Türkiyədə daha bir dini qruplaşma lideri saxlanıldı

Türkiyənin Adana Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları “Furqan” vəqfinə (Kuytulçular qruplaşması) qarşı əməliyyat keçirib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Akın Gürlek məlumat verib.
Məlumata görə, əməliyyat zamanı vəqfin sədri Alparslan Kuytul və həyat yoldaşı Səmra Kuytul da daxil olmaqla, çoxlu sayda şəxs saxlanılıb.
“Adana Baş Prokurorluğu və Adana Vilayət Polis İdarəsinin birgə keçirdiyi əməliyyatda ictimaiyyət arasında “Kuytulçular” kimi tanınan təşkilatın cinayət hesab edilən fəaliyyətləri və bu fəaliyyətlərdən əldə edilən gəlirlər araşdırılıb.
Şikayətçilərin və şahidlərin ifadələri, maliyyə təhlilləri, bank əməliyyatları, rəqəmsal materiallar və digər sübutlar əsasında 32 şübhəliyə qarşı cinayətkar təşkilat yaratmaq və idarə etmək, cinayətkar təşkilata üzv olmaq, cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulması, fırıldaqçılıq, rəsmi sənədlərin saxtalaşdırılması və Vergi Proseduru Qanununun pozulması cinayətləri ilə bağlı məhkəmə prosesi başlanıb”, - nazir bildirib.
Qanunvehedef.az





















