Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır.
“Qafqazinfo”nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağı bildirilir.
Planlara Ağ Evin yaxınlığındakı Lafayette meydanının yenilənməsi, helikopter meydançasının tikintisi, yeni ziyarətçi təhlükəsizlik mərkəzinin yaradılması və daha əvvəl açıqlanan digər layihələr daxildir.
“Washington Post”un ABŞ hökumətindəki mənbələrə istinadən apardığı araşdırmaya görə, administrasiya Ağ Ev ərazisindəki tikinti layihələrinə ən azı 900 milyon dollar ayırmağı planlaşdırır. Digər xərclərlə birlikdə ümumi məbləğin 927 milyon dollara çatacağı hesablanır.
Qəzetin araşdırmasına əsasən, Tramp administrasiyası bütün vəsaiti birbaşa Konqresdən almaq əvəzinə, müxtəlif dövlət qurumlarından və özəl donorlardan ayrılan pulların Ağ Evin müntəzəm təmiri üçün nəzərdə tutulan xüsusi hesaba yönəldilməsindən istifadə edib.
Layihələrin ən bahalı hissələrindən biri Ağ Evin Şərq qanadında böyük zalın tikintisidir. Daha əvvəl bu layihənin təxmini dəyərinin 600 milyon dollar olduğu və məbləğin təxminən yarısının vergi ödəyicilərinin hesabına ödəniləcəyi bildirilmişdi.
Ağ Evin yenidən qurulması planı hüquqi mübahisələrə də səbəb olub. Federal apellyasiya məhkəməsi administrasiyanın Şərq qanadındakı zalın tikintisini davam etdirmək üçün Konqresin təsdiqinə ehtiyac duyduğuna qərar verib.
Hakimlər Patrisiya A. Millett və Bredli N. Qarsiya qərarda Ağ Ev strukturlarının tikintisi və sökülməsi ilə bağlı səlahiyyətin Konqresə aid olduğunu bildiriblər.
Tramp isə qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Qanunvehedef.az




















