Osman Gündüzdən İTV haqda inanılmaz sözlər
Baxılıb: 557 Tarix: 08-06-2018 15:42
Son bir-iki gündür ki, İTV-nin “Carçı” proqramında həm xəbərin çəkisində və aktuallığında, həm də ümumiyyətlə maraq kəsb etməsində müsbət istiqamətdə dəyişiklik hiss olunur.
Kult.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Balakişi Qasımovun İTV-nin yeni baş direktor gəlməsindən sonra televiziyada gedən dəyişikliklərə münasibət bildirərkən söyləyib. O qeyd edib ki, yaxın gələcəkdə kanalın informasiya siyasətində ciddi dəyişikliklər baş verə bilər:
“Bir neçə məqamda tənqidə meyillilik, mövcud stereotiplərdən kənara çıxmaq müşahidə etdim. Diqqəti cəlb edən həm də aparıcıların müəyyən qədər dinamikliyi, sərbəstliyi, canlılığı, xəbəri həvəslə çatdırmağı idi.
İTV özünün “qızıl dövrünü” İsmayıl Ömərovun dövründə yaşayıb. Belə görünür ki, yeni rəhbərlik İTV-də ciddi dəyişikliklər etmək niyyətindədir. Xüsusən də informasiya departamentində bu hiss olunmağa başlayıb.
Ümid edirəm ki, yaxın zamanlarda digər departamentlərdə, bütövlükdə İTV-də qanunla müəyyən olunan prinsiplər əsasında fəaliyyəti izləyə biləcəyik.
Fikrimcə, İTV-nin fəaliyyətinin yenidən qurulması istiqamətində yeni rəhbərliyin ictimaiyyət nümayəndələri, ekspertlərlə görüşünün də keçirilməsi faydalı ola bilərdi”.
Qeyd edək ki, iyun ayının 1-i İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası tərəfindən Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.
Ən çox oxunanlar
Son xəbərlər