"Mehdi Sobhani ermənilərə xoş gəlmək üçün dəfələrlə İran-Azərbaycan münasibətlərinə xələl gətirməyə hesablanmış çıxışlar edib" - DEPUTAT
Baxılıb: 751 Tarix: 30-06-2025 13:02

"İranın Ermənistandakı səfiri Mehdi Sobhanin Qərbi Azərbaycan İcması ilə bağlı səsləndirdiyi əssasız və qərəzli fikirlər qonşuluq siyasətinə, diplomatik prinsiplərə və səfir missiyasının mahiyyətinə uyğun gəlmir"- bunu Sonxeber.az -a açıqlama verən deputat Günay Ağamalı deyib:
"Rəsmi Tehranın tez bir zamanda Mehdi Sobhani ilə əlaqədar ölçü götürməsi zəruridir. Çünki bu şəxs ermənilərə xoş gəlmək üçün dəfələrlə İran-Azərbaycan münasibətlərinə xələl gətirməyə hesablanmış çıxışlar edib və bunu davam etdirir.
Məlum olduğu kimi, İran prezidenti Məsud Pezişkinanın Azərbaycana rəsmi səfərindən sonra iki ölkə arasında münasibətlər uğurla inkişaf edir. Son baş verən proseslər fonunda Cənab Prezident İlham Əliyevin İran prezidentinə başsağlığı verməsi və iki liderin əlaqələrin inkişaf tendensiyasından razılığını ifadə etməsi çərçivəsində Sobhanin təxribat xarakterli iddiaları yolverilməzdir. Bu kontekstdə, Azərbaycan Xarici İşlər Nazirliyinin Tehranın İrəvandakı səfirinin qeyri-obyektiv ifadələrinə operativ və kəskin şəkildə reaksiya verməsi təqdirəlayiqdir.
Səfirin Qərbi Azərbaycanla bağlı səsləndirdiyi fikirlər nəinki tarixi və hüquqi reallıqlara uyğun gəlmir, eyni zamanda bölgədə süni gərginliyin yaranmasına xidmət edir.
Qərbi Azərbaycan Azərbaycanın tarixi torpaqlarıdır və ermənilərin 19-cu əsrin əvvəllərində Rusiya imperiyasının yürütdüyü köçürmə siyasəti nəticəsində bölgəyə yerləşdirilməsi bilinən tarixi faktlardır. Belə olduğu təqdirdə, Mehdi Sobhanin tarixi həqiqətləri inkar etməsi Ermənistanın təbliğat maşınına alət olmaqdan başqa bir şey deyil və ciddi diplomatik məsuliyyətsizlikdir. Çünki Vyana Konvensiyasına əsasən bir ölkənin diplomatik nümayəndəsi yerləşdiyi dövlətdən üçüncü ölkələrlə əlaqədar qərəzli və təxribat xarakterli bəyanatlardan çəkinməlidir. Görünür Tehranın Ermənistandakı elçisi diplomat neytrallığını və təmsil etdiyi dövlətin maraqlarını təqdim edərkən beynəlxalq hüququn normalarının əsas götürülməli olduğunu anlamır. Nəticə etibarilə səfirin bu tip qərəzli ritorikası ilk növbədə İranın regional reputasiyasına zərər vurur".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər