavə edib.
Ekspert onu da xatırladır ki, Vaşinqton və Moskva hazırda intensiv dialoq rejimində fəaliyyət göstərir:"Oktyabrın 11-13-də ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Moskvaya səfəri bu baxımdan çox mühüm idi. Nuland Rusiyanın sanksiya siyahısında idi, səfər öncəsi bu sanksiya ləğv olundu. Amerikalı elçi prezident köməkçisi Yuri Uşakov, Prezident Administrasiyası rəhbərinin müavini, Ukrayna məsələsini kurasiya edən Dmitri Kozak kimi Putinə yaxın adamlarla, eləcə də xarici işlər nazirini müavini Sergey Ryabkov ilə görüşlər keçirdi. Səfərin yekunları ilə bağlı verilən qısa və məzmunsuz açıqlamalardan konkret nəticələr çıxarmaq mümkün deyil. Amma ABŞ-ın Rusiyadan nə istədiyi ümumi şəkildə məlumdur: Çin məsələsində anqlo-sakson ittifaqının siyasətinə əngəl olmaması, Pekinin yanında yer almaması. Əslində Çinin aşırı güclənməsi və nüfuzunu şimal-qərb istiqamətində yaymağa davam etməsi Rusiyanın da marağına uyğun olmadığından, Moskvanın bu məsələdə Vaşinqtonla hansısa şəkildə anlaşma əldə etməsi qeyri-mümkün ehtimal kimi görünmür. Putinin bir neçə gün əvvəl Çinə Tayvan məsələsini hərbi güc vasitəsilə həll etməməyi məsləhət görməsi bu baxımdan maraqlı mövqedir. Ancaq Ukrayna başda olmaqla, postsovet məkanı Rusiya üçün həyati maraq zonasıdır və aydındır ki, Moskva da öz növbəsində ABŞ-dan bu regiona ekspansiv müdaxilələrdən vaz keçməsini, Ukrayna və Gürcüstanı əvvəlki sahibinə “təhvil verməsini” istəyir və gözləyir".
Şahin Cəfərlinin sözlərinə görə, general Ostinin səfər zamanı verdiyi bəyanatlar – Qara dəniz bölgəsini “ABŞ üçün kritik önəmə sahib region” adlandırması və sahilyanı tərəfdaş-müttəfiq ölkələr Rumıniya, Ukrayna və Gürcüstanın hərbi dəniz qüvvələrinə dəstək verəcəklərini bildirməsi, Rusiyanı Qara dənizdə destabilizasiya yaradaraq vahid, azad və dinc Avropanın yaradılmasına mane olmağa çalımaqda itiham etməsi, Ukraynanın hərbi imkanlarını inkişaf etdirmək üçün mümkün olan hər şeyi edəcəklərini söyləməsi Vaşinqtonun Moskva ilə qapalı müzakirələrdə Ukrayna və Gürcüstanı “satışa” çıxarmadığını söyləməyə əsas verir. 
"Belə görünür ki, amerikalılar sanksiyaların dayandırılmasını, “Şimal axını-2“ layihəsinin icrasına şərait yaradılmasını və enerji bazarında yüksək qiymətlərə mane olunmamasını Rusiyanın yetərli hesab etməsini gözləyirlər. Nulandın səfərindən sonra Rusiya hökumətinin ölkənin NATO-dakı təmsilçiliyini bağlaması və NATO-nun Moskvadakı missiyasının fəaliyyətini dayandırması hələlik tərəflər arasında anlaşma əldə olunmadığını göstərir. Lakin bu addımlar dialoqun kəsilməsi demək deyil", o vurğulayıb.
Təhlilçinin sözlərinə görə, spekulyasiya xarakterli iddialar da var ki, ABŞ Putinin səhhətinin getdikcə pisləşdiyini bildiyi üçün Rusiyaya təzyiqi yumşaldıb və varis planının sakit reallaşmasını, hakimiyyətin adekvat bir adama ötürülməsini gözləyir ki, onunla masaya oturub, anlaşmalar əldə etsin.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar