Bakı regionun iqtisadi simasını dəyişir – Şərh
Baxılıb: 504 Tarix: 16-01-2020 13:23
Dünyada mürəkkəb vəziyyət yaşanır, həmçinin müəyyən risklər öz mənfi təsirlərin göstərir. Azərbaycanda isə bütün proseslər axarınca gedir. Ümumi sabitlik isə qorunub saxlanılır.
Bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirəsini şərh edərkən deyib.
“Daxili siyasi islahatlar və dəyişikliklər olanda sabitliyə təhdidlər daha da artır. Belə proses ölkəmizdə olmadı. Müxalifətin yanlış çağırışları da bir nəticə göstərmədi. Əvvəllər siyasi proseslərdən insanlar çəkinərdi.
Deputatlığa namizədlərin say çoxluğu onu göstərdi ki, ölkə vətəndaşları siyasətə maraq göstərir, yəni etibarlılıq var”, - İ.Vəlizadə qeyd edib.
Politoloq daxili proseslərin Azərbaycanın sosial-iqtisadi vəziyyətinə və xarici siyasətə də müsbət təsirlərini göstərdiyini deyib:
“Xarici ölkələr də siyasi baxımdan sabit və sosial-iqtisadi göstəriciləri yüksək olan ölkələri seçir. Çünki belə ölkələrdə risklər az olur”.
İ.Vəlizadə müxtəlif ölkələr tərəfindən irimiqyaslı layihələr həyata keçirilməsindən də danışıb:
“Neft-qaz layihəsinə çoxlu basqılar olsa da, ölkə başçısının siyasi iradəsi nəticəsində bununla bağlı layihələr özünü təsdiq etmişdir. Cənub-Qaz Dəhlizi layihəsi 3 istiqamətdə qərarlaşıb: Bakı-Tiflis-Ərzurum, TANAP və TAP. Cənubi-Qaz Dəhlizi layihəsi 2017-ci ildə inşası tamamlanaraq istifadəyə buraxılıb. Azərbaycan həmin layihəni öz büdcəsi hesabına inşa edib və o vaxtlar həmçinin siyasi risklər də çox idi. Digər layihələr də mövcuddur. Bakı-Tiflis-Qars layihəsi enerji təhlükəsizliyi baxımından yüksək rol oynayır. Çünki bu dəhlizlə dəmir yolu xətti vasitəsilə Türkmənistan və Qazaxıstandan neft və qaz məhsulları Avropa istiqamətinə daşınır”.
Politoloq Azərbaycanın həyata keçirdiyi layihələrin regionun geosiyasi və geoiqtisadi simasını dəyişdiyini deyib:
“Bu bizim qürurumuzdur. Çünki bir çox ölkələrin meydan oxumağa cəhd göstərdiyi həssas regionda öz siyasətimizi yürüdə bilirik. Xarici layihələrimizdə digər ölkələri də nəzərə alırıq və çalışırıq ki, onlar üçün də mütənasiblik təmin edilsin. Hətta tərəfdaş kimi xarici ölkələrin layihələrimizdə iştirakına da cəhd edirik”.
Azərbaycanın ötən il ərzində ümumdaxili məhsulunun 40 milyard dolları ötməsini vurğulayan politoloq bu gəlirin bir hissəsinin qeyri-neft sektorunun payına düşdüyünü qeyd edib:
“Cənab Prezidentin söylədiyi rəqəmlər də onu göstərir ki, gəlirlər müxtəlif səpkilidir – bunların bir istiqaməti də turizim sahəsindən əldə edilir. Bu sahədə yeni işlər görülüb, infrastuktur layihələr hazırlanıb. On il bundan qabaq bizdə 4-5 ulduzlu otellərin sayı çox idisə, indi 3 ulduzlu otellərin də sayı çoxaldılıb. Üçulduz otellər həmçinin ortatəbəqəli turistlərin Azərbaycana axınını təmin edir. Prezidentin söylədiyi kimi, ölkəmizdə turistik istiqamətlər də çoxalıb. Bu, həm də digər ölkələrlə münasibətlərimizin yaxşılaşmasına gətirib çıxarır. Son illər Rusiyadan ölkəmizə gələn turistlərin sayında artım yaranıb. Rusiya regionda bizim əsas tərəfdaşımıza çevrilib. Rusiyada ictimai rəy Azərbaycanın xeyrinədir”.
Ən çox oxunanlar
Son xəbərlər